Məhkəmə qərarları › İş №3(010)-258/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-258/2022

09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-258/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 iştirakı ilə, X3, 20 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 42U44AS, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 03 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 17 yanvar 2022-ci il tarixdə X3 barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi X4 qəbul etdiyi 03 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1.000 manat məbləğində inzibati cərimə edilmişdir. 11 fevral 2022-ci il tarixdə X3 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi X4 qəbul etdiyi 03 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X6 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional İdarəsinin rəisi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında vəzifəli şəxs cənab Vaqif Cavadovun 03 fevral 2022-ci il tarixli MN ******* nömrəli Qərarı ilə 1000 (min) manat cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional İdarəsinin rəisi vəzifəli şəxs cənab Vaqif Cavadov barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə istinad edərək rəhbər tutmuşdur.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin qərarla aşağıda gösdərdiyi səbəblərə görə razı deyildir. Belə ki, 17 yanvar 2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X11 onunla birlikdə, əvvəlcədən doldurduqları patronları sınaqdan keçirtmək üçün Hövsan qəsəbəsi, Xəzər dənizi, Qum adası adlanan əraziyə gediblər. Onlar orada sınaq atışı keçirərkən həmin vaxt iki nəfər onlara yaxınlaşaraq özlərini təqdim edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları olduqlarını bildirdilər. Daha sonra yaxınlaşaraq özünü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı kimi təqdim edən “Davud” adlı şəxs onlar barəsində qərəzli olaraq protokol tərtib edəcəyini bildirmişdir. O, həmin şəxsə izah etmişdir ki, patronları sınaqdan keçirtmək üçün həmin ərziyə gəliblər, heç bir qanunsuz öv etməyiblər, təbiətə heç bir ziyan vurmayıblar. Buna baxmayaraq, həmin vaxt “Davud” adlı şəxs ona və dostuna qulaq asmaq istəmədiyini bildirərək qərəzli formada onlara 1000 manat məbləğində cərimə yazılacağını bildirmişdir.04 fevral 2022-ci il tarixdə ünvanına G-BM/2622-065 nömrəli məktubla 03 fevral 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar gəlmişdir. X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 03 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilərək, həmin maddədə nəzərdə tutulan altı aydan iki ilədək müddətə ov hüququnun məhdudlaşdırılması ilə əvəz olunması üçün müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi X4 03 fevral 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X6 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Xəzər dənizi, Qum Adası adlanan ərazidə 17 yanvar 2022-ci il tarixində qanunsuz ov fəaliyyəti ilə məşğul olmuşdur. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bu səbəbdəndə barəsində 1.000 (min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən X5 ünvanlanmış məktubun məzmunundan görünür ki, X6 barəsində inzibati xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi 17 yanvar 2022-ci il tarixli MN ******* saylı protokol tərtib olunmuş və 03 fevral 2022-ci il tarixli MN ******* nömrəli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi əsasında inzibati qaydada 1000 (min) manat məbləğində cərimə tətbiq edilmişdir. Qəbul edilmiş həmin qərarın təsdiq olunmuş surəti icra üçün X5 göndərilmiş və nəzərinə çatdırılmışdır ki, cərimə qərarı qüvvəyə mindikdən sonra cərimə məbləği 30 (otuz) gün müddətinə müvafiq hesaba köçürülməlidir. Həmin məbləğ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.14-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində, yəni dərhal və yaxud cərimə qərarı qüvvəyə mindiyi gündən 5 iş günü ərzində ödənərsə tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilməsi barədə məlumatlandırılmışdır. Beləliklə, iş materiallarından və X3 izahatından məlum olur ki, X6 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Xəzər dənizi, Qum Adası adlanan ərazisində 17 yanvar 2022-ci il tarixində qanunsuz ov fəaliyyəti ilə məşğul olmuşdur. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən Ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində ov edilməsi aşağıdakı hallarda qadağan edilir: 20.1.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulmamış günlərdə; 20.1.2. ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda; 20.1.3. başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə; 20.1.4. ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə; 20.1.5. ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə; 20.1.6. ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə. “X10” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən Əhalinin maddi və mənəvi, iqtisadiyyatın xammal, material və digər tələbatlarının ödənilməsi məqsədilə təbii sərbəstlik və ya yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan ovçuluq obyektlərinə aid edilmiş vəhşi heyvanların izlənilməsi, təqib edilməsi, tutulması və vurulması ovçuluq hesab olunur. Ov ödənişlidir və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş icazə və ovçuluq biletləri əsasında həyata keçirilir. Ov icazələrinin verilməsi üçün dövlət rüsumu ödənilir. Ovçuluq fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq cəmiyyətləri, fiziki və hüquqi şəxslər üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq təsərrüfatının təşkili və aparılması məqsədilə vəhşi heyvanların yaşadığı, miqrasiya etdiyi və nəsil artırdığı ərazilər ovçuluq yerləri kimi istifadə edilir. Vəhşi heyvanların ov obyektlərinə aid edilməsi, ov yerlərinin ayrılması, ovçuluq təsərrüfatının təşkili və onun həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 53-cü maddəsinə əsasən X10 qanunvericiliyin pozulmasında təqsiri olan şəxslər ov qaydalarını kobud şəkildə pozduqda (ov etmək üçün icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov etdikdə), habelə digər ov qaydalarını müntəzəm pozduqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işin məhkəmədə baxılması zamanı isə müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmişdir, B.R.Məmmədovun inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmişdir, habelə B.R.Məmmədov qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmişdir və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi X4 qəbul etdiyi və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan 03 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 03 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyinə görə X3 şikayəti rədd edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi X4 qəbul etdiyi 03 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar