Məhkəmə qərarları › İş №3(010)-2916/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2916/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2916/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 27 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün 15 avqust 2025-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarını nəzərdən keçirib müəyyən edirəm ki, həmin inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialında olan 27 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli potokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə X1 məxsus avtomobilin 4 ədəd təkərini bıçaqla cırmış və qabaq alın şüşəsini sındıraraq əmlakını məhv etmişdir. İş materiallarına baxış zamanı müəyyən olunmuşdur ki, avtomobilə dəymiş ziyanla bağlı ziyan aktı əldə olunmamış, məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməmiş, əlində bıçaqla digər şəxslərə xəsarət yetirmək təhlükəsi olan Şəxs əməlində xuliqanlıq cinayət əməlinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməmiş, hadisədə iştirak edən bütün şəxslər müəyyən olunaraq izahatları alınmamış, zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləği müəyyən olunmamışdır. Belə ki, iş materialına əlavə edilmiş 17 iyun 2025-ci il tarixli raportdan görünür ki, avtomobilə ziyan vuran şəxs bir nəfər olmamışdır. Həmçinin Şəxs qeyd olunan əməli tək və ya kiminləsə törətməsi dəqiq müəyyən edilməmiş, o cümlədən onun hadisə zamanı sərxoş olub-olmaması vaxtında yoxlanılmamışdır. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən İXM-nin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materialından görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar 26 iyun 2025-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis mayoru Rəhman İsmayılov tərəfindən qəbul edilmiş, lakin vaxtında məhkəməyə göndərilməsi təmin edilməmişdir. İXM-nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Göründüyü kimi Şəxs əməlinə düzgün qiymət verilməmiş və zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləği müəyyən olunmamış, hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməmiş, əməlin konkret olaraq neçə nəfər tərəfindən törədilməsi müəyyən edilməmiş, məhkəməyə təqdim olunmuş sənədlər natamamdır. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 100, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş 27 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar