Məhkəmə qərarları › İş №3(010)-2679/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2679/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2679/2024 03.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, Suraxanı rayon DYPŞ Yol patrul xidməti inspektoru polis baş serjantı X1 iştirakı ilə, Şəxs, xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan və ünvan 2iyyatda olan, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti istiqamətində idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbini pozaraq, avtoxuliqanlıq etmişdir. Şəxs barəsində Suraxanı rayon DYPŞ Yol patrul xidməti inspektoru polis baş serjantı X3 tərəfindən 02 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmiş və müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, 2 və yaxud 3 aydır müddətdir ki, sosial şəbəkədə həmin videonu paylaşdığını, hazırda o, öz səhvini başa düşdüynü, buna görə qorxu və stress keçirdiyini, özünün də idmançı olduğunu və karate ilə məşğul olduğunu və törətdiyi əməldən çox peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon DYPŞ Yol patrul xidməti inspektoru polis baş serjantı X3 izahatında göstərdi ki, Şəxs “Chevrolet Cruze” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, Gəncə Prospekti ilə hərəkətdə olarkən bir neçə dəfə yol hərəkəti qaydalarını pozaraq ziqzaqvari hərəkətlər etmiş, həmin hərəkətləri etməsi ilə bağlı sosial şəbəkədə video paylaşmış, bununla da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbini pozaraq, avtoxuliqanlıq etmişdir. Şəxs hərəkətlərində avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər olduğundan, 02 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında İXP seriyalı ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 02 iyun 2024-cü il tarixli, İXP seriyalı ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə qərəzli hərəkətlər etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş video-görüntüdən görünür ki, “Chevrolet Cruze” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, Gəncə Prospekti ilə hərəkətdə olarkən bir neçə dəfə yol hərəkəti qaydalarını pozaraq ziqzaqvari hərəkətlər etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olduğunu, ilk dəfə inzibati məsuliyyətinə cəlb edilməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tələbinə görə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf edib əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa inzibati xəta törətmiş şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən saat 14:50-dən hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadın Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar