Məhkəmə qərarları › İş №3(010)-2593/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2593/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2593/2025 04.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs nümayəndəsi X3 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, (VÖEN: **********), hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 17 iyul 2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş 30 iyun 2025-ci il tarixli, 13000- 00894/25, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, İran İslam Respublikasında yerləşən “X10” şirkəti tərəfindən Azərbaycan Respublikasından tranzit keçməklə Gürcüstan Respublikasında fəaliyyət göstərən “Harmoni Seramik LLC" şirkətinə göndərilən və Şəxs MMC tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli **********4058 nömrəli tranzit gömrük bəyannaməsində yer sayı 121, netto çəkisi 187555 kq, malların adı “qranit”, XİFMN kodu ********** kimi qeyd edilmişdir. Qeyd olunan yükdən 33 yer, 21205 kq olan hissəsi xx.xx.2025-ci il tarixli **********2476 nömrəli gömrük bəyannaməsi əsasında 20EQ724/20ZB324 qeydiyyat nişanlı nəqliyyat vasitəsilə, 33 yer, 20945 kq olan hissəsi xx.xx.2025-ci il tarixli **********2477 nömrəli gömrük bəyannaməsi əsasında 35BM745/35ZB894 qeydiyyat nişanlı nəqliyyat vasitəsilə və 10 yer, 17320 kq olan hissəsi 05,06.2025-ci il tarixli **********6961 nömrəli gömrük bəyannaməsi əsasında 20EQ724/20ZB324 qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ölkə ərazisindən aparılmışdır. **********4058 nömrəli tranzit gömrük bəyannaməsi üzrə liman ərazisində qalan 45 yer, 128085 kq olan hissəsinin tranzit daşınması məqsədilə nəqliyyat vasitələrinə yüklənməsi üçün xx.xx.2025-ci il tarixdə “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” gömrük postuna müraciət edilmişdir. Həmin tarixdə qeyd olunan mallara gömrük əməkdaşları tərəfindən yoxlama keçirilmiş və yükün 15 yer “qranit daşlar” və 30 yer “mərmər daşlar’’dan ibarət olduğu müəyyən edilmişdir. Həmin yükün Azərbaycan Respublikasında daşınmasını həyata keçirən şirkətin Şəxs MMC olduğu müəyyən olunmuşdur. Buna görə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsi, Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X4 tərəfindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 30 iyun 2025-ci il tarixli, 13000- 00894/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsi X5 izahatında bildirdi ki, İran İslam Respublikasında yerləşən “X10" şirkəti ilə Gürcüstan Respublikasında fəaliyyət göstərən “Harmoni Seramik LLC” şirkəti arasında bağlanmış müqaviləyə əsasən, İran İslam Respublikasından Gürcüstan Respublikasına göndərilən yüklərin Azərbaycan Respublikasında "X7 Ticarət Limanı"nda hərəkəti Şəxs MMC tərəfindən təmin edildiyini, buna görə məsuliyyət daşıdığını, İran İslam Respublikasından göndərilən sənədlərdə yükün adı “qranit daşlar” kimi qeyd edildiyindən, şirkət tərəfindən gömrük bəyannaməsində də yükün adını “qranit daşı" kimi qeyd etdiklərini və sənədlərdə qeyd olunan yüklərlə faktiki yüklər arasında uyğunsuzluqdan əvvəlcədən məlumatı olmadığını bildirmişdir. Gömrük qaydalarının pozulduğunu etraf etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X2 01 iyul 2025-ci il tarixli qərardadı ilə hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş həmin protokol baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri kifayət qədər sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsinə əsasən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-33-3200/024/003112 nömrəli raportdan görünür ki, VAİS-dən əldə edilən məlumata əsasən 27 aprel 2025-ci il tarixdə İran İslam Respublikasına məxsus “Ghahraman 1” gəmisi ilə tranzit daşınması məqsədilə ölkə ərazisinə gətirilən, İranda fəaliyyət göstərən “X10” şirkəti tərəfindən Gürcüstanda fəaliyyət göstərən "Harmoni Seramik LLC” şirkətinin ünvanına göndərilən mallara dair malmüşayiət sənədlərində və təqdim edilmiş xx.xx.2025-ci il tarixli **********4058 nömrəli tranzit gömrük bəyannaməsində malların adı "qranit”, XİFMN kodu **********, yer sayı 121, netto çəkisi 187555 kq qeyd edilmişdir. Tranzit daşımanın davam etdirilməsi məqsədilə qeyd olunan mallardan 33 yer, 21205 kq olan hissəsi xx.xx.2025-ci il tarixli, **********2476 nömrəli gömrük bəyannaməsi əsasında 20EO724/20ZB324 qeydiyyat nişanlı nəqliyyat vasitəsilə, 33 yer, 20945 kq olan hissəsi xx.xx.2025-ci il tarixli **********2477 nömrəli gömrük bəyannaməsi əsasında 35BM745/35ZB894 qeydiyyat nişanlı nəqliyyat vasitəsilə və 10 yer, 17320 kq olan hissəsi xx.xx.2025-ci il tarixli **********6961 nömrəli gömrük bəyannaməsi əsasında 20EO724/20ZB324 qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ölkə ərazisindən aparılmışdır. **********4058 nömrəli tranzit gömrük bəyannaməsi üzrə 121 yer, 187555 kq olan malların liman ərazisində qalan 45 yer, 128620 kq olan hissəsinin tranzit daşınması məqsədilə nəqliyyat vasitələrinə yüklənməsi üçün xx.xx.2025-ci il tarixdə “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Liman” gömrük postuna müraciət edilmişdir. Həmin tarixdə qeyd olunan mallara şirkət nümayəndəsinin iştirakı ilə birgə fiziki baxış keçirilmiş və malların 15 yer “qranit daşlar” və 30 yer "mərmər daşlar"dan ibarət olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 2025-04-20-01 nömrəli müqavilədən görünür ki, “X10” şirkəti ilə Şəxs MMC arasında müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, qeyd olunan mallar İran İslam Respublikasından **********4058 nömrəli gömrük bəyannaməsi əsasında GHAHRAMAN1 nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, qeyd olunan mallar 27 aprel 2025-ci il tarixdə saat 13:24-də İran islam Respublikasından Hövsan Dəniz gömrük postuna gətirilmişdir. İş materiallarında olan 30 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “HARMONİ SERAMİK" MMC-nin nümayəndəsi X5 izahatında bildirmişdir ki, İran İslam Respublikasında yerləşən “X10" şirkəti ilə Gürcüstan Respublikasında fəaliyyət göstərən “Harmoni Seramik LLC” şirkəti arasında bağlanmış müqaviləyə əsasən, İran İslam Respublikasından Gürcüstan Respublikasına göndərilən yüklərin Azərbaycan Respublikasında "X7 Ticarət Limanı"nda hərəkətinin Şəxs MMC tərəfindən təmin edildiyini, buna görə məsuliyyət daşıdığını, İran İslam Respublikasından göndərilən sənədlərdə yükün adı “qranit daşlar” kimi qeyd edildiyindən, şirkət tərəfindən gömrük bəyannaməsində də yükün adını “qranit daşı" kimi qeyd etdiklərini və sənədlərdə qeyd olunan yüklərlə faktiki yüklər arasında uyğunsuzluqdan əvvəlcədən məlumatı olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs İXM-nin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair 12 yanvar 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. İXM-nin 22.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1- 22.1.3-cü yəni xəbərdarlıq, inzibati cərimə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növləri tətbiq edilir. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 22, 25, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan, (VÖEN: **********), hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1000 (min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar