Məhkəmə qərarları › İş №3(010)-2898/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2898/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2898/2025 19.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X6 qızının katibliyi ilə X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29633068 nömrəli protokolun və həmin protokol əsasında tərtib olunmuş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29633068 nömrəli protokolun və həmin protokol əsasında tərtib olunmuş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə dövlət qeydiyyat nişanı **-VC-*** olan “Opel Zafira” markalı minik avtomobilini idarə edərkən Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Oba” marketin qarşısında avtomobilini avtomobil yolunun kənarında, yəni səkinin kənarında saxlamışdır. Lakin TŞ kamerası vasitəsilə onun idarə etdiyi avtomobil çəkilərək yol hərəkət qaydalarını pozduğunu əsaslandırmadan İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən “ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlığında digər nəqliyyat vasitələrinin dayanması qaydalarının pozulması səbəbi ilə EQ 29633068 nömrəli protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu qərəzli olaraq tərtib etmiş, eyni zamanda, həmin polis nəfəri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş protokolun tərtib edilmə prosedurunu (yerini, vaxtını, şəraitini və gedişatını və s.) qanunazidd olaraq həyata keçirmişdir. O, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində idarə etidyi avtomobili avtobus dayanacağından kifayət qədər aralı məsafədə saxlamışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə qeyd edilmişdir ki, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlığında digər nəqliyyat vasitələrinin dayanması qadağandır. Guya inzibati xəta törətməyi ilə bağlı çəkilmiş fotoşəkli çəkən polis əməkdaşının dayanacaqdan 15 metrdən az məsafədə avtomobilini saxlamağını necə ölçməsini, necə dəqiqləşdirməsini başa düşülməzdir. Həmçinin küçədə quraşdırılmış TŞ kamerası vasitəsilə fotoşəkil çəkib cərimə protokolu yazmaq qanunaziddir. Guya inzibati xəta törətməyi ilə bağlı çəkilmiş fotoşəkil kifayət qədər yaxınlaşdırıldığı üçün həmin fotoşəkilə baxdıqda həqiqətən də onun qayda pozuntusu törətməyinə inam yaranır. Belə ki, fotoşəkilə diqqətlə baxdıqda görünür ki, sanki hər iki metrdən bir işıq dirəkləri vardır. Lakin heç də fotoşəkildə olduğu kimi deyil. O, həmin cərimə ilə əlaqədar çəkilmiş fotoşəkilə baxdıqdan sonra qeyd edilən əraziyə gedib həmin yeri ölçmüşdür. Həmin fotoşəkilə baxdıqda görünür ki, onun avtomobilinin ön hissəsi səkinin kəsik olan hissəsi ilə yanaşıdır. O, həmin səkinin kəsik olan yerindən, yəni avtomobiinin dayandığı yedən 5.12, 5.13 yol nişanının olduğu yerə qədər məsafəni ölçmüş və məlum olmuşdur ki, həmin məsafə 20 metrdir. O, nəinki avtobus dayanacağından, hətta quraşdırılmış nişandan 15 metr aralı məsafədə avtomobilini saxlamışdır. Lakin buna baxmayaraq həmin ərazidə quraşdırılmış TŞ kamerası vasitəsilə onun avtomobilinin fotoşəkli qərəzli və qanunsuz olaraq çəkilmişdir. Həmçinin bu cür hallar, yəni qanuna zidd olaraq hər hansı bir xətanın dəqiqləşdirilmədən protokollaşdırılması vətəndaşlarda haqlı narazıçılığa səbəb olur. Beləliklə, yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarına görə polis əməkdaşı inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilən inzibati tənbeh vermə barədə qərarının zəruri proseduralara riayət edilməsi hallarını, habelə inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin olmasını sübut etməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi və şikayətçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və şikayətçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli EQ 29633068 nömrəli protokola əsasən tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 10:54-də Suraxanı rayonu, Hövsan qəsəbəsində OPEL ZAFİRA minik markalı, 99VC819 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlığında digər nəqliyyat vasitələrinin dayanmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Qərara bu barədə foto materiallar əlavə olunmuşdur; iş materiallarına şikayətçi tərəfindən məhkəməyə təqdim olunan beş ədəd foto material əlavə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli EQ 29633068 nömrəli protokola əsasən tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 10:54-də Suraxanı rayonu, Hövsan qəsəbəsində OPEL ZAFİRA minik markalı, 99VC819 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlığında digər nəqliyyat vasitələrinin dayanmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Qərara bu barədə foto materiallar əlavə olunmuşdur. X1 inzibati cərimənin qanunsuz yazıldığını ərizəsində qeyd edərək bildirmişdir ki, fotoşəkilə diqqətlə baxdıqda görünür ki, sanki hər iki metrdən bir işıq dirəkləri vardır. Lakin heç də fotoşəkildə olduğu kimi deyil. O, həmin cərimə ilə əlaqədar çəkilmiş fotoşəkilə baxdıqdan sonra qeyd edilən əraziyə gedib həmin yeri ölçmüşdür. Həmin fotoşəkilə baxdıqda görünür ki, onun avtomobilinin ön hissəsi səkinin kəsik olan hissəsi ilə yanaşıdır. O, həmin səkinin kəsik olan yerindən, yəni avtomobiinin dayandığı yedən 5.12, 5.13 yol nişanının olduğu yerə qədər məsafəni ölçmüş və məlum olmuşdur ki, həmin məsafə 20 metrdir. O, nəinki avtobus dayanacağından, hətta quraşdırılmış nişandan 15 metr aralı məsafədə avtomobilini saxlamışdır. Lakin buna baxmayaraq həmin ərazidə quraşdırılmış TŞ kamerası vasitəsilə onun avtomobilinin fotoşəkli çəkilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli EQ 29633068 nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli EQ 29633068 nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər onun iştirakı ilə ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli EQ 29633068 nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X2 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissəsində şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli EQ 29633068 nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar