Məhkəmə qərarları › İş №3(010)-2535/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2535/2022

20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2535/2022 20.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin inzibati xəta haqqında iş üzrə 18 oktyabr 2021-ci il tarixli EPQ ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsi tərəfindən tərtib edilmiş 18 oktyabr 2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsiini xahiş etmişdir. X2 şikayətində göstərmişdir ki, xx.xx.2022-ci il, saat 19:20-də işdən gələrkən 160 saylı avtobusdan düşdükdən sonra qoruyucu maskanı tullayaraq evə doğru gedirdi. Lakin evə çatana yaxın çörək almaq lazım olduğuna görə hal-hazırda yaşadığı ərazi yaxınlığındakı (Bakı şəhər Suraxanı rayon Hövsan sürücülük sovxozu (Binə) “Məscid küçəsi” deyilən ərazidəki “Al market” in giriş hissəsindən daxil olaraq qoruyucu maskası olmadığına görə kassirə satışda maska olub-olmadığını soruşmuş və bildirdilər ki, maska kassada bitib və içəridən gətiriləcək. O da buna görə öz növbəsində vitrində çörəyi götürüb çıxışdakı kassaya doğru maska almaq və çörəyin pulunu ödəmək üçün yaxınlaşan zaman ad, soyad və vəzifəsini bilmədiyi polis işçisi yaxınlaşaraq maska niyə taxmadığını soruşdu və o da təbii ki, bunun üçün kassaya yaxınlaşdığını və oradan maska alacağını bildirsə də, tərəflərindən planşetlə saat 19:26-da EXP ******* nömrəli protokol tərtib olunub sms-lə nömrəmə göndərilir. Həmin dəqiqə sms-ə baxıb orda “0” azn məbləğ olduğunu görüb ilk dəfə belə hal olduğu nəzərə alınaraq yalnız sadəcə xəbərdarlıq olduğunu düşünmüşdür. Buna görə də əməkdaşlara yerindəcə təşəkkür etmişdir. Lakin hadisədən təxminən 3 ay sonra yəni, xx.xx.2021-ci il saat 14:04-də EXP ******* nömrəli protokolun icra qərarının xx.xx.2021-ci il tarixdən etibarən qüvvəyə minməsi və “100 ” azn məbləğində cərimə olunduğum barədə xəbərdarlıq sms-lə nömrəmə göndərildi. Bu hadisədən sonra bir neçə dəfə DİN-ə online olaraq ailə vəziyyətinin aşağı olması və ilk dəfə belə hal olduğu nərəzə alınaraq cərimənin silinməsiylə bağlı xahişlə müraciət etsə də bir müddət sonra idarəyə dəvət olunaraq cərimənin silinməsi onların vəzifə tabeçiliyində olmadığını bildirirərək məhkəməyə müraciət etməyini tövsiyyə etdilər. Təbii ki, hər zaman dövlətin qoyduğu qayda-qanunlara ciddi şəkildə əməl edən nümunəvi bir vətəndaş kimi hər zaman verilən qərarlara hörmətlə yanaşmış və buna görə də polis əməkdaşının haqlı olaraq yazdığını protokolun pandemiya qaydalarının pozulması faktına görə olduğunu da anlayır, lakin belə bir xətanın tərəfindən ilk dəfə olaraq baş verdiyini, pandemiya şəraiti ilə əlaqədar olaraq onsuzda ailə gəlirinin aşağı olması və öhdəçiliyində üç körpə uşağının olduğu bir dövrdə cəriməni ödəməyə imkanının olmadığı vəziyyətini də nəzərə almaqla cavabdeh Bakı Şəhəri Suraxanı RPİ 30-cu PB-nin EXP ******* saylı qərarı ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət Suraxanı rayon Məhkəməsinə xx.xx.2022- ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 20 iyul 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan Suraxanı rayon Polis İdarəsinin 30cu Polis bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 şikayətə uyğun izahat verərək barəsindəki 18 oktyabr 2021-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X2 barəsində EXP ******* saylı 11 avqust 2021-ci il tarixli protokol tərtib olunmuş və həmin protokola əsasən 18 oktyabr 2021-ci il tarixdə EPQ EPQ ******* saylı qərar qəbul edilərək X2 barəsində İXM-nin 211.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100,00 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X1 İXM-nin 211.2-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X2 öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, məhkəmə tərəfindən Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinə X2 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişində, həmçinin mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin (inzibati xəta haqqında protokol və sair) məhkəməyə təqdim olunması təklif olunsa da, adı çəkilən bölmə tərəfindən qeyd olunan sübutlar məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə, protokolda inzibati xətanın törədildiyi yer, tarix və digər işin faktiki halları göstərilməmişdir.Göstərilən əsaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şikayət təmin olunsun. Suraxanı rayon Polis İdarəsinin 30-cü Polis bölməsinin X2 barəsindəki inzibati xəta haqqında 18 oktyabr 2021-ci il tarixli EPQ ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar