Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2708/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X4 və zərərçəkmiş şəxs X6 iştirakları ilə, xx xxxx 1985-ci ildə Tovuz rayonu, Bayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Tovuz rayonu, Bayramlı ərazi dairəsi, Bayramlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsədəsi, Südçülük sovxozu, nömrəsiz evdə yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 29 may 2025-ci il tarixdə Binə qəsəbəsində X8 döyərək sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarət yetirmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X1 12 iyun 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti 30-cu polis şöbəsinin müvafiq əməkdaşına həvalə edilmişdir. Buna görə də Şəxs barəsində 30 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X7 bildirdi ki, Şəxs 29 may 2025-ci il tarixdə Binə qəsəbəsində qeyri-rəsmi yaşadığı X8 döyərək sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bu xüsusat vətəndaş X6 ərizə və izahatı, həmçinin iş materialına əlavə edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 386 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X1 12 iyun 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti toplanmış rədd materialı ilə birlikdə icra edilməsi üçün ona həvalə edilmişdir. Buna görə də, tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, X10 ilə 4 ildir ki birlikdə qeyri-rəsmi olaraq ər arvad kimi yaşayır. Özü CM-nin 178.1-ci maddəsi ilə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqribən bir ay qabaq Aygün öz adına Chevrolet markalı avtomobili götürərək taksi fəaliyəti göstərmək üçün ona vermişdir. Aylıq 670 manat krediti o ödəməli idi. Krediti ödəyə bilmədiyi üçün bank avtomobili əllərindən almışdır. X6 4 dəfə narkoz aldığını və əsəbi olduğunu bildirmişdir. Aygünlə mübahisə etdiyi həmin gün ondan evdən getməyini istədiyi üçün geyim əşyalarını götürərək yaxınlıqda olan kafedə pivə içən zaman Aygün övladı ilə ora gələrək əlindən telefonu almaq istəmiş telefonu verməmişdir, sonra kafenin qarşısında küçədə onunla aralarında mübahisə yaranmış, bu zaman o, telefonu yerə vuraraq sındırmış, aralarında yaranmış mübahisə zamanı o, özünü müdafiə etmək üçün Aygünün qolunu dişləmiş, Aygün isə onun qolundan vuraraq xəsarət yetirmişdir. Sonda Şəxs barəsində yüngül həddə inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahatında bildirdi ki, Şəxs ilə 4 ildir ki, birlikdə qeyri-rəsmi olaraq ər arvad kimi yaşayır. Onunla aralarında müxtəlif vaxtlarda mübahisələr yaranmışdır. Hazırda onun yaşadığı evdə qalır. Bir neçə dəfə Sərxandan evdən çıxmasını istəsə də lakin o, buna məhəl qoymamış və onunla birlikdə yaşamağa davam etmişdir. Özü işləyib uşağına baxsa da, Sərxan işləməyərək yalnız ondan pul almaqla yaşamağa çalışır. Bildirmişdir ki, Şəxs ona ər kimi dəstək olmur, hamıdan borc pul götürür və borc yiyələri onun üstünə gəlib pulu ondan istəyirlər. Təqribən bir ay bundan öncə ilkin olaraq 5000 manat pul ödəyərək kreditlə Sərxana Chevrolet onix markalı avtomobili götürərək vermişdir ki, taksi fəaliyyəti göstərsin ona günlük 40 manat ödəniş etsin. Avtomobili götürdüyü müddətdən Sərxan heç bir ödəniş etməmiş və avtomobil əllərindən çıxmışdır. Hadisənin baş verdiyi gün aralarında mübahisə yaranmış, Sərxana evdən getməsini istəmiş və bu zaman Sərxan evdən çıxıb getmişdir. Sonra Sərxana verdiyi telefonu götürmək üçün kafeyə getmiş və orada aralarında yaranmış mübahisə zamanı Sərxan onun sol qolundan dişləyərək xəsarət yetirmişdir. Şəxs etdiyi hərəkətlərdən bezdiyini, dəfələrlə aralarında mübahisə olsa da rəsmi müraciət etmədiyini lakin hazırki iş üzrə etdiyi əməl barədə rəsmi müraciət etdiyini, barışmaq fikrinin olmadığını, ona barışıq hüququnun olmasının izah olunduğunu, lakin Şəxs həbs olunmasını və bununla da onun həbsdən çıxdıqdan sonra ondan uzaq durmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X10 DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sistemindən Şəxs onu təhqir edib döyməsi barədə daxil olan müraciəti 30-cu PŞ-də HK-1/1552 sayda raportla qeydiyyata alınmışdır. Aparılmış təhqiqat zamanı X2 RPİ-nin 30-cu PŞ-nə vermiş olduğu ərizə və izahatda bildirmişdir ki, Şəxs ilə 4 ildir ki, birlikdə qeyri-rəsmi olaraq ər arvad kimi yaşayır. Onunla aralarında müxtəlif vaxtlarda mübahisələr yaranmışdır. Hazırda onun yaşadığı evdə qalır. Bir neçə dəfə ondan evdən çıxmasını istəsə də lakin o, buna məhəl qoymayır və onunla birlikdə yaşayır. Təqribən bir ay bundan öncə ilkin 5000 manat pul ödəyərək kreditlə ona Chovralet onix markalı avtomobili götürərək Sərxana vermişdir ki, taksi fəaliyyəti göstərsin ona günlük 40 manat ödəniş etsin. Avtomobili götürdüyü müddətdən Sərxan heç bir ödəniş etməmiş, avtomobilin kreditinin ödənişi yaxınlaşdığı üçün xx.xx.2025-ci il tarixdə ona zəng vuraraq kreditin vaxtının çatmasını bildirmişdir. Sərxan isə ona, avtomobili daha idarə etməyəcək həyətə qoyacağını bildirmişdir. Bu söhbətlərdən sonra aralarında sözlə mübahisə yaranmışdır. Sərxan onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş, onun söyüşlərinə qarşılıq vermişdir. Sonra ona verdiyi telefonu götürmək üçün kafeyə getmiş yolda olduğu zaman onunla aralarında yaranmış mübahisə zamanı Sərxan onun sol qolundan dişləyərək xəsarət yetirmişdir. O, da Sərxana xəsarət yetimişdir. Araşdırma zamanı məlum olmuşdur ki, hadisəni törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi əlaməti yaranmışdır. Toplanmış material üzrə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Odur ki, həmin şəxs barəsində inzibati təsir tədbirləri görülməsindən ötrü toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsi üçün aidiyyəti əməkdaşa həvalə olunması xahiş olunmuşdur. Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 386 saylı rəyində göstərilmişdir ki, vətəndaş A.A.Manafovanın bədənində aşkar edilmiş xəsarətlər sol bazu nahiyəsində ətrafı qançırlı və üzərində çoxsaylı sıyrıqlar zədə yetirən səthi məhdud olan küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən dişləmədən yetirilə bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını ətraflı tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 157-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-nin 53.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hazırkı iş üzrə tərəflər arasında barışıq olmamış, əksinə zərərçəkmiş şəxs X3 İbrahimovdan şikayətçi olmasını və onun həbs olunması məhkəmədən xahiş etmişdir. Həmçinin hadisənin baş verdiyi gündən hazırki günədək Şəxs tərəfindən barışığa cəhd olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hazırki iş üzrə zərərçəkmiş şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin izahatları, məhkəmə tibbi ekspertizasının rəyi, inzibati xəta haqqında protokol, iş materiallarına əlavə edilmiş digər sənədlərlə Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs İXM-nin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. Məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiq deyildir. Çünki şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunmaqla cəzasını çəkdiyi müddət ərzində islah olunmaq əvəzinə inzibati hüquqpozma törətməsi, eləcə də qanunvericiliyin humanist yanaşmasından istifadə etməyərək barışığa cəhd etməməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olması, Şəxs inzibati cərimə olunması gələcəkdə növbəti münaqişələrin baş verməsinə şərait yaradacaq, zərərçəkmiş şəxs ona qarşı qanunsuz hərəkətlərin davam edəcəyindən və bunun gələcəkdə daha ağır cinayət əməli ilə nəticələnəcəyindən narahatdır. Şəxs azadlıqda olması zərərçəkmiş şəxs üçün hazırki vəziyyətdə təhlükəlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 157-ci maddəsinin sanksiyasında daha ağır inzibati tənbeh olaraq iki ayadək inzibati həbs nəzərdə tutulduğundan İXM-nin 31.4-cü maddəsinə əsasən həmin cəzanın yuxarı həddinin dörddə biri 15 gün müddət sayılır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı qərarın elan olunduğu 30 iyul 2025-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2708/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2708/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver