Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2590/2025 16.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X6 qızının katibliyi, Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli, evli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1435, Kondisioner B/Y-nin ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 Kommersiya Məhkəməsinin e-2-2(117)-776/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 15 iyul 2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-776/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmir. Hazırda borcu 88421 manatdır. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3 protokolda göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)- 776/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi şöbənin icraatına daxil olmuşdur. İcra sənədi xx.xx.2023-cü il tarixli mediasiya şurasının barışıq sazişinin təsdiqi əsasında verilib, qətnamə əsasında xx.xx.2023-cü il tarixdə təsdiq edilib. İcra sənədi Göyçay rayon icra şöbəsinə göndərilmiş, daha sonra oradan da Xətai rayon icra şöbəsinə göndərilmişdir. Xətai rayonu İcra şöbəsində borclu icraata başlama haqqında qərarla və hüquq və vəzifələrə dair bildirişlə tanış olmuş, borc məbləğini ödəməklə bağlı xəbərdarlıqlar almışdır. Borclu Xətai rayon icra şöbəsinin icraatında iş olan vaxt 50000 manat məbləğində ödəniş etmiş, daha sonra isə hissə-hissə 2400 manat məbləğində ödənişlər etmişdir. Barışıq sazişi əsasında ümumi olaraq 140821 manat məbləğində borcu olmuş, 52400 manat məbləğində ödəniş etmiş və 88421 manat məbləğində ödəniş etməmişdir. Tələbkar borcun ödənilməsi barədə dəfələrlə müraciətlər etmişdir. İcra sənədi daha əvvəl başqa icra məmurunun icraatında olmuş, sonradan onun icraatına verilmişdir. Borclu barəsində axtarış qərarı verilmiş və icra edilməsi üçün Suraxanı RPİ-nə göndərilmişdir. Daha sonra borclu şöbəyə gedərək izahat vermiş, bu səbəbdən də barəsində verilmiş axtarış tədbiri dayandırılmışdır. Borclu ilə əlaqə saxlanılmış və o, özü şöbəyə gələcəyi barədə vəd vermiş, sonradan da şöbəyə gəlmişdir. Tələbkar 88421 manat məbləğində borcun ödənilməsini tələb edir. Borclunun adına nəqliyyat vasitəsi qeydiyyatlı olmuş, üzərinə həbs qoyulmuş, lakin nəqliyyat vasitəsi bugünədək aşkar edilməmişdir. Borclu təyin olunmuş məbləğ üzrə müəyyən müddətdən sonra hər ay 300 manat olmaqla ödənişlər etmişdir. Tələbkar isə həm bu məbləğdə ödənişin onları qane etmədiyini, həm də hissə-hissə ödəniş barədə məhkəmə qərarının olmadığını bildirir. Borclu fiziki şəxsdir, vəzifəli şəxs deyil, portalda da adına qeydiyyatlı torpaq sahəsi görünmür. Qeyd olunanlara əsasən borclunun qanunla müəyyən edilmiş qaydada barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 2023-cü ilin mart ayında "xxxx" MMC ilə aralarında 425000 manatlıq ticarətləri olmuşdur. Onlar yaz mövsümü ilə əlaqədar alça meyvəsinin satışı ilə məşğul olmuş, ancaq mart ayında 19-25-i tarixlərində soyuq yağışlı hava olduğundan satış edilməmişdir. O, 40000 manat məbləğində endirim edilməsini, ziyan etdiyini bildirmişdir. Həmin məbləği 140000 manatadək azaltmışdır. Daha sonra mediasiyada barışıq sazişi bağlamışlar və sazişdəki məbləğdən ödənişlər edərək 88421 manatadək azaltmışdır. O, maddi vəziyyətinin az olması ilə əlaqədar borc məbləğinin əmək haqqısına yönəltməsini xahiş etmişdir. Onun adına nəqliyyat vasitəsi qeydiyyatlıdır və adına qeydiyyatlı olan əmlakı - torpaq sahəsi var. O, avtomobil və torpaq sahəsini satışa qoymuşdur. O, hazırda 1000 manat ödəniş edə bilər. Artıq əmək haqqı da 800 manatadək artırılmışdır, hissəhissə ödəyə bilər, ödəniş etməkdən də yayınmır. O, nəqliyyat şirkətində nəqliyyat mütəxəssisi işləyir. Paylı torpaq sahəsidir, adına da pay hissəsi ayrılıb, çıxarışı götürməyi qalıb. O, fiziki şəxsdir, müqaviləni də şəxsiyyət vəsiqəsi ilə bağlamışdır. Torpağı satdıqdan sonra borc məbləğini ödəyəcək. O, maddi vəziyyəti yaxşı olsa, ödəniş edəcəyini, hazırda əmək haqqı artdığı üçün 800 manatın tam məbləğdə ödənilməsinə etiraz etmədiyini, torpağı, avtomobili sataraq ödəyəcəyini bildirdi. Ailəlidir, 2 övladı var, ana-atası ilə qalır, anası xəstədir. Hazırda ödəniş etməyə imkanı var, ödənişlərdən yayınmır. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-776/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-776/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-00988 nömrəli barışıq sazişi təsdiq edilmiş, barışıq sazişi üzrə borclu - Şəxs tələbkar - "xxxx" MMC–yə 140821 manat pul vəsaiti ödəməlidir. “İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında” Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərar ilə xx.xx.2024-cü il tarixdə tanış olmuş və o, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-776/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşmançılıq çəkməsini inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə belə qənaətə gəlir ki, icra vərəqəsinin verildiyi tarixdən sonra məhkəmə qətnaməsinin icra edilməsinin üsulu ilə bağlı heç bir dəyişikliyin olmaması, borc məbləğinin hissə-hissə ödənilməsi barədə borclu tərəfindən müraciət olunmaması və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olmaması halında borc məbləğinin hissə-hissə (aylıq 300 manat şəklində) ödənilməsi, bu ödəniş məbləğinin tələbkara və onun tabeçiliyində işləyən şəxslərə əlverişsiz şərait yaratması, onlara maddi və psixoloji təsir etməsi, borc məbləğinin yüksək olması şəxsin borc məbləğini ödəməkdən yayınması kimi qəbul edilir. Həmçinin, məhkəmə iclasında borclu mülkiyyətində pay torpağı olduğunu, lakin hələ çıxarış ala bilmədiyini bildirsə də, “Elektron Məhkəmə” sistemi vasitəsi ilə şəxsin mülkiyyətində olan daşınmaz əmlakları barədə məlumat əldə etmək üçün sorğu verildikdə, heç bir məlumat əldə edilməmişdir. Məhkəmə onun şifahi olaraq bildirdiyini şəxsin həbs olunma ehtimalını düşünərək belə bir ifadə verməsi kimi qəbul edir, çünki şəxs mülkiyyətində torpaq sahəsi və nəqliyyat vasitəsi olmasını bildirdiyi halda, torpaq sahəsinin mövcudluğu barədə heç bir rəsmi sənəd – çıxarış təqdim etməmiş və həmin əmlakların satılmasına cəhd etməsi barədə hər-hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edilənləri və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən saat 16:41-dən hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadn Şəki Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2590/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2590/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver