Məhkəmə qərarları › İş №3(010)-269/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-269/2021

11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-269/2021 11.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə Sabunçu rayon DYPŞ-nin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2021-ci ildə tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Sabunçu rayon DYPŞ-nin vəzifəli şəxsi tərəfindən xx xxxxxx 2021-ci ildə qəbul olunmuş TP seriyalı ******* nömrəli qərarla X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. X3 həmin qərardan şikayət verib. X3 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, xx xxxxxx 2021-cü ildə yaşayış yerini tərk etməsinə icazə almaq üçün saat 14:20-də istifadəsində olan mobil telefondan 8103 nömrəsinə SMS göndərmişdir. Belə ki, səhhətində yaranan problemlərlə əlaqədar Bakı şəhərində yerləşən “Güvən” tibb klinikasına getmək istəyirdi. Şəxsiyyət vəsiqəsinin məlumatlarını və 1 rəqəmini 8103-ə göndərdikdən 15 dəqiqə sonra saat 14:35-də mobil telefonuna SMS gəlmiş və o, SMS-in məzmununa baxmadan, onu təsdiq mesajı hesab edərək yaşadığı ünvanı tərk etmişdir. Saat 14:39 radələrində Sabunçu rayon DYPŞ YPX inspektoru, polis baş leytenantı X2 onu saxlayaraq yaşayış yerini tərk etməsinə icazəsinin olub-olmadığını soruşmuş, o, isə icazəsinin olduğunu bildirmiş və sözlərinin təsdiqi kimi mobil telefonunu ona təqdim etmişdir. Polis əməkdaşı araşdırdıqda məlum olmuşdur ki, icazə almaq üçün 8103 sisteminə SMS göndərərkən texniki səhvə yol vermiş, o cümlədən şəxsiyyət vəsiqəsinin seriyasını AA olduğu halda SA kimi göstərmişdir. Bu səbəbdən ona rəsmi icazə verilməmiş, o, isə SMS-in məzmunu ilə tanış olmadan, onu təsdiq SMS-i hesab edərək yaşayış yerini tərk etmişdir. Bunu əsas tutan polis əməkdaşı onun barəsində xx.xx.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 manat cərimə etmişdir. O, bu qərarla razı olmadığını şifahi şəkildə polis əməkdaşına bildirmiş, sözügedən inzibati xətaya yol vermək niyyətinin olmadığını onun nəzərinə çatdırmış, bunun sadəcə texniki yanlışlıq üzündən baş verdiyini və haqqında daha yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Ancaq polis əməkdaşı bunlara heç bir əhəmiyyət verməmişdir. Göstərilənlərə əsasən barəsində olan qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. «Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020ci il tarixli 488 nömrəli qərarı ilə 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri müəyyən edilmişdir. Həmin Qərarın 2.7-ci bəndinə əsasən «Bu Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E- Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: 2.7.1. 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2.7.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir)». X1 mobil telefonuna 8103 nömrəsindən xx xxxxxx 2021-ci ildə saat 14.35-də gəlmiş məlumata işin məhkəmə baxışı zamanı baxış keçirilmişdir. Həmin məlumat aşağıdakı məzmundadır: «Hörmətli istifadəçi, göndərmiş olduğunuz məlumatlar tam olmadığı üçün sizin müraciətinizə baxmaq mümkün deyil». Beləliklə, X1 elə özü tərəfindən bildirilənlərlə, həmçinin yuxarıda qeyd edilən məlumatın məzmunu ilə müəyyən olunur ki, onun xx xxxxxx 2021-ci ildə saat 14.39-da müvafiq icazəsi olmayıb (həmin vaxtda küçəyə çıxmaq üçün Nazirlər Kabinetinin yuxarıda istinad olunan qərarı ilə müəyyənlişdirilmiş qaydada icazə almayıb). Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib cərimə edilməsinə dair Sabunçu rayon DYPŞnin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Sabunçu rayon DYPŞ-nin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabunçu rayon DYPŞ-nin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar