Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-251/2021 02.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X3 qızının katibliyi ilə xx xxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsindən daxil olmuş 06 yanvar 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 06 yanvar 2021-ci ildə saat 07:29-da “Volkswagen Touareg” minik markalı 99UG364 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Həmin material 27 yanvar 2021-ci ildə Suraxanı Rayon Məhkəməsinə daxil olmuş, məhkəmənin 11 fevral 2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat miqdarında cərimə edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi üzrə əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinə göndərilmişdir. Şəxs şikayətinə əsasən materiala apelyasiya instansiyası məhkəməsində baxılmış və Bakı Apelyasiya Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərarı ləğv edilərək material hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt alkoqol sərxoşluğu vəziyyətində olmayıb. Buna baxmayaraq, polis əməkdaşları onun sərxoş vəziyyətdə olduğunu bildirərək məsələni yüngül cərimə ilə həll edəcəklərini bildirmiş və onu bu üsulla aldadaraq protokolda öz xətti ilə qeydiyyat aparıb pivə qəbul etdiyini yazmasını təklif etmişlər. Həmin vaxt tələsdiyinə görə polis işçilərinin təklifini qəbul etmiş və protokolda guya ki, pivə içdiyini göstərmişdir. Lakin sonrakı hadisələr polis əməkdaşlarının ona söz verdikləri kimi baş verməmişdir. Belə ki, onun avtomobilinin cərimə meydançasına aparılmalı olduğu bildirilmiş, daha yaxın ərazidə cərimə meydançası olduğuna baxmayaraq, avtomobili Qalada yerləşən cərimə meydançasına aparılaraq, məsələni həll etmək üçün Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinə getməli olduğu bildirilmişdir. Aldadıldığını başa düşüb taksi ilə «Nizami» metro stansiyasının yaxınlığında yerləşən müvafiq tibb məntəqəsinə getmiş, orada öz təşəbbüsu ilə tibbi müayinədən keçmiş və tamamilə ayıq olduğu müəyyən edilmişdir. Daha sonra Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinə gedərək müvafiq tibbi sənədi təqdim etmiş, lakin ona bildirmişlər ki, 500 manat miqdarında cərimə edilir. Cərimə miqdarı 400 manat olduğu halda hansı səbəbdən 500 manat cərimə olduğunu soruşduqda ona kobud cavab verilmişdir. Beləliklə, barəsində qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib edilib. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsi nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin idarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarına «Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında» protokol əlavə olunur. Həmin protokolda onun 06 yanvar 2021-ci ildə saat 07.25-də tərtib edildiyi, xüsusi texniki vasitədən istifadə etməklə aparılmış müayinə nəticəsində xx xxxx 1991-ci il təvəllüdlü Şəxs spirtli içki qəbul etməsi halının müəyyən olunduğu qeyd edilir. Protokolda aşağıdakı məzmunda qeyd var: «Pivə qəbul etmişəm. Həkimə getməyə ehtiyac yoxdur. Alkotesterlə tanış oldum. Etdiyim hərəkətdən peşmanam. Bir də içkili maşın sürməyəcəm. Xahiş edirəm üzrlü hesab edəsiniz. Heç bir narazılığım yoxdur ». Protokol onu tərtib etmiş şəxs – Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nə bilavasitə tabe olan YPX alayının 10 taqımının YPX inspektoru polis X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən imzalanıb. Yuxarıda qeyd olunduğu kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs müvafiq qeydi polis əməkdaşları tərəfindən aldadılması nəticəsində yazdığını bildirir. Həmin protokolla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 69.1, 69.2 və 69.3-cü maddələrinə əsasən «İşin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz», «Şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər», «Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir». Azərbaycan Respublikası İXM-nin 69-cu maddəsinin tələbinə zidd olaraq protokolun tərtibinə hal şahidləri cəlb edilməyib. Bununla yanaşı, yuxarıda göstərilən protokolda Şəxs aşkar edilmiş alkoqolun miqdarı göstərilməmiş, həmçinin materiala xüsusi texniki vasitənin göstəricisini əks etdirən qəbz əlavə olunmamışdır. Şəxs təqdim etdiyi, «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» ilə bağlı 06 yanvar 2021-ci il tarixli 2/202 nömrəli protokoldan isə görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin 06 yanvar 2021ci ildə saat 09.40-da tibbi müayinəsi keçirilmiş, nəticədə onun ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat qanuna zidd olaraq aparılmış, toplanmış sübutlar isə mötəbər sayıla bilməzlər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə işin faktik hallarını və qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin müvafiq vəzifəli şəxsi Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tərkibinin olması halını sübuta yetirə bilməmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. İXM-nin 43.1-ci maddəsinə əsasən «Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar». Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsi həmin Məcəllənin 329-cu maddəsini məhkəmələrin səlahiyyətlərinə aid etməyib. «“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından “Məcəllənin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə), 342.1.1 – 342.1.8, 342.1.11, 342.2, 342.5 – 342.7, 344, 356.1, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla), habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10cu, 346-cı və 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – X4nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X4 İdarəsinin, X4 idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X4 şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları» tərəfindən baxılır. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə «Eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər». Həmin qərarın nəticəvi hissəsinin 1-ci bəndinə əsasən «Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir». Yuxarıda istinad edilənlərdən görünür ki, Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya dair işlərə baxılması məhkəmələrin deyil, Daxili İşlər Nazirliyinin aidiyyəti struktur qurumlarının və vəzifəli şəxslərinin səlahiyyətinə aiddir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair material Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair material baxılıb, səlahiyyəti çərçivəsində qərar verilməsi üçün Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-251/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-251/2021
02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver