Məhkəmə qərarları › İş №3(010)-2899/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2899/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2899/2025 11.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin inzibati binası Kərimov Namiq Həsrət oğlunun sədrliyi Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidmətinin inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 2003-cü ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yolpatrul xidmətinin inspektoru X2 tərəfindən 09 avqust 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 09 avqust 2025-ci il tarixdə saat 17:21 radələrində idarə etdiyi “Mercedes E270 CDİ” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidmətinin inspektoru X2 tərtib etdiyi 09 avqust 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokola əlavə edilmiş kompakt diskdə əks olunmuş videoçəkilişə baxış zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş qayda pozuntusunu törətməsi bir daha öz təsdiqini tapmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər, həmçinin kompakt diskdə əksini tapan sözügedən qayda pozuntusunun videoçəkilişləri ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 511.1.3-cü maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf edərək səmimi peşam olmasını inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallat müəyyən edilmədi. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini və məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar