Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-290/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və icra sənədi üzrə tələbkar X2 iştirakı ilə, Şəxs, xx xxxx 1980-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, boşanmış, iki yetkinlik yaşına çatmayan uşağı olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində xidmət edən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13986/2019 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(103)-13986/2019 nömrəli qətnaməsinə əsasən X2 xeyrinə 6.500 manat ödəməlidir. O, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin zabitidir və 865 manat maaş alır. Hər ay maaşının 60 faizi, yəni 490 manat məbləğində pul vəsaiti ondan X2 xeyrinə tutulur. Beləliklə maaşının cəmi 330 manatı ona qalır və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13986/2019 nömrəli qətnaməsinə əsasən ondan tutulmalı olan 6.500 manatın ödənilməsi üçün maaşından qalan 330 manatdan hər ay 150 manat da tələbkara ödəyə bilər. Belə ki, o hərbçi olduğundan yalnız aldığı maaşla dolanır və hər hansı bir əlavə gəlir yeridə yoxdur. O, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır, sadəcə olaraq yuxarıda qeyd etdiyi səbə görə 6.500 manat məbləğində pul vəsaitini birdəfəlik ödəyə bilməmişdir. Hal hazırda isə həmin məbləğdən tələbkara 450 manat ödəmiş, buna görə də sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bundan əlavə qısa bir zamanda tələbkara həmin borcundan 1.500 manat, qalan məbləği isə hər ay hissə-hissə olmaqla ödəyəcəkdir. Tələbkar onun təklifi ilə razılaşmış və hər hansı bir etirazı yoxdur. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X4 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya icranı dərhal könüllü olaraq təmin etməsi təklif etmiş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Borclunun əmək haqqının 60 faizi aliment tutulması tələbinə yönəldiyindən, hazırki icra sənədi üzrə tutmanı da onun əmək haqqına yönəltmək mümkün deyil. Borclunun adında isə tələbin yönəldilə biləcəyi digər əmlak aşkar edilməmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Borclu yalnız barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxıldığı zaman tələbkara 450 manat ödəniş etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X5 göstərdi ki, Şəxs onun xeyrinə 6.500 manat məbləğində vəsait tutulmalıdır. Borclu həmin vəsaiti ona ödəmədiyinə görə o, icra məmuruna müraciət edərək müvafiq tədbir görülməsini xahiş etmişdir. Hazırda tələbkar ona 450 manat ödəniş etmiş, qısa müddət ərzində də 1.500 manat ödəyəcəyinə, qalan məbləği isə hissə-hissə olmaqla ödəyəcəyinə vəd vermişdir. Buna görə də onun hazırda borcludan hər hansı bir şikayət və tələbi yoxdur. Sonda X.V.Nağıyeva, borclu barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13986/2019 nömrəli qətnaməsinə dair icra sənədindən görünür ki, tərəflərin birgə nikah dövründə alınmış və 13.000 manata satılmış “Toyota Corolla” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiymətinin yarısı 6.500 manat hissəsi Şəxs tutularaq X3 ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəfərov elşən Mirzağa oğlunun xx xxxx 2020-ci il tarixli qərarından, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13986/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata xx xxxx 2020-ci il tarixdə başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmiş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə Şəxs şəxsən təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx xxxxxx 2020-ci il tarixli, 1465 nömrəli arayışından görünür ki, Şəxs xx xxxxxx 2001-ci il tarixindən hərbi xidmətdədir və hal-hazırda N nömrəli hərbi hissədə xidmət edir. 2019-cu ilin iyul ayından etibarən X3 hər ay 320 (üç yüz iyirmi) manat aliment ödənilir. 2019-cu ilin iyul ayından 2020-ci ilin noyabr ayına qədər ödənişlərin məbləği cəmi 5.120 (beş min yüz iyirmi) manat təşkil edir. X6 ödənilən alimentin məbləği hər ay 170 (yüz yetmiş) manat təşkil edir, 2020-ci ilin mart ayından noyabr ayına qədər olan alimentin məbləğinin cəmi 1.530 (min beş yüz otuz) manat təşkil edir. Şəxs aylıq əmək haqqı 865 manat (səkkiz yüz altmış beş) manat 90 (doxsan) qəpik təşkil edir, məbləğin 490 (dörd yüz doxsan) manatı aliment üçün tutulur. İş materiallarında olan qəbzdən görünür ki, borclu Şəxs icra sənədi üzrə tələbkar X3 450 manat pul vəsaiti ödəmişdir. İnzibati xəta hqqqında işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində xidmət edir və aylıq əmək haqqı 865 manat (səkkiz yüz altmış beş) manat 90 (doxsan) qəpik təşkil edir, həmin məbləğin 490 (dörd yüz doxsan) manatı aliment üçün tutulur. Bununla belə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13986/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Şəxs tələbkar X3 450 manat pul vəsaiti ödəmiş, habelə tərəflər qalıq borcun ödənilməsi ilə bağlı öz aralarında razılığa gəlmişlər. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13986/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbkar X3 450 manat pul vəsaiti ödədiyini, buna görə də sonuncunun heç bir şikayət və tələbinin olmadığını, habelə tərəflərin qalıq borcun ödənilməsi ilə bağlı öz aralarında razılığa gəldiklərini nəzərə alaraq hesab edir ki, aylıq gəlirinin təxminən 60 faizinin tələbkar X2 xeyrinə tutulmuş alimentin ödənilməsinə yönəldilmiş Şəxs sözügedən icra sənədini birdəfəlik icra edə bilməməsinə görə onun əməlinin həmin icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 13986/2019 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-290/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-290/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver