Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-266/2021 01.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 iştirakı ilə, Şəxs, xx xxxx 1988-ci ildə Goranboy anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 16 nömrəli evin 27 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 01 fevral 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs Siyəzən rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli, 2(059)-591/2015 nömrəli məhkəmə əmrinə üzürsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Siyəzən rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli, 2(059)-591/2015 nömrəli məhkəmə əmrinə əsasən ondan və X1 müştərək qaydada cəmi 17.785 ABŞ dolları borc və 20 manat dövlət rüsümü “Nikoyl” İnvestisiya Kommersiya bankının xeyrinə tutulmuşdur. Kredit müqaviləsi bağlanılarkən o da müvafiq sənədlərə imza etsə də, faktiki olaraq pulu yeznəsi olan digər borclu Elməddin götürmüşdür. Buna görə də sonrakı dövrlərdə kreditə götürülmüş pulun ödənilib-ödənilməməsi ilə maraqlanmamışdır. Sonda Şəxs əməlində qərəzliliyin olmadığını nəzərə alaraq, inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X4 məhkəmədə bildirdi ki, icra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, borcluya sənədini 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Siyəzən rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli, 2(059)-591/2015 nömrəli məhkəmə əmrindən görünür ki, X1 və Şəxs müştərək qaydada 17.785 ABŞ dolları borc və 20 manat dövlət rüsumu “Nikoyl” İnvestisiya Kommersiya bankının xeyrinə tutulmalıdır. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 16 oktyabr 2015-ci il tarixli qərardan görünür ki, Siyəzən rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli, 2(059)-591/2015 nömrəli məhkəmə əmrinə dair icra sənədi üzrə Goranboy rayon İcra Şöbəsində icraata başlanılmış, borclular X2 və Şəxs icranı 10 gün müddətinə könüllü olaraq təmin etmələri təklif edilmiş, qərarın surəti Şəxs 04 noyabr 2020-ci il tarixdə şəxsən təqdim edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasları təşkil edir. İş materiallarından isə görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru yalnız borclunun izahatını almaqla kifayətlənmiş, lakin icra sənədinin icra edilməsinə nail olmaq üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsində müəyyən edilmiş məcburi icra tədbirləri tətbiq etməmişdir. Məhkəmə hesab edir ki, icra sənədinin icra edilməsinə nail olmaq üçün bütün lazımi tədbirlər görmədən Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Siyəzən rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli, 2(059)- 591/2015 nömrəli məhkəmə əmrinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-266/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-266/2021
01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver