Məhkəmə qərarları › İş №3(010)-2821/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2821/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2821/2025 07.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin böyük icra məmuru Əzizxan Eminovun və X1 iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, Sabunçu Tibb mərkəzində tibb bacısı işləyən, məhkumluğu və əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-16(010)- 148/2025 nömrəli icra sənədinə əsasən ərizəçi X2 xx.xx.2025-ci il təvəllüdlü X4 və X5 ilə həftədə bir dəfə, hər həftənin şənbə günü saat 13:00-dan 15:00-dək uşaqların anası Şəxs iştirakı ilə ünsiyyətdə olması müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-16(010)-148/2025 nömrəli icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədini könüllü olaraq icra etməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini hazırki günədək icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 07 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş böyük icra məmuru Əzizxan Eminov məhkəmədə izahatında bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada 16 may 2025-ci il tarixdə icraata başlanılmış, borcluya icranı könüllü olaraq təmin etməsi təklif olunmuş və bildirişi borclu xx.xx.2025-ci il tarixdə şəxsən imza edərək qəbul etmişdir. Bundan əlavə borclunun izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədinin icrasını təmin etməmişdir. Tələbkar borcludan şikayətçidir. Göründüyü kimi borclu onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməmişdir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə 07 avqust 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar X3 izahatında bildirdi ki, icra vərəqəsi 16 may 2025-ci il tarixdən qəbul olunsa da, borclu xx.xx.2025-ci il tarixdə icra vərəqəsi ilə şəxsən tanış olmuş, həmin tarixdən bu günə cəmi 1 dəfə Suraxanı Rayon İcra Şöbəsində uşaqları ilə görüşə bilmiş və həmin görüş icra məmuru tərəfindən aktlaşdırılmışdır. X13 Xidmətində işlədiyindən həftə ərzində işdə olur, yalnız şənbə və bazar günü evdə olur. 02 iyun 2025-ci il tarixdən hazırki günədə cəmi bir dəfə körpələrini icra şöbəsində görmüşdür. İkinci dəfə uşaqlarla görüşmək istəyən zaman borclunun valideynləri ona evə gəlib uşaqları görməsini bildirmişlər. Uşaqları görmək üçün borclunun evinə gedən zaman onların şər-xəta olduqları üçün özünə məxsus mobil telefon ilə videoçəkiliş etmişdir. Həmin vaxt atası ilə borclu birlikdə səs-küy salmışlar, onu təhqir etmişlər, atası onu öldürməklə hədələmiş və onu söyərək geri göndərmişlər. Bununla da uşaqlarla görüş baş tutmamışdır. Həmin videogörüntünü məhkəməyə təqdim etmişdir. O, boşanma ilə bağlı işlərinin məhkəmədə olduğunu, özünün boşanmaq istəmədiyini, lakin Könülün ailə üzvlərinin onların ailəsinə təzyiqlər göstərdiyini bildirmişdir. Təzəlikcə Suraxanı rayon Məhkəməsində Şəxs barəsində eyni maddə ilə iş olmuş, atası iclas zalından hakim tərəfindən kənarlaşdırıldıqdan sonra Könüllə uşaqları ona göstərməsi barədə razılaşdıqları üçün iş üzrə icraata xitam verilmişdir. Sonda borclu Şəxs barəsində daha ciddi inzibati tənbeh tətbiq edilməsini və uşaqlarını görmək üçün köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, icra şöbəsində icra məmurunun ona təqdim etdiyi xx.xx.2025-ci il tarixli bildirişi imza edib qəbul etmiş və həmin tarixdən bugünə kimi tələbkar uşaqları ilə 3 dəfə görüşmüşdür. Görüşün iki dəfəsi icra şöbəsində və bir dəfəsi isə evdə baş tutmuşdur. Uşaqlarda müəyyən narahatçılıq olduğuna görə görüş gününün dəyişdirilməsi ilə bağlı icra şöbəsinə bir neçə dəfə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Həkim ona uşaqlarda narahatçılıq olduğu üçün uşaqları rayona və dənizə aparmağı məsləhət görmüşdür. Həftə sonları görüşün təşkil olunması onun tərəfindən mümkünsüzdür. Sonda Şəxs barəsində yüngül həddə inzibati tənbehin verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-16(010)-148/2025 nömrəli icra sənədinə əsasən ərizəçi X2 xx.xx.2025ci il təvəllüdlü X4 və X5 ilə həftədə bir dəfə, hər həftənin şənbə günü saat 13:00-dan 15:00-dək uşaqların anası Şəxs iştirakı ilə ünsiyyətdə olması müəyyən edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 16 may 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-16(010)- 148/2025 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 16 may 2025-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-16(010)-148/2025 nömrəli qətnaməsinə dair icra vərəqəsində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. X1 məhkəməyə təqdim etdiyi video-yazısı olan diskə baxış keçirilmişdir. Diskə baxış keçirərkən müəyyən olunmuşdur ki, tələbkar uşaqları görmək üçün borclunun evinə gedən zaman atası ilə borclunun anası birlikdə səs-küy salmışlar, onu təhqir etmişlər və söyərək geri göndərmişlər. Həmin gün X1 uşaqlarla görüşü baş tutmamışdır. İş materiallarında olan ərizədən görünür ki, borclu ƏlŞəxs müəyyən qurumlara müraciət edərək bildirmişdir ki, əri Elnur Əsgərov ailəsini saxlaya bilmir, əri ona şər-böhtan ataraq boşanmaqdan yayındırmaq istəmişdir. Boşanmada fikrinin qəti olmasını bildirərək ona köməklik olunmasını xahiş etmişdir. İş materiallarında olan ərizədən görünür ki, borclu Ələsgərova X7 Rayon İcra Şöbəsinə müraciət edərək bildirmişdir ki, əri Elnur Əsgərovun uşaqları ilə görüşün Suraxanı Rayon İcra Şöbəsində hakimin və icra məmurunun iştirakları ilə həftədə bir dəfə səhər saat 10:00-da təşkil olunmasını xahiş etmişdir. İş materiallarında olan ərizədən görünür ki, borclu Ələsgərova X7 Rayon İcra Şöbəsinə müraciət edərək bildirmişdir ki, məhkəmə qərardadında azyaşlı körpələrinin atası X3 ilə görüş yeri göstərilmədiyindən, o, məcburiyyət qarşısında qalaraq, körpələri icra məmurunun tələbi ilə atası ilə görüşə icra şöbəsinə gətirmək məcburiyyətində qalır. Bu da körpələrə narahatçılıq yaradır. Bu səbəbdən də, xx.xx.2025-ci il təvəllüdlü X4 və X5 azyaşlı körpələrinin atası X3 ilə həftədə bir dəfə, hər həftənin şənbə günü harada görüşməsi ilə qərardadın icrasına izah olunması barədə məhkəməyə ərizə ilə müraciət edilməsini xahiş etmişdir. İş materiallarında olan ərizədən görünür ki, borclu Ələsgərova X7 Rayon İcra Şöbəsinə müraciət edərək bildirmişdir ki, körpələri evdən kənara çıxara bilmədiyi üçün, qərardadın icrasının təmin edilməsinə heç bir etiraz göstərməyərək, onların atası X3 ilə görüşünü, yaşadığı ünvanda icra məmurunun iştirakı ilə təmin edilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X3 övladları ilə həmin tarixdə Suraxanı Rayon İcra Şöbəsində görüşmüşdür. İş materiallarında olan ərizə-izahatdan görünür ki, borclu Ələsgərova X7 Rayon İcra Şöbəsinə müraciət edərək bildirmişdir ki, X3 onu təhqir etdiyi üçün uşaqları onunla görüşdürmək istəmir və uşaqlar alergiyalı olduğuna görə həkim uşaqları çölə çıxartmağa icazə vermir. İş materiallarında olan 07 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Suraxanı rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-16(010)-148/2025 nömrəli icra sənədinə əsasən X2 hər həftənin şənbə günü saat 13:00-dan 15:00-dək uşaqları ilə ünsiyyətdə olması müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Suraxanı rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-16(010)-148/2025 nömrəli icra sənədinə əsasən ərizəçi X2 xx.xx.2025ci il təvəllüdlü X4 və X5 ilə həftədə bir dəfə, hər həftənin şənbə günü saat 13:00-dan 15:00-dək uşaqların anası Şəxs iştirakı ilə ünsiyyətdə olması müəyyən edilmişdir. Bundan başqa tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından müəyyən olunmuşdur ki, Şəxs tələbkarın uşaqlarla görüşməsinə qəsdən şərait yaratmamış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-16(010)-148/2025 nömrəli qətnaməsi icra olunmamışdır. Hazırda tələbkar borcludan şikayətçidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 528-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Hazırkı iş üzrə icra vərəqəsinin icrası olunması ilə bağlı hal yoxdur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədi istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Hazırki iş üzrə barəsində protokol tərtib olunmuş X6 tərəfindən dəfələrlə pozuntulara yol verilərək icra vərəqəsinin icra olunmasına maneə törədilmiş, nəticədə tələbkarın uşaqları ilə görüşü baş tutmamışdır. Bu isə tələbkarın haqlı narazılığına səbəb olmaqla məhkəmə aktına borclu tərəfindən laqeyd və saymazyana münasibət sərgiləməsinə gətirib çıxarmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-nin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Hazırki iş üzrə Şəxs himayəsində iki azyaşlı uşaq olduğundan qeyd olunan maddənin tətbiq edilməsi istisna olunur. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İXM-nin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. İnzibati xətanı törətmiş şəxs barəsində həbs tətbiq oluna bilmədiyindən, o cümlədən İXM-nin 528.1-ci maddəsinin sanksiyasında 500 manatdan 1000 manatadək inzibati cərimə nəzərdə tutulduğundan onun barəsində İXM-nin 34-1-ci maddəsi tətbiq edilməklə daha az miqdarda inzibati cərimə tətbiq edilməsi zərurəti yoxdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs himayəsində 2 azyaşlı uşağının olmasını İXM-nin 32-ci maddəsinə əsasən iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 48-51, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, Sabunçu Tibb mərkəzində tibb bacısı işləyən, məhkumluğu və əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar