Məhkəmə qərarları › İş №3(010)-2892/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2892/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2892/2024 12.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 12 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Xətai Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(011)-5507/2022 nömrəli icra vərəqəsi ilə borclu Şəxs iki uşağa görə 400 manat aliment alınaraq tələbkar X2 ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Həmin məsələyə baxaraq məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarından görünür ki, Şəxs "xxxx" MMC-də satıcı, topdansatış müəssisələri kimi işləyir və aylıq əmək haqqısı 400 manat təşkil edir. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 isə bu halı araşdırmamış və İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində qeyd edilən məcburi tədbirlərinə tam riayət etməmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: -borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; -tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; -tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; -icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; -bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Müəyyən olunur ki, borclunun əmək haqqı İcra haqqında Azərbaycan Respublikasının Qanununun 68-ci maddəsində nəzərdə tutulmuş tələbin yönəldilməsinə yol verilməyən pul məbləğinə aid deyildir. Buna baxmayaraq, icra məmuru tərəfindən tələb borclunun əmək haqqına yönəldilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iş yeri barədə məlumatı əhəmiyyətli sayır. Belə ki, icra sənədi üzrə məbləğin onun əmək haqqına yönəldilməsi ilə bağlı zəruri tədbirlərin icra məmuru tərəfindən görülüb-görülməməsi Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə yekun qərara təsir göstərə bilər. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 12 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Suraxanı rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar