Məhkəmə qərarları › İş №3(010)-291/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-291/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-291/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X9 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlunun və icra sənədi üzrə tələbkar X1 iştirakı ilə, Şəxs, xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, iki yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 13 nömrəli evin 102 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)- 1563/2018 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxx 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq X4 ödəilməlidir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmiş və nəticədə Şəxs icra sənədi üzrə 7.558 manat ödənilməmiş aliment borcu yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, icra sənədi üzrə mütəmadi olaraq, o cümlədən sonuncu dəfə 2020-ci ilin oktyabr ayında ödəniş etmişdir. Ümumilikdə isə icra sənədi üzrə tələbkara 3.630 manat ödəniş etmişdir. Məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasında qərəzli olaraq yayınmır. Sadəcə olaraq heç yerdə işləmədiyinə görə icra sənədi üzrə öhdəliyini lazımi qaydada icra edə bilməmişdir. Möhlət veriləcəyi təqdirdə icra sənədi üzrə aliment borcunu hissə-hissə olmaqla ödənilməsini təmin edəcəkdir. Sonda Şəxs barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru Əliyev Rövşən Əlimirzə oğlu məhkəmədə bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-1563/2018 nömrəli icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun yaşadığı ünvana göndərilmiş və borcluya icranı könüllü olaraq dərhal icra etməsi təklif olunmuşdur. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qrum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu Şəxs qərəzli şəkildə məhkəmə qərarını icra etmədiyinə görə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs edilmişdir. Bundan sonra borclu icra sənədi üzrə müəyyən ödənişlər etməyə başlamışdır. Borclu icra sənədi üzrə təxminən 11.000 manat borcundan cəmi 3.530 manat ödəniş etməklə kifayətlənmiş, sonradan isə heç bir ödəniş etməmişdir. Nəticədə borclunun icra sənədi üzrə 7.558 manat aliment borcu yaranmışdır. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədində göstərilən borcu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarları bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X5 məhkəmədə bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-1563/2018 nömrəli icra sənədinə əsasən Şəxs xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxx 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq ona ödəilməlidir. Lakin borclu müxtəlif bəhanələr gətirərək icra sənədini icra etmir. Borclu 2019cu ildə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs edildikdən sonra ona müəyyən ödənişlər etməyə başlasa da sonradan yenə də öhdəliyinin icrasından yayınmışdır. Borclu ona 3.630 manat ödəniş etdiyini bildirsə də, əslində 3.530 manat ödəmişdir. Sonda S.Şəxs borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-1563/2018 nömrəli qətnaməsinə dair icra sənədindən görünür ki, Şəxs xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxx 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq X4 ödəilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxx 2018-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-1563/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı dərhal təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, habelə müvafiq olaraq inzibati və cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. İnzibati xəta haqqında işə baxıldığı zaman müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-1563/2018 nömrəli icra sənədi üzrə aliment borcu 7.558 manat təşkil edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı xx xxxxxx 2021-ci il tarixdən, saat 14:40dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar