Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2897/2025 29.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 iştirakı ilə, 30 oktyabr 1984-cü ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 23C3YXU, evli, ali təhsilli, baş mühasib vəzifəsində işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y M, AB massivi ev 74, mənzil 21-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin inspektoru, polis mayoru X2 tərəfindən qəbul edilmiş 03 avqust 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 06 iyul 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin inspektoru, polis mayoru X2 tərəfindən qəbul edilmiş 03 avqust 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. 08 avqust 2025-ci il tarixdə X4 Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin polis mayoru X2 tərəfindən qəbul edilmiş 03 avqust 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Hazırki iş üzrə qərardan şikayət vermə müddəti ötürülməmişdir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Hazırki iş üzrə X6 ünvan 1 ünvanında yaşadığından və inzibati xəta Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində baş verdiyindən inzibati xəta haqqında işə İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xətanın törədildiyi yerdə baxılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X6 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 23:52-də Suraxanı rayonu, Yeni Günəşli massiv AB ünvanında yerdə qırıq-qırıq xəıttin olduğu 1.11 üfiqi nişanlanma xəttindən sağdan sola doğru olmaqla əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr edən zaman yolun kənarında dönmə zolağında saxlayan Şaqman markalı avtomobil ona mane olmuşdur. Qarşıdan gələn avtomobilin məsafəsinin 150-200 metr olduğunu görmüş və qoşa xəttin tələbini pozmadan, heç bir qayda pozuntusu etmədən iki cəhdə çətinlik çəkərək dönmə əməliyyatını icra etmişdir. Bildirmişdir ki, qarşıdan gələn avtomobilə heç bir mane törətməmiş, dönən zaman heç bir qanun pozuntusuna yol verməmiş, qarşıdan gələn avtomobil ona yol vermişdir, döndükdən sonra isə Suraxanı rayon X10 şöbəsinin əməkdaşı onu saxlamış və ona Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat cərimə yazmışdır. O, polis əməkdaşından video-görüntü tələb etsə də, polis əməkdaşı ona video-görüntü təqdim etməmişdir. Onu saxlayan polis əməkdaşı Feyzulla Feyzullayev onunla kobud rəftar etdiyindən DİN-nin 102 və 902 zəng xidmətinə müraciət etmişdir. Protokolun tərtib olunma vaxtı ilə qərarın qəbul olunması arasında 27-28 gün müddət vardır. Bildirmişdir ki, qanunsuz olaraq onun barəsində protokol tərtib olunmuşdur. Qeyd etdiklərinin nəzərə alınmasını, barəsində tərtib olunmuş inzibati protokolun və tətbiq olunmuş cərimənin ləğv edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmiş, lakin məhkəmədə tədqiq edilməsi üçün 01 ədəd videogörüntü olan DVD disk təqdim edilmişdir. Məhkəmə, Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin inspektoru, polis mayoru X2 tərəfindən qəbul edilmiş 03 avqust 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, X4 barəsində Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 06 iyul 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. X6 həmin protokoldan narazı qalmışdır. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin inspektoru, polis mayoru X2 tərəfindən qəbul edilmiş 03 avqust 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququna malikdir. Lakin qeyd olunan inzibati xəta ilə əlaqədar videogörüntülər şəxsə təqdim edilməmiş və inzibati tənbeh tətbiq olunarkən videogörüntülərə baxış keçirilməmişdir. Məhkəmə, Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin polis mayoru X1 inzibati tənbeh tətbiq etmə haqqında 03 avqust 2025-ci il tarixli qərarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, X6 tərəfindən yol hərəkəti qaydalarının pozulması və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Hazırki iş üzrə qərarda əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə inzibati xətası qeyd olunsa da videogörüntüdən aydın şəkildə görünür ki, yolda 1.11 üfiqi nişanlanma xətti var və Emil Quliyev həmin qırıq-qırıq xətt olan hissədən dönmə əməliyyatını icra etmək istəsə də həmin zonada yük avtomobili qanunsuz olaraq parklanmanı icra etdiyindən, Emil Quliyev çətinlikdə dönmə əməliyyatını icra edir və bu əks istiqamətdən gələn nəqliyyat vasitəsinin qəfil tormozlamasına, istiqamətini dəyişməsinə və digər hərəkətlərin edilməsinə səbəb olmamışdır. X8 Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Qanunun 61-ci maddəsinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Qanunun 69-cu maddəsinə əsasən üfiqi nişanlanma xətləri həmin maddənin 11-ci bəndinə əsasən 1.11 — yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir. X8 Qanunun 42-ci maddəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sübutlarla kifayət qədər öz təsdiqini tapmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş videogörüntü olan DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, X6 xx.xx.2025-ci il tarixdə saat 23:52-də Suraxanı rayonu, Yeni Günəşli massiv AB ünvanında 1.11 üfiqi nişanlanma xəttinin olduğu yerdən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr edən zaman yolun kənarında parlanma edən Şaqman markalı avtomobil ona mane olmuş, o, qarşıdan gələn avtomobilə heç bir mane törətməmiş, manevr edən zaman heç bir qanun pozuntusuna yol verməmiş, qarşıdan gələn avtomobil ona yol vermiş və döndükdən sonra isə Suraxanı rayon X10 şöbəsinin əməkdaşı onu saxlamışdır. Onun dönmə əməliyyatını qanunla yol verilmiş hissədən icra etməsi əks istiqamətdən gələn nəqliyyat vasitəsinə hər hansı maneə yaratmamış, onun qəfil tormozlanmasına və istiqamətini dəyişməsinə səbəb olmamışdır. Bakı şəhər Suraxanı rayonu X10 Şöbəsinin əməkdaşı 27 gün ərzində heç bir araşdırma aparmadan X4 barəsində 03 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Məhkəmə iclasında X6 hər hansı qanun pozuntusuna yol vermədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla da həmin qərarda İXM-nin 76.1-ci maddəsində sadalanmış konkret hər hansı bir sübuta, həmçinin İXM-nin 77 – 83-cü maddələrində müəyyən edilmiş hər hansı bir sübut növünə istinad edilməmişdir. Məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. Belə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. Şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, lakin inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, iş üzrə barəsində protokol tərtib edilmiş şəxs təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübut toplanmamışdır. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi mötəbər sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X4 əməlində İXM-nin 327.2-ci maddəsinin tərkib əlaməti yaranmır. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan həmçinin 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə şəxsin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, X4 əməlində Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti mövcud olmadığından Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin inspektoru, polis mayoru X2 tərəfindən qəbul edilmiş 03 avqust 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Odur ki, X5 ona dəymiş mənəvi zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. X4 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin inspektoru, polis mayoru X2 tərəfindən qəbul edilmiş 03 avqust 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X5 ona dəymiş mənəvi zərərə görə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2897/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2897/2025
29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver