Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2589/2025 31.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X2 nümayəndəsi Daşqın Əhmədovun iştirakı ilə, 25 oktyabr 1985-ci ildə Gürcüstan Respublikası, Bolnisi şəhərində anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan X2 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 18 iyun 2025-ci il tarixli, EP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 18 iyun 2025-ci il tarixli, EP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti 15 iyul 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. X2 şikayət ərizəsinə əsasən müəyyən edilmişdir ki, onun adından 01 may 2023-cü il tarixdə bank hesabından 32000 euro məbləğində vəsait İtaliyanın GUM TRUCKS şirkətinə 2 ədəd yəhərli dartıcının alınması üçün proforma əsasında ödəniş olunmuşdur. 12 iyun 2023-cü il tarixdə isə həmin yəhərli dartıcılar Azərbaycan Respublikasına **********3421 və **********3386 nömrəli yük gömrük bəyannamələri ilə idxal rəsmiləşdirilmişdir. Rəsmiləşmə zamanı gömrük brokeri ödəniş olan proforma nömrəsini düzgün yazmadığı üçün bank tərəfindən avanslar bəyan olunmamış kimi qəbul edilmiş və bank sənədləri Mərkəzi Banka göndərmişdir. X3 düzəlişlərin olunması üçün tərəfindən xx.xx.2025-ci il tarixində Dövlət Gömrük Komitəsinə elektron müraciət olunmuş və həmin müraciət 3-33-3300/1- 000168/2025 nömrəsi ilə qeydiyyata alınmışdır. Mərkəzi Bank isə 18 iyun 2025-ci il tarixdə ona qarşı EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Məlumat üçün bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Ancaq hər hansı video konfrans və iclas barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli EP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı 30 iyun 2025-ci il tarixində qonşusu tərəfindən ona təqdim olunmuş ve qeyd etmişdir ki, bir gün olar poçt əməkdaşı sənədləri qonşuya təqdim etmişdir. Bundan başqa hesab edir ki, inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmiş, səlahiyyətli orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, yuxarıda da qeyd etdiyi kimi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmiş, işlər görülmüş və idxal olunan mallar gömrük rəsmiləşdirilməsindən keçmişdir. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinin tələbinə əsasən barəsində tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün kifayət qədər əsaslar vardır. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən Azərbaycan Respublikası Mərkəzi Bankının barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli EP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X2 nümayəndəsi, həyat yoldaşı Daşqın Əhmədov izahatında şikayətdə qeyd edilən xüsusatları bir daha təsdiq edərək Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 18 iyun 2025-ci il tarixli, EP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata əməldə tərkib olmadığından xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi Nümayəndə2 31 iyul 2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək bildirmişdir ki, X5 tərəfindən təqdim edilən **********3421 və **********3386 saylı bəyannamələr ilə malların idxalı təsdiq edildiyindən verilmiş şikayətin təmin edilməsinə etiraz edilmir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(010)-2527/2025 saylı qərardadına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 18 iyun 2025-ci il tarixli, EP № ******* nömrəli qərarından X6 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü kimi X2 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 18 iyun 2025-ci il tarixli, EP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərardan verilmiş şikayət üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair məhkəməyə vəsatət təqdim edilmiş, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli EP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ona 30 iyun 2025-ci il tarixində qonşusu tərəfindən təqdim olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının sifarişi əsasında sözügedən qərar Azəri EXPRESS sürətli poçt xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. Poçt xidmətinin məktubunun çatdırılması barədə xəbərnaməsindən də göründüyü kimi məktub xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. Bundan sonra 10 gün müddət ərzində Suraxanı rayon Məhkəməsinə qərardan şikayət təqdim etmiş, lakin Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət və ona əlavə olunmuş sənədlər müddət ötürüldüyündən geri qaytarılmışdır. Bundan sonra təkrar olaraq xx.xx.2025-ci il tarixdə həmin qərardan məhkəməyə şikayət verilmiş, məhkəmənin 25 iyul 2025-ci il tarixli qərardadı ilə X2 vəsatəti təmin olunmuş və 18 iyun 2025-ci il tarixli, EP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verdiyi şikayətə baxılması ilə bağlı itirilmiş müddət üzürlü hesab olunaraq bərpa edilərək işə mahiyyəti üzrə baxılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsin nümayəndəsini dinləyərək, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasına görə Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli EP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli iki gömrük bəyannaməsindən (**********3421 və **********3386) görünür ki, mallar ölkə ərazisinə gətirilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, X5 "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsi ilə 32000.00 avro məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüşdür. Həmin köçürmə ban nömrəsi XLRTEH4300G034659 və XLRTEH4300G034661 yəhərli dartıcı DAF XF 510FT (Dizel) markalı nəqliyyat vasitələri üçün olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən valyuta tənzimi qaydalarının pozulması, yəni avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İXM-nin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Hazırki iş üzrə X5 ********** nömrəli VÖEN əsasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan X1 tələblərinə əsasən vəzifəli şəxs hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının X1 vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Konstitusiyanın 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 30 sentyabr 2024-cü il tarixli qərarına əsasən hüquqi dövlətdə iqtisadi fəaliyyət sahəsində münasibətlərin tənzimlənməsi mülki dövriyyə iştirakçıları üçün ədalətli və əlverişli iqtisadi və sosial şəraitin təmin edilməsi istiqamətində həyata keçirilməli, subyektlərin hüquq və vəzifələrinin, hüquqların mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi tarazlıq və mütənasiblik meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətin yaranması şəxsin malların ölkə ərazisinə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiq edən sənədi) təqdim etmək öhdəliyini pozması ilə şərtləndirilir. Bu baxımdan şəxsin fəaliyyəti vasitəçiliklə deyil, müqavilə predmetini təşkil edən malların ölkə ərazisinə idxal edilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Qərarına əsasən bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 28 fevral 2020-ci il tarixli Qərarına əsasən - sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən sahələr üzrə sahibkarın həyata keçirdiyi müstəqil bir iqtisadi fəaliyyət növüdür. Mülki Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Valyuta nəzarətinin məqsədi valyuta əməliyyatları aparılarkən valyuta qanunvericiliyinə əməl olunmasını təmin etməkdir (“Valyuta tənzimi haqqında” Qanunun 14-cü maddəsi). İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Mərkəzi Bank haqqında” Qanun) 5.0.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, vəzifəli şəxs X2 əməlində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, X5 tərəfindən 32000.00 Avro məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə bank vasitəsilə köçürülmüşdür. Ödənişin aparıldığı gündən 01 (bir) ay müddətində 32000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilmiş və bununla bağlı 12 iyun 2023-cü il tarixli iki gömrük bəyannaməsi banka və məhkəməyə təqdim edilmişdir. Həmçinin protokolu tərtib etmiş inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəməyə elektron qaydada ərizə göndərərək malların idxalını təsdiq etmiş, hüquqi şəxsin nümayəndəsi məhkəmədə malların ölkə ərazisinə gətirilməsini təsdiq etmiş, bununla bağlı gömrük bəyannamələrinin olmasını bildirmiş və buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından onun şikayəti təmin edilməli, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 18 iyun 2025-ci il tarixli, EP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 18 iyun 2025-ci il tarixli, EP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2589/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2589/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver