Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2782/2024 10.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı Rayon DYPŞ tərəfindən qəbul edilmiş 23 may 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı Rayon DYPŞ tərəfindən qəbul edilmiş 23 may 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. X4 həmin qərardan Suraxanı Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 13 may 2024-cü il tarixində Bakı şəhəri, Əmircan qəsəbəsi, X.Ələkbərov küçəsi 103 istiqamətində hərəkətdə olan vaxt Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin inspektoru tərəfindən saxlanılmışdır. Saxlanılan vaxt inspektor heç bir sübut olmadan heç bir videogörüntü olmadan əsassız şəkildə onun idarə etdiyi avtomaşını saxlamış və şifahi olaraq bildirmişdir ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbini pozmuş, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, bu səbəbdən protokol tərtib edərək ərazidən çıxıb getmişdir. Qanunun tələbləri inspektor tərəfindən pozulmuş və sübuta yetirmədiyi halda ona protokol tərtib etmişdir. O, bir daha qeyd edir ki, heç bir pozuntuya yol verməmişdir. Ona cəriməni ödəmədiyi üçün 13 may 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib edilmiş və icraya göndərilmişdir. Tamamilə əsassızdır. Suraxanı Rayon Polis İdarəsinə və inzibati tənbeh vermə haqqında qərardan şikayət etmiş şəxs X3 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Suraxanı Rayon Polis İdarəsinin nümayəndəsi və inzibati tənbeh vermə haqqında qərardan şikayət etmiş şəxs X4 məhkəməyə gəlməmişlər. X1 məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, 10 iyul 2024-cü il tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak etməməsi üzrlü hesab edilsin, iclas onun iştirakı olmadan keçirilsin, şikayətini müdafiə edir, 23 may 2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini, inzibati işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən Suraxanı Rayon Polis İdarəsinin nümayəndəsinin və inzibati tənbeh vermə haqqında qərardan şikayət etmiş şəxs X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 23 may 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 18:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Xanlar Ələkbərov küçəsi 103 ərazisində “Mercedes Benz S500” minik markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin İX bəndində əsasən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Suraxanı Rayon DYPŞ tərəfindən qəbul edilmiş 23 may 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan, X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Suraxanı Rayon DYPŞ tərəfindən qəbul edilmiş 23 may 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-2782/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2782/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver