Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2533/2025 12.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X1, borclu Şəxs, tələbkarın nümayəndəsi Nümayəndə iştirakları ilə, Borclu – Şəxs – xx.xx.1964-cü ildə Quba rayonunda anadan olmuş, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati 11 iyul 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Suraxanı rayon icra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş protokolun müdafiə etdiyini, əvvəlki məhkəmə iclasında bildirdiklərini təsdiq etdiyini, borclunun xx.xx.2025-ci il tarixdə olan məhkəmə iclasından sonra heç bir ödəniş etmədiyini və qeyd etdiklərinə əlavəsi olmadığını bildirərək borclunun barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirdi ki, hazırda şəkər xəstəsidir, Respublika Endrikonoloji Mərkəzində qeydiyyatdadır, səhhətinə görə işləyə bilmir və 150 manat ödəniş edə bilər. Qarşı tərəf onun işini mənimsəyib, işdən çıxarıblar, hazırda işsizdir. O, mal-məhsul götürürmüş, məhsullar xarab olduqda isə şirkət geri istəyəndə qarşı tərəf gizlədirmiş, həmin borc məbləğini onun adına yazırmışlar, o isə qarşı tərəfdən pul almayıb. Onların iddiasına görə dedikləri pul 20 il ərzində yığılmış puldur. Daha əvvəl bu qərardan apellyasiya şikayəti vermiş, ancaq şikayətə necə baxıblar bilmir. Onun əvvəlki işi yenidən təmin edilsə, bu zaman borcunu ödəyə bilər. Bu məsələyə görə o depressiyaya düşmüş, xəstəxanada qalmış və şəkər xəstəliyinə yoluxmuşdur. Hazırda yeni-yeni özünə gəlir, danışa bilir, maddi vəziyyəti çox pisdir, hər şeyini itirmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, həmin şəxsin onlara 60000 manat məbləğində borcu var və bundan sonra şərait yaradılsa, həmin məbləğdə də borc yaradar. Bu səbəbdən onun iş ilə yenidən təmin edilməsi mümkün deyil. Onun hər ay 150 manat məbləğində ödəniş etməsi üçün bundan sonra yaşayacaq ömrü yoxdur, özü yaşlıdır. Bu səbəbdən həmin şəxsdən 58760 manat məbləğində borc pulun alınıb onlara ödənilməsini istəyir. Həmin borc məbləğindən heç bir ödəniş edilməyib. Onun evləri, maşınları var, ancaq adına qeydiyyatlı heç bir əmlak görünməməsi üçün başqa şəxslərə bağışlayır. Müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, tələbkarın, icra məmurunun izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barəsində tərtib edilmiş 11 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, icra vərəqinə əsasən Şəxs 58360,80 manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-2475/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2475/2023 saylı qətnaməsi ilə iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı pul tutulması tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh Şəxs 58360,80 manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra vərəqəsində borclu Şəxs qeydə alındığı ünvan ünvan 3 qeyd olunmuşdur. “Elektron Məhkəmə” sistemindən edilmiş şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Şəxs adına aktiv statusda olan ********** nömrəli VÖEN hesabı mövcuddur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2475/2023 saylı icra vərəqəsində də Şəxs VÖEN məlumatları (VÖEN **********) göstərilmişdir. “İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında” Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2475/2023 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 3(010)-1305/2025 saylı qərarından çıxarışdan görünür ki, məhkəmə icra sənədi üzrə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs olunmasını qərara almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 528ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 234-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi və borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-nin 528.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın, borclunun izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2475/2023 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs borcunu məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Qurbanov X3 Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş üzrə Şəxs İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Şəxs hüquqi statusunun müəyyən edilməsi və müəyyən edildikdən sonra müvafiq hüquqi nəticələrin yaranması ilə əlaqədar olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, kommersiya məhkəmələri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında baxır. Belə ki, təqdim olunmuş icra vərəqəsinin verilməsinə əsas olan məhkəmə qətnaməsinin predmeti Bakı Komersiya Məhkəməsinə aid olan kommersiya mübahisəsidir, Həmçinin də qeyd olunan icra vərəqəsində Şəxs “VÖEN”-i qeyd olunur. Bundan əlavə “AzeMis” elektron məhkəmə sisteminə də keçirilmiş baxışa əsasən müəyyən edilmişdir ki, Şəxs “VÖEN” hesabı var və o, aktiv statusundadır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydində göstərilir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Yuxarıda göstərilən qanun müddəalarını rəhbər tutaraq, inzibati protokola əlavə edilmiş materialları rəhbər tutaraq məhkəmə hesab edir ki, Şəxs vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməli, ona vəzifəli şəxs olaraq inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarın əmlak mənafeyini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, o cümlədən pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2533/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2533/2025
12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver