Məhkəmə qərarları › İş №3(010)-29/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-29/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-29/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxx 1997-ci ildə Rusiya Federasiyası, Tümen vilayəti, Noyabrsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 90 nömrəli evin, 114 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 21:40 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində satılması qadağan olunmuş pirotexniki vasitələr satmışdır. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində inzibati xəta törədilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində, idarə etdiyi “Toyota Prius” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobildə pirotexniki vasitələrin satışını həyata keçirmişdir. Şəxs həmçinin pirotexniki vasitələri Binə ticarət mərkəzindən 2019-cu ildə aldığını, lakin onları bu il satmaq qərarına gəldiyini, satışının qadağan olduğunu bilmədiyini, bir daha satışı qadağan olunmuş malların satışı ilə məşğul olmayacağını və Azərbaycan Respublikasının qanunlarına tabe olacağını bildirdi. Sonda Şəxs məhkəmədən törətdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə inzibati xəta törətdiyini və cavanlığını nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X2 ifadə verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 21:40 radələrində inzibati ərazidə xidmət apararkən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində Şəxs satılması qadağan olunmuş pirotexniki vasitələr satdığını aşkar edib sonuncunu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət etmişdir. Bölmədə Şəxs izahatı alındıqdan sonra onun barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X1 xx xxxxxx 2020-ci il tarixli raportundan görünür ki, o, həmin tarixdə inzibati ərazi, yəni Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində bir nəfər şəxsin “Toyota Prius” markalı nəqliyyat vasitəsində satışı qadağan edilmiş pirotexniki vasitələr satışını həyata keçirdiyini aşkar edib, həmin şəxsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Bundan başqa, iş materialarında olan xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X2 tərəfindən hal şahidlərinin iştirakı ilə Şəxs 26 ədəd “SKY ROCKETS”, 08 ədəd “Roman Candle” markalı, 06 ədəd “Magic Shots 40s”, 16 ədəd “X4 Report”, 11 “SKY ROCKETS”, 02 ədəd “Roman Candle” 0.8”, 01 ədəd “A-16”, 20 ədəd “ZTS”, 02 bağlama “CRACKER”, 01 ədəd “SOFİA”, 03 ədəd “BOMB granate”, 22 ədəd “TP 2000”, 03 ədəd “P 23”, 04 ədəd “EAC”, 03 ədəd “ZEWGA”, 14 ədəd “Top”, 50 ədəd “4 Bawgs”, 13 ədəd “ENİGMA E00D”, 01 ədəd “DİNAMİT”, 33 ədəd “ENİGMA EOOD 25 B”, 26 ədəd “Torpil”, 01 ədəd “FİREWORKS 8” pirotexniki vasitələr götürülmüşdür. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində, inzibati xətanın bilavasitə obyekti olmuş 26 ədəd “SKY ROCKETS”, 08 ədəd “Roman Candle” markalı, 06 ədəd “Magic Shots 40s”, 16 ədəd “X4 Report”, 11 “SKY ROCKETS”, 02 ədəd “Roman Candle” 0.8”, 01 ədəd “A-16”, 20 ədəd “ZTS”, 02 bağlama “CRACKER”, 01 ədəd “SOFİA”, 03 ədəd “BOMB granate”, 22 ədəd “TP 2000”, 03 ədəd “P 23”, 04 ədəd “EAC”, 03 ədəd “ZEWGA”, 14 ədəd “Top”, 50 ədəd “4 Bawgs”, 13 ədəd “ENİGMA E00D”, 01 ədəd “DİNAMİT”, 33 ədəd “ENİGMA EOOD 25 B”, 26 ədəd “Torpil”, 01 ədəd “FİREWORKS 8” pirotexniki vasitələr müsadirə edilməklə, 350 (üç yüz əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar