Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-267/2021 11.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Əlimirzəyev Süleyman Ömər oğlunun iştirakı ilə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından Əlimirzəyev Süleyman Ömər oğlu tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə Əlimirzəyev Süleyman Ömər oğlu Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib cərimə edilmişdir. Əlimirzəyev Süleyman Ömər oğlu həmin qərardan şikayət verib. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Əlimirzəyev Süleyman Ömər oğlu işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, xx xxxxxx 2021-ci ildə yaşayış yerini tərk etməsi üçün rəsmi icazə alıb dayısının avtomobili ilə gedərkən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Araz” marketin qarşısında yol-nəqliyyat qəzasına düşmüşlər. Bununla əlaqədar olaraq onlar Suraxanı rayon DYPŞ-nə dəvət edilmiş, həmin şöbədə olduqları vaxt SMS icazəsinin vaxtı bitmişdir. Yeni Ramanı qəsəbəsindəki postu keçərkən polis əməkdaşları tərəfindən saxlanılmış və ona cərimə yazılmışdır. Lakin cərimənin məbləği qərarda göstərilmədiyinə görə hansı miqdarda cərimə edildiyini bilmir. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət qismən təmin olunmalıdır. Əlimirzəyev Süleyman Ömər oğlunun mobil telefonuna xx xxxxxx 2021-ci ildə saat 13:33-də 8103 nömrəsindən gəlmiş məlumata işin məhkəmə baxışı zamanı baxış keçirilmişdir. Həmin məlumat aşağıdakı məzmundadır: «aze09121907 nömrəsi üzrə sorğunuz təsdiqləndi. Artıq 3 saat müddətinə yaşayış yerinizi tərk edə bilərsiniz. 3 saatdan artıq vaxt üçün tibbi arayış tələb olunur». Bu məlumatda göstərilən seriya və nömrə Əlimirzəyev Süleyman Ömər oğlunun şəxsiyyət vəsiqəsinə aiddir. Göründüyü kimi, Əlimirzəyev Süleyman Ömər oğlu xx xxxxxx 2021-ci ildə müvafiq icazənin alınması üçün 8103 nömrəsinə SMS göndərmiş və ona həmin gün saat 13.33dən etibarən 3 saat müddətində yaşayış yerini tərk etməyə icazə verilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin yanvar 2021-ci ildə saat 13.33-dən 16.33-dək yaşayış yerini tərk etməsinə icazəsi olub. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarında və inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokolda isə Əlimirzəyev Süleyman Ömər oğlunun xx xxxxxx 2021-ci ildə karantin qaydasını pozduğu göstərildiyinə baxmayaraq, müvafiq yoxlamanın konkret olaraq saat neçədə həyata keçirildiyi qeyd edilməmişdir. Bununla yanaşı, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarında Əlimirzəyev Süleyman Ömər oğluna tətbiq olunmuş inzibati tənbeh növü (cərimə tətbiq olunubsa, bunun miqdarı) konkret göstərilməmişdir ki, bu da Azərbaycan Respublikası İXM-nin 115.1.5-ci maddəsinin tələbinə ziddir. Əlimirzəyev Süleyman Ömər oğlunun müvafiq dəlilinin inzibati xəta haqqında qərar qəbul edilərkən araşdırıldığı da iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət qismən təmin olunsun. Əlimirzəyev Süleyman Ömər oğlunun Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-267/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-267/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver