Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2632/2025 01.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi olan Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 16 iyul 2025-ci il tarixli EP seriyalı № 0255892saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 31000.00 ABŞ dolları məbləğində vəsaiti 18 may 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 31000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 19 may 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. “Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək bildirdi ki, Şəxs MMC ilə Çin Xalq Respublikasında fəaliyyət göstərən “SHANGHAİ HUAMİNG POWER EQUİPMENT CO LTD” şirkəti arasında ticarət müqaviləsi bağlanılmışdır. Müqavilə əsasında malların idxalı nəzərdə tutulmuşdur. Müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə ümumi invoys dəyəri 92670 ABŞ dolları dəyərində mal alınması nəzərdə tutulmuşdur. Bu ticarət öhdəçiliyi çərçivəsində xx.xx.2023-cü il tarixdə bank köçürməsi yolu ilə ödəniş məbləği qarşı tərəfə edilmişdir. Həmin invoys üzrə ödənişlər 106 gün olduğuna görə qanunvericiliklə nəzərdə tutulmuş 180 gün müddət bitmədən tam şəkildə icra edilmişdir. Məhsulun fiziki olaraq ölkəyə daxil olması isə xx.xx.2023-cü il tarixdə baş vermişdir. Bu idxal əməliyyatı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin elektron sistemində 61 saylı gömrük rejimi ilə rəsmiləşdirilmişdir. Qeyd edilən 61 saylı rejim Gömrük Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq müvəqqəti saxlanc rejimi sayılır. Məhsul ölkəyə daxil olduqdan sonra saxlanc rejimində saxlanıla bilər, saxlanıldıqdan sonra 4 ay müddətində ya idxal olunmalıdır, yaxud da ki, daxili emal edilərək digər xarici ölkələrə istehsal edilməlidir. Bununla bağlı 4 ay keçdikdən sonra Gömrük Məcəlləsinin 114-cü maddəsinin tələbləri pozulur. Pozuntu isə hüquqi şəxs ilə gömrük arasında olan bir məsələdir və gecikmələrə görə şirkətə hər hansı dəbbə pulu və ya cərimələr tətbiq oluna bilər. Bu hər iki tərəfdən yaranan problemlərə görə baş verə bilər. Ticarət müqaviləsi üzrə mal ölkəyə faktiki olaraq daxil edilmişdir, daxil olduğu üçün qanunvericiliyin tələbləri pozulmamışdır. xx.xx.2025-ci il tarixdə 2 il müddət keçmədən gömrük bəyannaməsi 40 və idxalla bağlı müraciət etmişlər, sadəcə Mərkəzi bank bunu görməyib. Artıq bunu Gömrük Xidməti təsdiqləməlidir, lakin ola bilər ki, təsdiqləmə gecikə bilər. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, tərəfin izahatını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin 21 may 2025-ci il tarixli köçürmə ərizəsindən görünür ki, həmin tarixdə Şəxs MMC-nin bank hesabından “SHANGHAİ HUAMİNG POWER EQUİPMENT CO LTD” şirkətinin hesabına 31000.00 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. xx.xx.2020-ci il tarixdə qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 06/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklərə əsasən Qaydaların 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;” 4.3.10-cu yarımbənddə isə “qeyri-rezidentlər tərəfindən” sözlərindən sonra “və ya onların xeyrinə” sözləri əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərllmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Şəxs MMC xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ünvanlayaraq ərizəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən inzibati məsuliyyət tədbirinin tətbiqi barədə icraat başlanılmışdır. Halhazırda Suraxanı Rayon Məhkəməsinin icraatındadır. Təqdim edilən bu vəsaitlə Şəxs MMC bu inzibati məsuliyyətin hüquqi və faktiki əsaslarla əsassız olduğunu bildirir və aşağıdakı hüquqi mövqeyi Məhkəməyə təqdim edir. Məlumat üçün bildiririk ki, Şəxs MMC ilə Ukrayna Respublikasında fəaliyyət göstərən “UkrTranssiqnal” adlı şirkət arasında 01 iyun 2023-cü il tarixində ticarət müqaviləsi bağlanmışdır. Müqavilə üzrə Şəxs MMC 5 bank iş günü ərzində ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə tam əməl olunaraq 08 iyun 2023-cü il tarixində bank vasitəsilə müqavilə üzrə öhdəlik tam şəkildə və vaxtında icra edilmişdir. Məhsul isə 21 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və “61” saylı gömrük rejimi üzrə (müvəqqəti saxlanc rejimi) qeydiyyata alınmışdır. Əvvəlcədən ödənişin həyata keçirilməsi və malların idxal tarixindən xeyli əvvəl icra olunması onu göstərir ki, Şəxs MMC tərəfindən hər hansı valyuta pozuntusuna yol verilməmişdir. Daha da əhəmiyyətlisi, mallar gömrükdə “61” saylı rejimlə rəsmiləşdirilmişdir. Bu isə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 114cü maddəsinə uyğun olaraq, müvəqqəti saxlanc rejimi sayılır. Qeyd olunan rejim çərçivəsində mallar gömrük nəzarətinə qəbul olunur. İXM-nin 430.4-cü maddəsinin tətbiqi üçün əsas şərt ondan ibarətdir ki, ticarət müqaviləsi üzrə mallar ölkəyə idxal edildikdən sonra onların dəyəri müəyyən olunmuş müddətdə ödənilməlidir. Hal-hazırda isə ödəniş idxaldan xeyli əvvəl, yəni xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir. Mallar isə xx.xx.2024-cü il tarixində gömrük ərazisinə daxil olmuş və müvəqqəti saxlanc rejimi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının valyuta tənzimi qanunvericiliyi və Mərkəzi Bankın normativ aktlarına əsasən, idxaldan əvvəl və müqavilədə göstərilən müddətdə ödənişin həyata keçirilməsi qanuni sayılır. Bu baxımdan, valyuta nəzarəti üzrə hər hansı pozuntu və ya inzibati xəta tərkibi yoxdur. Qeyd edilən hüquqi və faktiki hallara əsaslanaraq bildirilir ki, cəmiyyətləri barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən tərtib olunmuş inzibati protokol hüquqi cəhətdən əsassızdır və bu maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi formalaşmamışdır. Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən tərtib edilmiş inzibati protokolun əsassız hesab olunmasını, iş üzrə inzibati xəta tərkibi olmadığından, inzibati məsuliyyətin tətbiq edilməməsini və işə xitam verilməsinin təmin edilməsini xahiş etmişlər. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin qanunla müəyyən edilmiş müddətdə malların ölkəyə idxal edilməsi ilə bağlı gömrük bəyannaməsini təqdim etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş gömrük bəyannaməsindən görünür ki, 92670.00 ABŞ dolları məbləğində mallar əvvəlcədən ödənilmiş olan məbləğin qarşılığında ölkəyə gətirilmiş və təhvil alınmışdır. Məhsul 21 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və “61” saylı gömrük rejimi üzrə (müvəqqəti saxlanc rejimi) qeydiyyata alınmışdır. Təsvir edilənlər belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxs Şəxs MMC ilə xarici şirkəti arasında müqavilə münasibətləri mövcud olmuş, onlar müqaviləni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə real olaraq bağlamış, Şəxs MMC-nin mal almaq niyyəti olmuş və malları almış, həmin şirkət isə ödənilən pulun müqabilində malları idxal etmək niyyətində olmuş və malları idxal etmişdir. İşin müəyyən edilmiş qeyd edilən mübahisəsiz hallarına,yəni Şəxs MMC-nin bank hesabından “SHANGHAİ HUAMİNG POWER EQUİPMENT CO LTD” şirkətinin hesabına 31000.00 ABŞ dolları məbləğində vəsait köçürülməsini və bu müqavilənin və ödənişlərin müqabilində malların Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olması, və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs MMC-in barəsində tərtib edilmiş 16 iyul 2025-ci il tarixli EP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2632/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2632/2025
01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver