Məhkəmə qərarları › İş №3(010)-2569/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2569/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2569/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: 27 may 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib edilmiş 15 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs törətməsi ehtimal edilən inzibati xətanın mahiyyəti göstərilməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə inzibati xətanın mahiyyəti dəqiq göstərilməsi zəruri olan mühüm əhəmiyyətə malik amillərdən biridir. Çünki şəxsin məsuliyyətə cəlb edilə bilməsi məsələsi yuxarıda göstərilən amilin dəqiq şəkildə iş materiallarında öz əksini tapmasından asılıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər. Bundan başqa, inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs hüquq və vəzifələrin izah edilməsi barədə qeyd olsa da, lakin Şəxs hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq heç bir qeyd aparılmamışdır. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. Bundan başqa, araşdırma zamanı zərərçəkmiş şəxsə xəsarət yetirilərək ona zərər vurulması müəyyən edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsə vurulmuş ziyana dair heç bir qeyd aparılmamış və barəsində protokol tərtib edilmiş şəxs tərəfindən imza edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Qeyd olunanlardan görünür ki, qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Lakin nə iş materiallarında, nə də inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolun təqdim edilməsi barədə sübut yoxdur. Bundan başqa, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulan inzibati xəta törətmiş şəxsin sürücülük vəsiqəsi məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-nin tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 327.8ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun və materialın geri qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 15 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokol Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar