Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2705/2025 21.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş SİMDNX 1 saylı Bakı Regional Bölməsinin böyük məsləhətçi müfəttişi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 1 saylı Bakı Regional Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 1 saylı Bakı Regional Bölməsinin 24 iyul 2025-ci il tarixli məktubu ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə tərtib edilmiş 24 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün 29 iyul 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. 24 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, həmin tarixdə Şəxs tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ünvanında yerləşən 3 saylı meliorativ quyudan şəxsi məqsədlər üçün istifadə olunaraq su təsərrüfatı qurğusunun istismar qaydalarına riayət olunmamışdır. Buna görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 24 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş SİMDNX 1 saylı Bakı Regional Bölməsinin böyük məsləhətçi müfəttişi X5 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, mütəmadi olaraq bölgələrdə monitorinqlər keçirilir. Monitorinqlər keçirilən zaman 24 iyul 2025-ci il tarixdə Şəxs tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ünvanında yerləşən 3 saylı meliorativ quyudan şəxsi məqsədlər üçün istifadə olunaraq su təsərrüfatı qurğusunun istismar qaydalarına riayət olunmadığı müəyyən edilmişdir. Bu zaman Şəxs izahatı alınmış və onun iştirakı ilə akt tərtib olunmuşdur. Şəxs əməlini səmimi etiraf etmişdir. Həmçinin bir ay sonra əraziyə baxış keçirilmiş, Şəxs tərəfindən su matoru ordan götürülmüş və yenidən quraşdırma halı olmamışdır. Bildirmişdir ki, quyu Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidmətinin balansındadır (bununla bağlı məhkəməyə rəsmi sənəd təqdim edir). Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Protokolu müdafiə etdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə, həmçinin mobil telefonla çağırış olunmasına baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati material üzrə toplanmış sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMin 264.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan aktdan və fotoşəkildən görünür ki, 24 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ünvanında yerləşən 3 saylı meliorativ quyudan şəxsi məqsədlər üçün istifadə olunaraq su təsərrüfatı qurğusunun istismar qaydalarına riayət olunmamışdır. İş materiallarında olan Şəxs izahatından görünür ki, 24 iyul 2025-ci il tarixdə onun tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ünvanında yerləşən quyudan ərazini sulamaq üçün su götürmüşdür. Həmin hərəkətin inzibati məsuliyyət olması barədə məlumatı olmamışdır. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən İXM-nin 264.0.2-ci maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni 264.0.2. su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarına əlavə edilmiş pasportun surətindən görünür ki, rejim müşahidə qurğusu Hövsan qəsəbəsində quraşdırılmış, Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin balansındadır. X1 haqqında Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən hidrotexniki qurğu - su anbarları, bəndlər, magistral sunəqledici kəmərlər, su elektrik stansiyaları, sutullayıcı, suburaxıcı, suqəbuledici, sudurulducu, suötürücü, su nasosxanaları, tunellər, kanallar, kollektorlar, səviyyəəlaqələndirici, sahilqoruyucu, sahilbərkidici, məcranizamlayıcı, balıqburaxan və balıqqoruyucu, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları (estakadalar, estakadayanı meydançalar, stasionar dəniz platformaları, su mühiti ilə qarşılıqlı təsirdə olan, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və gəmilərin dayanması üçün nəzərdə tutulmuş mühəndis-texniki qurğular, gəmiburaxan şlyüzlər), habelə yeraltı və yerüstü su ehtiyatlarından istifadə etmək və suyun zərərli təsirlərinin qarşısını almaq üçün istifadə olunan digər xüsusi mühəndis-texniki qurğulardır. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən X1 aşağıdakı tələblər əsasında təmin olunur: 6.1.1. qurğularda qəza riskinin müəyyən olunması; 6.1.2. qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib edilməsi və ona riayət edilməsi; 6.1.3. qurğuların istismarının fasiləsizliyi; 6.1.4. qurğuların təhlükəsizliyinin təmin olunması üzrə tədbirlərin hazırlanması, həyata keçirilməsi, o cümlədən onların təhlükəsizlik meyarlarının müəyyən edilməsi, texniki vəziyyətinə nəzarət etmək üçün lazımi vasitələrlə təchiz olunması, istismar heyətinin tələb olunan texniki ixtisas dərəcələrinin təmin olunması; 6.1.5. qurğularda fövqəladə halların qarşısını almaq məqsədi ilə qabaqlayıcı kompleks tədbirlərin görülməsi; 6.1.6. qurğuların təhlükəsizliyinin təmin olunması üzrə tədbirlərin maliyyələşdirilməsi; 6.1.7. qurğuların təhlükəsizlik dərəcəsinin müəyyən edilmiş həddən aşağı düşməsinə səbəb olan hərəkətlərə (yaxud hərəkətsizliyə) görə məsuliyyətin müəyyənləşdirilməsi. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hazırki iş üzrə inzibati xəta haqqında protokol, protokolu tərtib etmiş şəxsin izahatı, barəsində protokol tərtib olunmuş şəxsin izahatı, 000208 nömrəli 24 iyul 2025-ci il tarixli Akt, fotoşəkillər sübutlar qismində qiymətləndirilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məhkəmə tərəfindən Şəxs İXM-nin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 264.0.2ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxx 1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozunda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2705/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2705/2025
21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver