Məhkəmə qərarları › İş №3(010)-2526/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2526/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2526/2023 22.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 25 avqust 1985-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X1 tərtib etdiyi 16 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Xətai Rayon Məhkəməsi tərəfindən 27 dekabr 2022-ci ildə verilmiş 22 dekabr 2022-ci il tarixli 2(011)- 5507/2022 nömrəli icra vərəqəsinə əsasən X6 ilə Şəxs arasında 27 iyun 2007-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 873 nömrəli at qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalı, boşanmadan sonra 24 aprel 2008-ci il təvəllüdlü X3 və 11 noyabr 2016-cı il təvəllüdlü X7 anaları X2 yanında qalması müəyyən edilməli, Şəxs birgə nikahdan anadan olmuş 24 aprel 2008-ci il təvəllüdlü X3 və 11 noyabr 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi icraata daxil olduqdan sonra müvafiq olaraq icraata başlanmış, bu barədə icra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrasına dair bildiriş borcluya 23 fevral 2023-cü ildə təqdim edilmişdir. Borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 16 may 2023-cü ildə axtarış elan edilmişdir. Tələb könüllü icra müddətində təmin olunmadığından borclu Şəxs barəsində məcburi icra tədbirlərinin tətbiqinə başlanmış, tələbin ona məxsus əmlaka yönəldilməsi məqsədi ilə müvafiq əmlak sorğuları verilmiş və tədbirlər görülmüş, lakin adında tələbin yönəldilə biləcəyi dövlət qeydiyyatından keçən daşınar və ya daşınmaz əmlak, habelə digər qiymətli əmlaklar aşkar edilməmişdir. Borclunun 3600 manat borcu mövcuddur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə baxışı zamanı bildirmişdir ki, tələbkarla aralarında olan ailə münaqişəsindən sonra, X2 “nikahın pozulması” ilə bağlı Xətai Rayon Məhkəməsinə verdiyi iddia ilə bağlı xəbəri olsa da, uşaqlara görə ondan tutulan alimentdən xəbəri olmadığı üçün ödəniş etməmişdir. Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru ona bu barədə 23 fevral 2023-cü ildə məlumat verəndən sonra o, yığılan 4000 manat məbləğində aliment borcundan fevral ayı üçün 400 manat ödəniş etmişdir. Sonradan işdən çıxdığı üçün ödəniş edə bilməmişdir. Hal-hazırda işləyir və aliment üzrə yığılan borcdan hər ay ödəniş edilməsinə söz verir. Belə ki, aliment ödəməkdən yayınmır, bununla yanaşı 22 iyun 2023-cü ildə yenidən 400 manat ödəniş edib. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tələbkara telefon vasitəsi ilə işin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbər verilsə də, tələbkar məhkəmə iclasında iştirak etməkdən imtina etmişdir. Məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcra məmurunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir», «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin obyektiv cəhətdən mövcudluğu icra məmuru tərəfindən sübuta yetirilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Həmin inzibati xəta subyektiv cəhətdən yalnız qəsdən törədilə bilər. Yuxarıda göstərilən əlamətlər mövcud olmadıqda isə şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin mövcudluğundan söhbət gedə bilməz. Borclunun bildirdiklərindən görünür ki, onun “alimentin tutulması” ilə bağlı verilmiş icra vərəqəsindən xəbəri olmamış, 23 fevral 2023-cü ildə icra məmuru tərəfindən məlumatlandırılaraq, həmin ay üçün 400 manat ödəniş etmişdir. Həmçinin bildirdi ki, sonradan işsiz olmuş, alimenti vaxtlı-vaxtında və tam ödəməməsinin səbəbi də məhz bununla bağlıdır. Yuxarıda göstərilənlərin əksi icra məmuru tərəfindən sübuta yetirilməmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin olması halını icra məmuru sübuta yetirməlidir. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xətanın subyektiv cəhətdən mövcudluğundan da (qəsddən) söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar