Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-256/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X4, X1nın iştirakı ilə xx xxxxxx 1955-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, pensiyaçı, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X4 tərtib etdiyi 10 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2-1(103)-523/2013 nömrəli 17 dekabr 2013-cü il tarixli icra vərəqəsi ilə «"xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsi ilə Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsinin şərq hissəsində yerləşən 1,68 ha ərazinin 0,4 ha sahəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasından təhvil verilməli olan 8000 kv.m sahənin təhvil verilməmiş 5000 kv.m sahəsinin "xxxx" MMC-yə naturada təhvil verilməsi vəzifəsi "xxxx" MTK-ya həvalə» olunmuşdur. Bununla yanaşı, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2-2(103)- 543/2017 nömrəli 24 oktyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən «tərəflər arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsinin şərq hissəsində yerləşən 168 ha ərazinin 0,4 ha hissəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasındakı 180 kv.m qeyri-yaşayış sahəsinin əvəzi olaraq 63.392 manat pul məbləği borclu "xxxx" MTKdan tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməli, borclu "xxxx" MTK-dan 860090 manat tutularaq tələbkar "xxxx" MMC-nə ödənilməlidir». Bununla yanaşı, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-1411/2019 nömrəli 29 mart 2019-cu il tarixli icra vərəqəsinə əsasən tələbkar X10 ilə borclu "xxxx" MTK arasında bağlanmış 08 aprel 2011ci il tarixli 33 nömrəli müqaviləyə xitam verilməli və müqavilə əsasında tələbkardan alınmış 16650 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat borclu "xxxx" MTK-dan alınaraq tələbkar X7 qaytarılmalıdır. Bununla yanaşı, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-137/2020 nömrəli 05 iyun 2020-ci il tarixli icra vərəqəsinə borclu "xxxx" MTK-dan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 13M saylı binanın, 177 saylı mənzilinin çatışmayan 80.7 kv.m sahəsinə görə 24855.60 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq X1nın xeyrinə ödənilməlidir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material 10 fevral 2022-ci ildə Suraxanı Rayon Məhkəməsinə daxil olmuş və Suraxanı Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarına əsasən "xxxx" MTK-nın sədr vəzifəsi həvalə edilmiş, kooperativin təsisçisi və maliyyə üzrə sədr müavini Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs həmin qərardan apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və icra məmurunun məhkəməyə bildirdiklərindən görünür ki, icra sənədləri icraata daxil olduqdan sonra müvafiq olaraq icraatlarına başlanmış, icraata başlamaq haqqında qərarlar və tələblərin könüllü icrasına dair bildirişlər borclu "xxxx" MTK-ya rəsmi qaydada göndərilmişdir. Tələblər könüllü icra müddətində təmin olunmadığından borclu "xxxx" MTK barəsində məcburi icra tədbirlərinin tətbiqinə başlanmış, tələblərin təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görülmüş, lakin borclunun adında tələbin yönəldilə biləcəyi dövlət qeydiyyatından keçən daşınar və ya daşınmaz əmlak, habelə digər qiymətli əmlaklar aşkar edilməmişdir. İcra tədbirləri zamanı "xxxx" MTK-nın sədrlik vəzifəsinin kooperativin təsisçisi və maliyyə üzrə sədr müavini Şəxs həvalə edildiyi müəyyən edilmişdir. Şəxs dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq o, qeyd olunan məhkəmə qərarları üzrə "xxxx" MTK tərəfindən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmış, ona Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məsuliyyət barədə edilən xəbərdarlıqlara baxmayaraq qərarların icrası üzrə üzərinə düşən vəzifələri yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunması üçün kifayət qədər əsaslar yaratmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, "xxxx" MTK-nın təsisçilərindən biridir. Qeyd edir ki, MTKya müxtəlif vaxtlarda müxtəlif şəxslər rəhbərlik edib. MTK-nın keçmiş sədri X8 həbsi ilə əlaqədar ona (Şəxs) təklif olunmuşdur ki, qısa müddət ərzində və formal olaraq MTK-nın sədri vəzifəsinə rəsmiləşdirilməsinə razılıq versin. Eyni zamanda ona bildirilmişdir ki, MTK onun tərəfindən idarə olunmayacaq və heç bir məsuliyyət daşımayacaq. Bununla razılaşmış və "xxxx" MTK-nın təsisçilərinin ümumi yığıncağının 08 iyul 2021-ci il tarixli qərarı ilə sədr vəzifəsi ona həvalə olunmuşdur. Lakin kooperativin idarə edilməsində faktik olaraq iştirak etməmiş, MTK-nın möhürü belə ona verilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmçinin qeyd edir ki, "xxxx" MTK 2003-cü ildə təsis olunmuş həmin vaxtdan etibarən MTK-nın xeyli məhkəmə mübahisələri olmuşdur. Bununla yanaşı MTK-nın bəzi təsisçiləri və rəhbərləri barəsində məhkəmənin ittiham hökmü çıxarılmış, o cümlədən MTK-ya 08 iyul 2021-ci il tarixinədək rəhbərlik etmiş X12 Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədlərinin icrası ilə əlaqədar qeyd edir ki, həmin sənədlərin icrası əvvəllər də mümkün olmayıb və bununla bağlı dəfələrlə Suraxanı rayon İcra şöbəsinə rəsmi məlumat verilib. Belə ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş 4 bloklu, çoxmərtəbəli çoxmənzilli yaşayış binası pay haqqını ödəyərək kooperativin üzvü olmuş şəxslərin vəsaiti hesabına inşa edilmiş və həmin binadakı yaşayış və qeyri-yaşayış sahələri o, sədr əvəzi vəzifəsinə təyin edilməzdən xeyli əvvəl ayrı-ayrı şəxslərin mülkiyyətinə verilmişdir. O, sədr əvəzi olduğu vaxtda isə MTK-da icra sənədinin icrasına yönəldilə biləcək 1 kv.m belə sahə olmayıb. Kooperativdə icra sənədinin icrasına yönəldilə biləcək pul vəsaiti də olmamışdır. Kooperativə formal rəhbərlik etdiyinə baxmayaraq bunları bilirdi. Sözügedən icra sənədlərinin icrasının mümkün olmamasının yeganə səbəbi də "xxxx" MTK-nın icra tələblərinin yönəldilə biləcəyi əmlaka və pul vəsaitinə malik olmaması ilə bağlıdır. O, kooperativin sədri vəzifəsinə seçildikdən sonrakı dövrdə icra məmurunun bütün çağırışlarına gəlmiş, ona mövcud vəziyyət barədə istər şifahi, istərsə də yazılı formada dəfələrlə məlumat vermişdir. Hər bir halda kooperativə rəhbərliyinin formal olduğunu və həmin vəzifəyə rəsmiləşdirilməsi səbəbindən problemlərlə üzləşdiyini, həmçinin pensiya yaşına çatdığını nəzərə alıb işdən azad olunmasını tələb etmiş və "xxxx" MTK-nın təsisçilərinin ümumi yığıncağının 21 fevral 2022-ci il tarixli qərarı ilə sədr vəzifəsindən azad olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bildirir ki, müvafiq icra sənədlərinin uzun müddət ərzində icrasının mümkün olmadığı halda onun eyni sənədləri kooperativə sədrlik etdiyi təxminən 07 ay ərzində icra etməsi mümkün ola bilməzdi. Lakin 10 fevral 2022-ci ildə avtobusla getdiyi vaxt icra məmuru ona zəng etmiş və səbəbini bildirmədən gəlməsini tələb etmişdir. İcra məmurunun tələbinə tabe olaraq gəlmiş və yalnız məhkəməyə çatdıqda bilmişdir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. Beləliklə, protokolla tanış olmaq, ona etirazını bildirmək, izahatlar vermək imkanı olmayıb. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, artıq neçə illərdir ki, məhkəmə qətnamələri icra edilmir. Onun tələbi "xxxx" MTK-ya qarşıdır. "xxxx" MTK-da sədrlər isə tez-tez dəyişir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunu, tələbkarı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Həmin inzibati xəta subyektiv cəhətdən yalnız qəsdən törədilə bilər. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən: «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Məhkəmə inzibati xətalar qanunvericiliyinin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin olması halı icra məmuru tərəfindən sübuta yetirilməlidir. İş materiallarına əlavə olunmuş sənəd surətləri ilə müəyyən olunur ki, «"xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin növbədənkənar ümumi yığıncağının» 08 iyul 2021-ci il tarixli qərarı ilə «Sədr vəzifəsinin əvəz edilməsi» Şəxs həvalə edilmişdir. Bununla bağlı "xxxx" MTK üzrə 08 iyul 2021-ci il tarixli 04-k nömrəli əmr aşağıdakı məzmundadır: «Kooperativin sədri X6 həbsi barədə olan qərar qanuni qüvvəsini alanadək kooperativin sədrlik vəzifəsi kooperativin təsisçisi və maliyyə üzrə sədr müavini Şəxs həvalə edilsin. Əmək haqqı hesablanarkən nəzərə alınsın». İş materiallarına əlavə olunmuş sənəd surətləri ilə həmçinin müəyyən olunur ki, «"xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin növbədənkənar ümumi yığıncağının» 21 fevral 2-22-ci il tarixli qərarı ilə Şəxs sədr əvəzi vəzifəsindən azad edilmişdir. Bununla bağlı "xxxx" MTK üzrə 21 fevral 2022-ci il tarixli 01-k nömrəli əmr aşağıdakı məzmundadır: «Şəxs – kooperativin sədr əvəzi xx.xx.2022-ci il tarixindən təqaüdə çıxması ilə əlaqədar sədr əvəzi vəzifəsindən azad edilsin». Suraxanı Rayon Məhkəməsinin 1(010)-8/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli hökmünə əsasən MTK-nın əvvəlki sədri X11 Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrini tutmaq hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-875/2021 nömrəli iş üzrə 06 avqust 2021-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-182/2022 nömrəli iş üzrə 15 fevral 2022-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı dəyişdirilmiş, X11 iki epizod üzrə cinayət məsuliyyətindən azad olunmuş, Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasının müddəti 03 il 04 aya endirilmişdir. Yuxarıda qeyd olunan məhkəmə aktlarının məzmunundan görünür ki, X11 bir sıra digər icra sənədləri ilə yanaşı, hazırkı iş üzrə inzibati xəta haqqında protokolda göstərilən və qanuni qüvvəyə minmiş 17 dekabr 2013-cü il tarixli 2-1(103)-523/2013 nömrəli və 24 oktyabr 2017-ci il tarixli 2-2(103)-543/2017 nömrəli məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməkdə təqsirli bilinib. Beləliklə işin faktik halları ilə müəyyən olunur ki, 10 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən bütün icra sənədləri Şəxs kooperativin sədr əvəzi vəzifəsi həvalə olunmazdan əvvəl veriliblər. Bununla yanaşı, MTK-nın əvvəlki sədri inzibati xəta haqqında protokolda göstərilən icra sənədlərindən ikisini qərəzli olaraq icra etməməkdə təqsirli bilinmiş və bu əməlinə görə Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə məhkum olunmuşdur. Məhkəmə həmçinin aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən «İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun». Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək…». Eyni Məcəllənin 100.2 və 100.4-cü maddələrinə əsasən «Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır», «Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur». Qeyd olunmalıdır ki, İXM-nin yuxarıda göstərilən müddəaları inzibati xətalar qanunvericiliyinin digər aidiyyəti müddəaları ilə məcmu şəkildə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiə hüququnu təmin edir, onun öz dəlillərini gətirmək və həmin dəlillərin araşdırılmasını tələb etmək ixtiyarını təsbit edir. Lakin inzibati xəta haqqında protokoldan və materiala əlavə edilmiş sənədlərdən, həmçinin Şəxs bildirdiklərindən görünür ki, onun iş üzrə məhkəməyədək icraat dövründə qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələn hüquqları təmin edilməmiş, nəticədə o, materialla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək və dəlillərini bildirmək, müdafiəçinin hüquqi yardımından istifadə etmək imkanından məhrum olmuşdur. Bu hal Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığına dair bildirişlər təqdim olunmaması ilə yanaşı, inzibati xəta haqqında protokolda onun izahatının, imzalarının (və ya protokolu imzalamaqdan imtina etdiyinə dair qeydin), protokolun surətinin ona təqdim olunduğuna dair qeydin olmaması və s. faktlarla təsdiq olunur. Həmçinin qeyd olunur ki, Şəxs ayrıca izahatı da alınmayıb. Şəxs isə bildirir ki, avtobusla getdiyi vaxt icra məmuru tərəfindən telefon vasitəsilə səbəbi izah olunmadan dəvət edilmiş, həmin dəvətə əsasən gəlmiş və yalnız məhkəmədə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyinə dair məlumat almışdır. Məhkəmə işin yuxarıda göstərilən və s. faktik hallarını nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq məsələ ilə bağlı bildirdiklərini inandırıcı sayır. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat zamanı barəsində inzibati qəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin prosessual hüquqlarının kobud şəkildə pozulmuş, bunun davamı və nəticəsi olaraq dəlilləri araşdırılmamışdır. Məhkəmə həmin məsələyə qiymət verərək aşağıdakıları qeyd edir. Göründüyü kimi Şəxs qısa müddətdə, yəni 08 iyul 2021-ci il tarixindən 21 fevral 2022-ci il tarixinədək kooperativin sədr əvəzi vəzifəsini icra edib (o, özü bildirir ki, sədr əvəzi vəzifəsinə rəsmiləşdirildiyinə baxmayaraq, MTK-ya faktik rəhbərlik etməmiş, kooperativin möhürü belə onda olmamışdır). Beləliklə sual yaranır. Kooperativin əvvəlki dövrlər üzrə rəhbərlərinin icra sənədlərini uzun müddət ərzində icra etmədiyi halda Şəxs eyni sənədləri qısa müddət ərzində icra etməsi nə dərəcədə mümkün idi? Bununla yanaşı, işdən görünür ki, icra sənədləri digər hüquqi şəxsə müvafiq yaşayış binasından sahələrin verilməsi və MTK-dan hüquqi və fiziki şəxslərin xeyrinə pul tutulması ilə bağlıdır. Şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, mübahisəli yaşayış binasının bütün sahələri daha əvvəldən (onun sədr əvəzi vəzifəsinə təyin olunmasından əvvəl) ayrıayrı şəxslərin mülkiyyətinə verilmiş və hazırda həmin binada icra sənədlərinin icrasına yönəldilə biləcək boş sahə yoxdur. O, həmçinin bildirir ki, MTK-nın hesabında icra sənədlərindəki pul tələbinə yönəldilə biləcək vəsait də yoxdur. İcra işlərindən görünür ki, həmin məsələlər icra məmuru tərəfindən araşdırılmayıb. O cümlədən, "xxxx" MTK-nın icra sənədlərinin icrasına yönəldilə biləcək sahələrə və pul vəsaitinə malik olması halı, və əgər belə sahələr və vəsait mövcuddursa, icra sənədlərinin icra edilməməsinin məhz Şəxs təqsiri üzündən baş verməsi halları ümumiyyətlə araşdırılmamış, onun təqsirini təsdiq edə biləcək sübutlar (məsələn, kooperativin digər şəxslərin mülkiyyətində olmayan və icra sənədlərinin icrasına yönəldilə biləcək sahələrə və zəruri pul vəsaitinə malik olduğunu təsdiq edə biləcək sübutlar) toplanmamışdır. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta yalnız qəsdən törədilə bilər. Qəsdin mövcud olmaması isə inzibati xətanın tərkibinin subyektiv cəhətdən mövcud olmasını istisna edir. Şəxs bildirdiklərindən görünür ki, onun icra sənədlərini icra etmək imkanı olmayıb. Belə olan halda isə qəsd istisna olunur. Bunun əksi icra məmuru tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyasını nəzərə alaraq hesab edir ki, mövcud vəziyyətdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması halı sübuta yetirilmiş sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-256/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-256/2022
26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver