Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2920/2025 15.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru Xəqani Məmmədovun iştirakları ilə, xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (boşanmış), orta təhsilli, FİN xxxxxxx, işləməyən, əlilliyi olmayan, məhkumluğu olan (hazırda azadlığın məhdudlaşdırılması cəzası çəkən), ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:20 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Ə.Mehablıyev küçəsində yerləşən uşaq parkında özünü şübhəli apardığı üçün Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən bölməyə gətirilmiş və həmin şəxs Səhiyyə Nazirliyinin Narkoloji dispanserindən yoxlanışdan keçirilən zaman sidiyində narkotik vasitə MOP (+), AMP (+), BZO (+), MDMA (+) BAR (+), MET (+) TML (+) PGB (+) MTD (+), THC (+) COC (+) və OPİ (+) maddə aşkar edilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş-leytenantı Kənan Bayramlının 15 avqust 2025-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmasından ötrü qərarın surəti 32-ci Polis Bölməsinin müvafiq əməkdaşına həvalə edilmişdir. Buna görə də 15 avqust 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru Xəqani Məmmədov tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən İXM-nin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru Xəqani Məmmədov izahatında bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:20 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Ə.Mehablıyev küçəsində yerləşən uşaq parkında özünü şübhəli apardığı üçün Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən bölməyə gətirilmiş və həmin şəxs Səhiyyə Nazirliyinin Narkoloji dispanserindən yoxlanışdan keçirilən zaman sidiyində narkotik vasitə MOP (+), AMP (+), BZO (+), MDMA (+) BAR (+), MET (+) TML (+) PGB (+) MTD (+), THC (+) COC (+) və OPİ (+) maddə aşkar edilmişdir. Toplanmış material üzrə CPM-nin 39.1.2ci maddəsinə əsasən cinayət işinin başlanması xx.xx.2025-ci il tarixdə rədd edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 15 avqust 2025-ci il tarixdə protokol tərtib etmişdir. Protokolu müdafiə etdi və təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü tam təqsirli bilərək izahatında göstərdi ki, 4-5 ildir ki, narkotik vasitə istifadə edir, xx.xx.2025-ci il tarixdə saat 21:20 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Ə.Mehablıyev küçəsində yerləşən Uşaq parkında olan zaman Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları ona yaxınlaşaraq özünü qeyri adekvat apardığını bildirərək narkotik vasitə istifadəçisi olub-olmadığını soruşmuşlar. O, cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, lakin üzərində olmadığını səmimi etiraf etdikdən sonra polis bölməsinə dəvət etmişlər. Daha sonra Narkoloji testdən keçdikdən sonra həqiqətən də narkotik vasitə istifadəçisi olduğu təsdiqlənmişdir. Narkotik vasitələri istifadə etdiyi zamanlarda 20 Yanvar metrosunun yanından tanımadığı şəxsdən 20 manat pul müqabilində pul verib aldığını və istifadə etdiyini bildirmişdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu və himayəsində iki azyaşlı uşağının olduğunu nəzərə alaraq məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 32-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis mayoru Ariz Əmirovun və 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis polkovnik-leytenantı Azər Həsənovun raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:20-də inzibati ərazidə xidmət apararkən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən uşaq parkında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, həmin şəxslə söhbət zamanı özünü qeyri adekvat apardığını müşahidə etmişlər, həmin şəxsi Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. PB-də həmin şəxsin xx.xx.1995-ci il təvəlüdlü Şəxs olması məyyən edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, № 2926 saylı narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında aktdan görünür ki, müayinə zamanı Şəxs sidiyində MOP (+), AMP (+), BZO (+), MDMA (+) BAR (+), MET (+) TML (+) PGB (+) MTD (+), THC (+) COC (+) və OPİ (+) aşkar olunmuşdur. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 avqust 2025-ci il tarixli, 4979 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materialına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən alınmış çıxarışdan görünür ki, Şəxs barəsində 30 sentyabr 2022-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, narkomaniya xəstəliyinə tutulduğunu, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə törətdiyi əməldən səmimi peşman olmasını İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. İş üzrə Şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə islah olunmaq əvəzinə İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun ictimai təhlükəliliyinə və hazırda islah olunmadığına dəlalət edir. Azərbaycan Respublikası İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 14 avqust 2025-ci il tarixdə, saat 21:20-də inzibati qaydada tutulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İXM-nin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. İXM-nin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun VSİSndən alınan məlumata əsasən xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31, 37, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı inzibati qaydada tutulduğu 14 avqust 2025ci il tarixdən, saat 21:20-dən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun VSİS-ndən alınan məlumata əsasən xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2920/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2920/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver