Məhkəmə qərarları › İş №3(010)-26/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-26/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-26/2021 26.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2020ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. X2 həmin qərardan şikayət verib. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, xx xxxxxx 2020-ci ildə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində özünə məxsus avtomobildə tək və maskadan istifadə edərək əyləşdiyi vaxt iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları olduqlarını bildirmiş və ondan icazəsinin olub-olmadığını soruşmuşlar. Cavabında bildirmişdir ki, icazəsi var. Sonra onlar müvafiq icazənin yoxlanılması üçün onun bir mülki avtomobilə yaxınlaşmalı olduğunu bildirmişlər. Həmin avtomobilə yaxınlaşaraq icazəsini təqdim etmiş, polis əməkdaşları yoxlayıb hər şeyin qaydasında olduğunu bildirmiş və o, çıxıb getmişdir. Ona barəsində hər hansı bir protokolun yazılacağı və ya cərimələnəcəyi bildirilməyib. Eyni tarixdə saat 22.02-də evində olduğu vaxt mobil telefon nömrəsinə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə cərimələndiyi barədə məlumat gəlmişdir. Bununla bağlı 102 xidmətinə müraciət etmiş, dəfələrlə Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə getdikdən sonra, ona nəhayət inzibati xəta haqqında protokolun, xeyli sonra isə inzibati tənbeh vermə haqqında qərarın surətləri təqdim olunub. Qeyd edir ki, heç bir inzibati xəta törətməyib. Yuxarıda təsvir etdiyi hadisə isə inzibati xəta haqqında protokolda göstərilən M.Araz 25 ünvanında deyil, Maqsud Əlizadə küçəsində baş verib. Həmçinin qeyd edir ki, uzun müddətdir M.Araz küçəsinə ümumiyyətlə olmayıb. Polis bölməsində müvafiq sübutların, o cümlədən videogörüntünün ona təqdim olunmasını xahiş etmiş, lakin nəticəsi olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol X2 tərəfindən imzalanmamış, bunun səbəbi protokolda göstərilməmişdir. Bu Azərbaycan Respublikası İXM-nin tələblərinə ziddir. Belə ki, həmin Məcəllənin 100.2, 100.3 və 100.4-cü maddələrinə əsasən «Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır», «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir…», «Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur». xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin imzalarının olmadığını və bunun səbəblərinin göstərilmədiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, həmin sənədin tərtibi zamanı Azərbaycan Respublikası İXM-nin yuxarıda istinad olunan maddələrinin və s. aidiyyəti müddəalarının tələbləri pozulmuşdur. Göstərilənləri məcmu halda qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən bu hallara, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin dəlillərinə qiymət verilməli idi. Lakin inzibati xəta haqqında iş üzrə qərar qəbul olunarkən bu hallar araşdırılmamış, X1 öz müdafiəsi üçün gətirdiyi dəlillər ümumiyyətlə qiymətləndirilməmişdir. Bu isə son nəticədə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması anlamına gəlir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib cərimə olunması ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar