Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2895/2024 13.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin inzibati binası Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 12 iyun 2024-cü ildə saat 20:00-da inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 12 iyun 2024-cü ildə saat 19:10 radələrində polis əməkdaşının qanuni tələblərinə tabe olmamış və eləcə də, xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru X5 tərtib etdiyi MN seriyalı ******* nömrəli 13 iyun 2024-cü il tarixli protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:10 radələrində Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin məsul növbətçi əvəzi İslam Cəfərov xidmətdə olarkən X1 oğlu Şəxs yaxınlaşaraq səbəb bildirmədən polisin ünvanına nalayiq ifadələr işlədərək, hüquq pozmalarına son qoymamış, NH-in iş rejimini kobud şəkildə pozmuşdur. Vətəndaş Şəxs PŞ-nin inzibati binasına özbaşına daxil olaraq yüksək səs tonu ilə Azərbaycan polisinin ünvanına aşağılayıcı və təhqiramiz ifadələr işlətmiş bu qanunsuz hərəkəti ilə şöbə əməkdaşlarının fəaliyyətini və növbətçi hissənin iş rejimini 20- 25 dəqiqə müddətində pozmuş, qəbula gələn digər vətəndaşların nəzər və diqqətini cəlb etməyə cəhd etmişdir. Onlarla aparılan porfilaktiki söhbətlərə baxmayaraq Şəxs polisin və onun iş fəaliyyəti barədə sosial şəbəkələrdə mənfi xarakterli ifadələr səsləndirəcəyini, bununla bağlı şantaj xarakterli ifadələr işlədərək şöbənin rəis müavini, polis mayoru Cəmil Məmmədovun xidməti otağına girməyə cəhd etmişdir. Onun qarşısını kəsən şöbənin əməkdaşları ona sakitçiliyə riayət etməsi, qəbula gələn digər vətəndaşların pozulmaması barədə edilmiş xahişə Şəxs küçə söyüşləri ilə polis əməkdalaşlarına cavab vermiş, zorla rəis müavininin xidməti otağına daxil olmaq istəyərkən əməkdaşlar tərəfindən saxlanılmışdır. Göstərilənlərə əsasən Şəxs barəsində qanuna müvafiq olaraq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 12 iyun 2024-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən anasına məxsus olan bağ evinin çəpərindən görüntü kamera oğurlandığı üçün anası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məlumat verdikdən sonra Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişlər. Atası hadisə yerində olmadığı üçün atası ilə əlaqə yaratmaq mümkün olmadığından anası müvəqqəti olaraq ərizə yazmaqdan imtina etmişdir və bildirmişdir ki, atası ilə əlaqə yaratdıqdan sonra 30-cu polis şöbəsinə yaxınlaşıb ərizə yazacaqdır. Anası atası ilə əlaqə yaratdıqdan sonra şöbəyə gəlmişlər. Rəis müavini ilə görüşmək istədiklərini növbətçi hissəyə bildirmişlər. Bundan sonra qəbulda olaraq hadisə barədə danışmışlar, onlara demişlər ki, ərizə yazsınlar. Onlar isə bildirmişlər ki, onlara söz vermişlər ki, heç kim gəlib getmiyəcək, kameranı qoyaraq nəzarət etsinlər, lakin kameranı oğurlayıblar. Rəis müavini təkrar olaraq ərizə yazmaqlarını bildirmişdir. Şöbənin qarşısında bir müddət dayandıqdan sonra qərara gəlmişlər ki, ərizə yazmaq istəmədiklərini rəis müavininə bildirsinlər. Bunu şöbənin növbətçi hissəsinə bildirdikdə, polis əməkdaşlarından biri gedə bildiklərini demişdir. Onlar rəis müavininin otağına tərəf gedərkən isə digər polis əməkdaşı ucadan rəis müavini onları qəbul etmək istəmədiyini bildirmişdir. Bu zaman rəis müavininin otağından çıxan mülki geyimli şəxs qışqıraraq təhqiredici ifadələrlə onlara çölə çıxmaqlarını demişdir. Onlar həmin şəxsə rəis müavini ilə görüşmək istədiklərini dedikdə, həmin şəxs onun boğazından yapışıb söyüş söyərək çölə çıxmağını demişdir. Bu zaman polis əməkdaşları onu müvəqqəti saxlanma yerinə aparmışlar. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30cu polis şöbəsinin polis sahə inspektoru X3 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixində saat 19:10 radələrində Suraxanı RPİ-nin 30-cu polis şöbəsində xidmətdə olan zaman polis şöbəsinin növbətçi hissəsinin qarşısında olan vətəndaşın yüksək səslə və DİO-nın əməkdaşlarının ünvanına nalayiq küçə söyüşləri söydüyünü polisin iş rejiminin kobud sürətdə pozmasını görmüşdür. O, və PŞ-nin digər əməkdaşları həmin şəxsə sakitçiliyə riayət etməsini, iş rejimini pozmamasını və PŞ-nə gəlmiş digər vətəndaşların hüquqlarını pozmaması barədə dəfələrlə xəbərdarlıq etdiklərinə baxmayaraq sonuncu öz hərəkətlərini davam etdirərək polis şöbəsinin inzibati binasında polis şöbəsinin rəis müavini polis mayoru Cəmil Məmmədovun xidməti otağına icazə almadan girməyə cəhd etmişdir. Dəfələrlə qəbulda olmasına, Şəxs bütün hüquq və vəzifələri izah olunmasına baxmayaraq heç bir əsas və səbəb olmadan yenidən qəbul icazəsiz girmək istəmiş, Şəxs ilə aparılan profilaktik söhbətlərə məhəl qoymadan öz qanuna zidd hərəkətlərini davam etdirərək polis şöbəsinin iş rejimini kobud sürətdə pozmuş və polisin iş fəaliyyəti ilə əlaqədar olaraq sosial şəbəkələrdə şantaj xarakterli paylaşımlar edəcəyini, polisin nüfuzuna xələl gətirəcək paylaşımlar edəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs həmin inzibati xətanı törətməsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 13 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolu ilə, Şəxs iş materiallarında olan izahatı, məhkəmə iclasında verdiyi ifadəsi və şahid ifadəsi ilə tam sübuta yetirildiyindən, o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirləndirildiyi daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 (yüz əlli) manat miqdarında cərimə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-2895/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2895/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver