Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2900/2025 28.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, evli, məhkumluğu və əlilliyi olmayan, sürücü işləyən, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi ev 46, mənzil 49 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 342.5 və 342.9-cu maddələri ilə barəsində toplanmış inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 342.9-cu maddələri ilə tərtib edilmiş 30 iyul 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Suraxanı Rayon Polis İdarəsinin 08 avqust 2025-ci il tarixli məktubu ilə baxılması üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmiş və 11 avqust 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. 30 iyul 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs, 30 iyul 2025-ci il tarixdə, saat 21:31-də “MERCEDES BENZ V-KLASSE MİNİK” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində hərəkətdə olarkən Bakı şəhəri Suraxanı rayon X6 Şöbəsinin yol patrul xidməti inspektoru, polis başserjantı Nümayəndə tərəfindən saxlanılmış və nəqliyyat vasitəsini müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və sayrışan işıq siqnallarından istifadə etməsi müəyyən edilmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon X7 Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş-serjantı Nümayəndə tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 342.5 və 342.9-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında 30 iyul 2025ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü tam təqsirli bilərək göstərdi ki, 30 iyul 2025-ci il tarixdə, saat 21:31-də idarə etdiyi “MERCEDES BENZ V-KLASSE MİNİK” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində hərəkətdə olarkən Bakı şəhəri Suraxanı rayon X6 Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş-serjantı Nümayəndə tərəfindən saxlanılmışdır. Həmin vaxt nəqliyyat vasitəsini müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalından istifadə etdiyinə görə barəsində protokol tərtib olunmuşdur. Bildirmişdir ki, avtomobil tədbir maşınıdır və onlar tədbirlərdə iştirak etdiyinə görə səs siqnalından istifadə edir. Avtomobilə təkcə səs siqnalı quraşdırılmışdır. Siqnalı qısa müddət olar ki, avtomobilə özü quraşdırmışdır. Avtomobil başqasının olsa da özü sürücü kimi işlədiyindən etibarnamə əsasında avtomobili idarə edir. Sonda əməlindən səmimi peşman olduğunu, əvvəllər bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmamağının nəzərə alınmasını xahiş edərək, bir daha bu cür inzibati xəta törətməyəcəyini bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh verilməsini xahiş etdi. Bakı şəhəri Suraxanı rayon X6 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Bakı şəhəri Suraxanı rayon X6 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 342.9-cu maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İXM-nin 342.5-ci maddəsi ilə bağlı işlərə baxılması isə Azərbaycan Respublikası DİN-nin səlahiyyətlərinə aid edilmişdir. İXM-nin 42.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə bu Məcəllənin 40.0.3-cü maddəsində nəzərdə tutulan orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.7, 329 – 331, 332.1 – 332.3, 333.1, 333-1.1, 334.1, 334-1.1, 335.1 – 335.4, 336, 337.1 – 337.4, 338.1 – 338.5, 338.8, 338.9, 339.1, 342.1.1 – 342.1.8, 342.1.11, 342.2 – 342.7, 343.1, 343.4, 343.8, 343-1.1, 343-1.5, 343-1.10, 344, 345, 346, 347, 350.1 (Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 352.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1 – 353.4, 353.6, 354.0.7, 355, 356, 428.5, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346-1.1 və 346-1.5-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10, 324.2, 324.4, 324.7, 324.9, 324-3, 342.1.9, 346-1.2 – 346- 1.4, 348, 350.2, 352.0.2, 352.0.4, 352.0.5, 352.0.7 – 352.0.10, 354.0.1 - 354.0.6 və 354.0.8 – 354.0.10-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş X6 İdarəsinin rəisi, onun müavinləri, Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X6 İdarəsinin rəisi, ərazi polis orqanlarının X6 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X6 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X6 qruplarının rəhbərləri baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-nin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hüquq nəzəriyyəsində inzibati xətaların məcmusunu təşkil edən aşağıdakı əlamətlər qeyd olunmuşdur: iki və ya daha artıq müstəqil tərkibli inzibati xətanın törədilməsi; inzibati xətaların eyni şəxs tərəfindən eyni və ya müxtəlif vaxtlarda törədilməsi; iki və ya daha artıq inzibati xəta törətmiş şəxsin həmin xətaların heç birinə görə inzibati tənbehə məruz qalmaması; törədilən inzibati xətaların hər birinə görə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməməsi; şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olması. X3 əsasən İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. X3 əsasən eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Qeyd olunmalıdır ki, İXM-nin 43-cü maddəsində 342.9-cu maddəsi ilə işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmiş, İXM-nin 342.5-ci maddəsi üzrə işlərə baxılması müvafiq icra hakimiyyəti orqanının yəni Azərbaycan Respublikası DİN-nə aid edilmişdir. Ona görə də məhkəmə yalnız İXM-nin 342.9-cu maddəsi üzrə işə baxmalı və qərar qəbul etməli, digər maddə üzrə qərarın qəbul edilməsi DİN-nin Suraxanı rayon X6 Şöbəsinin səlahiyyətli şəxsinə həvalə edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan videogörüntüyə baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, Şəxs, 30 iyul 2025-ci il tarixdə, saat 21:31-də “MERCEDES BENZ V- KLASSE MİNİK” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində hərəkətdə olarkən Bakı şəhəri Suraxanı rayon X6 Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş-serjantı Nümayəndə tərəfindən saxlanılmış və nəqliyyat vasitəsini müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və sayrışan işıq siqnallarından istifadə etməsi müəyyən edilmişdir. Videogörüntüdən göründüyü kimi, Şəxs polis əməkdaşı ilə söhbət edən zaman əməlini etiraf etmiş, xüsusi (çoxavazlı) səs və sayrışan işıq siqnalı qoşulmuş və işlək vəziyyətdə olması müəyyən edilmiş və polis əməkdaşı tərəfindən maddi sübut kimi götürülərək məhkəməyə təqdim edilmişdir. X4 Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: 1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; 2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər; 3) texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bununla da məhkəmə iclasında tədqiq edilmiş, yuxarıda göstərilən sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri kifayət qədər sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Belə olan halda Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. İş üzrə İXM-nin 32-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edilir. İXMnin 33-cü maddəsinə əsasən məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə işin hallarını, Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalı və inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet dövlət nəfinə müsadirə edilməlidir. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin hadisə yerində müsadirə edilməsi nəzərə alınmalıdır. İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 26, 34, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, evli, məhkumluğu və əlilliyi olmayan, sürücü işləyən, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi ev 46, mənzil 49 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. İş üzrə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet dövlət nəfinə müsadirə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında iş üzrə qərarın surəti Bakı şəhər Suraxanı rayon X6 Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2900/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2900/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver