Məhkəmə qərarları › İş №3(010)-279/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-279/2021

13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-279/2021 13.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə xx xxxx 1967-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, Azərbaycan Xəzər Dəniz Gəçmiçiliyi QSC-də Dəniz yolları və dibdərinləşdirmə xidmətinin elektrik-qaz qaynaqçısı işləyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2020-ci ildə saat 07:18-də “Opel Astra” minik markalı 99FS754 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 329.1-ci (təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə) və 333.1-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Suraxanı Rayon Məhkəməsinin 3(010)-806/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Şəxs həmin qərardan şikayət vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1934/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin həmin qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işin məhkəmə baxışı zamanı bildirmişdi ki, əslində xx xxxx 2020-ci ildə saat 07:10-da Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanıldığı vaxt sərxoş vəziyyətdə olmayıb. O, alkotesterlə yoxlanılmış, lakin sərxoş vəziyyətdə olmadığına baxmayaraq, polis əməkdaşı onun guya sərxoş olduğunu bildirmişdir. Polis əməkdaşı, onu aldadaraq bir sənədə imza etdirmiş, eyni sənəddə guya spirtli içki qəbul etdiyinə, həmçinin həkim müayinəsindən keçməyə ehtiyac olmadığına dair qısa məzmunlu yazı yazdırmışdır. Sonradan, yəni xx xxxx 2020-ci ildə saat 09:20-də özü ayrıca həkim müayinəsindən keçmiş, bu müayinənin nəticəsi olaraq sərxoşluq vəziyyətində olmadığı müəyyən edilmişdir. Şəxs işin məhkəmə baxışı zamanı həmçinin bildirmişdir ki, «Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında» xx xxxx 2020-ci il tarixli 642195 nömrəli protokoldakı hər iki imza və müvafiq yazı onun özü tərəfindən icra edilib. Lakin iş materiallarında olan xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda adı qarşısında edilmiş imza ona məxsus deyil, kənar şəxs tərəfindən saxtalaşdırılıb. Şəxs bildirir ki, müvafiq hadisələr xx xxxx 2020-ci il tarixində baş vermiş, xx xxxx 2020-ci il tarixində isə yol polisi ilə əlaqəli heç bir sənədə imza etməmiş, yol polisi əməkdaşları ilə ümumiyyətlə heç bir ünsiyyətdə olmamışdır. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin idarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan görünür ki, 1967-ci il təvəllüdlü Şəxs xx xxxx 2020-ci ildə saat 07.10-da xüsusi texniki vasitədən istifadə olunmaqla müayinədən keçirilmiş, nəticədə onun alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Həmin protokolda Şəxs özü tərəfindən edilmiş qeydlə xüsusi texniki vasitənin (alkotesterin) göstəricisi ilə razı olduğunu və həkim müayinəsindən keçməsinə ehtiyac olmadığını, bir daha spirtli içki qəbul edib avtomobili idarə etməyəcəyini bildirmişdir. Şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldakı xətt və imzalar ona məxsusdur. xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol da Şəxs tərəfindən imzalanıb. Lakin Şəxs İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldakı imzanın ona məxsus olmadığını bildirdiyi nəzərə alınaraq Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Bununla əlaqədar xx xxxx 2021-ci ildə verilmiş 4/253 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Ekspertizaya təqdim edilmiş inzibati işin 5-ci vərəqində Şəxs adına olan xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda “Şəxs” yazıları qarşısındakı imza, 7-ci vərəqində “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” xx xxxx 2020-ci il tarixli 642195 nömrəli protokoldakı “Söz verirəm ki, bir də spirtli içki qəbul edib avtomobili idarə etməyəcəm. Həkimə getməyə ehtiyac yoxdur. Alkotesterin göstəricisini gördüm. Razıyam” yazıları və həmin yazılardan aşağıda yerləşən imza, “Nəqliyyat vasitəsini idarə edən şəxsin imzası:” qrafasında “Şəxs” yazıları və həmin yazıların qarşısındakı imza eyni bir şəxs Şəxs tərəfindən icra olunmuşdur”. Məhkəmə həmin rəyi nəzərdən keçirərək hesab edir ki, o, müvafiq halın müəyyən edilməsi ilə bağlı mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun da Şəxs özü tərəfindən imzalandığı müəyyən edilir. Göründüyü kimi, Şəxs “Opel Astra” minik markalı 99FS754 dövlət qeydiyyat nişanlı avtomobili xx xxxx 2020-ci ildə saat 07:18-də alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyini polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt etiraf etmiş, alkotesterin nəticəsi ilə razılaşaraq həkim müayinəsindən keçməsinə ehtiyac olmadığını bildirmiş, bunlarla yanaşı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla da razılaşaraq onu imzalamışdır. Şəxs tərəfindən təqdim edilmiş «Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» ilə bağlı xx xxxx 2020-ci il tarixli 1/384 nömrəli protokolla əlaqəli məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki (həmin protokolda Şəxs xx xxxx 2020-ci ildə saat 09.20-də həkim müayinəsindən keçdiyi, nəticədə ayıq olmasının müəyyən edildiyi göstərilir), müvafiq müayinə xüsusi texniki vasitə ilə aparılmış ilk müayinədən 02 saat 10 dəqiqə sonra keçirilib. Bu müddət ərzində tibbi və s. vasitələrdən istifadə olunmaqla orqanizmdə alkoqolun miqdarının aşağı salınmasına və orqanizmdən alkoqolun xaric edilməsinə nail olmaq mümkündür. Beləliklə, işin faktik hallarını məcmu şəkildə qiymətləndirərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, o, həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşı iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. İXM-nin 43.1-ci maddəsinə əsasən «Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar». Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsi həmin Məcəllənin 329-cu maddəsini məhkəmələrin səlahiyyətlərinə aid etməyib. «“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından “Məcəllənin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə), 342.1.1 – 342.1.8, 342.1.11, 342.2, 342.5 – 342.7, 344, 356.1, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla), habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10cu, 346-cı və 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – X1nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X1 İdarəsinin, X1 idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X1 şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları» tərəfindən baxılır. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə «Eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər». Həmin qərarın nəticəvi hissəsinin 1-ci bəndinə əsasən «Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir». Yuxarıda istinad edilənlərdən görünür ki, Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya dair işlərə baxılması məhkəmələrin deyil, Daxili İşlər Nazirliyinin aidiyyəti struktur qurumlarının və vəzifəli şəxslərinin səlahiyyətinə aiddir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair material Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ekspertlərə verilməli olan məbləğlər Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərə aiddir. Həmin Məcəllənin 55.2-ci maddəsinin tələbinə görə «Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir…». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair material baxılıb, səlahiyyəti çərçivəsində qərar verilməsi üçün Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar