Məhkəmə qərarları › İş №3(010)-2924/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2924/2025

20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2924/2025 20.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 18 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Müvafiq məsələləri araşdıraraq qeyd edirəm ki, Azərbaycan Respublikası İXM-nin 100.1.9-cu maddəsinə əsasən inzibati xəta haqqında protokolda «inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər» göstərilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən «İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir». Qeyd olunur ki, inzibati xəta haqqında protokolda inzibati xəta nəticəsində vurulmuş ziyanın miqdarı göstərilməməklə yanaşı, materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vurduğu ziyanla bağlı heç bir mötəbər sübut (məsələn, akt, ekspert və ya mütəxəssis rəyi) əlavə edilməyib. Bundan başqa “inzibati xəta haqqında iş üzrə icraat başlanması və inzibati araşdırmanın aparılması” haqqında qərardadda tarix göstərilməmişdir. Beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli vəzifəli şəxs üzərinə düşən sübutetmə vəzifəsini lazımi qaydada icra etməyib. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göründüyü kimi inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, həmçinin məhkəməyə təqdim olunmuş sənədlər natamamdır. Ona görə də inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 18 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə qaytarılsın. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar