Məhkəmə qərarları › İş №3(010)-2888/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2888/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2888/2024 12.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu DİN Baş Dövlət Yol Polisi İdarəsinin 20 mart 2019-cu il tarixli EQ seriyalı 874595 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: DİN Baş Dövlət Yol Polisi İdarəsinin 20 mart 2019-cu il tarixli EQ seriyalı 874595 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərardan Nərimanov Rayon Məhkəməsinə şikayət vermişdir. Nərimanov Rayon Məhkəməsinin 3(005)-1688/2024 nömrəli iş üzrə 03 iyun 2024cü il tarixli qərardadına əsasən X1 şikayəti aidiyyəti üzrə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Yuxarıda qeyd olunduğu kimi, EQ seriyalı 874595 nömrəli qərar 20 mart 2019-cu ildə verilib. Şikayət isə məhkəməyə 12 iyun 2024-cü ildə, yəni 05 il 02 ay 23 gündən sonra təqdim edilib. Şikayətçi müvafiq prosessual müddətin bərpası ilə bağlı vəsatəti məhkəməyə təqdim etməmişdir. Beləliklə, təqdim olunmuş sənədlərlə X1 Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinin tələblərinə əməl etməsi halı müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında qərardan şikayət verilməsi müddətinin buraxılması icraatı rədd edən hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: DİN Baş Dövlət Yol Polisi İdarəsinin 20 mart 2019-cu il tarixli EQ seriyalı 874595 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair X1 şikayəti geri qaytarılsın. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar