Məhkəmə qərarları › İş №3(010)-2929/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2929/2022

27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2929/2022 27.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-in Bakı şəhər X11 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətində və X1 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri BDYPİ-nin TP ******* saylı qərarına əsasən o, AR İXM-nin 327.2-ci maddəsi ilə 60 manat və 03 bal cərimə etmişdir. Qeyd edir ki, Bakı şəhəri, DYPİ-nin polis mayoru X8 inzibati işə baxılması barədə AR İXM-nin pozaraq onu Bakı şəhəri DYPİ-nin 105№-li xidməti otağına dəvət etmişdir. İddia etmişdir ki, o, AR İXM-nin 327.4-cü maddəsinin tələblərini pozmuşdur və müvafiq olaraq 100 manat və 05 bal cərimə edilməlidir. O isə növbəsində bu qayda pozuntusunun necə qeydə alınmasını soruşduqda cavabında polis mayoru pozuntunun xüsusi texniki vasitə ilə qeydə alındığını bildirmişdir. Belə olduğu təqdirdə qayda pozuntusunun onun elektron səhifəsinə video və foto materiallarla göndərilməli olduğunu bildirmişdir. Bunun müqabilində isə polis mayoru X8 vəzifə səlahiyyətlərindən istifadə edərək, onunla kobud davranaraq telefon danışığını yarımçıq dayandırmışdır. Üstündən bir neçə gün keçdikdən sonra isə ona sms vasitəsilə AR İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğu barəsində 60 manat və 3 bal cərimə edildiyini bildirildi. Elektron ünvanını yoxlayarkən qayda pozuntusunun xx.xx.2022-ci il tarixdə qeydə alındığı, lakin AR İXM-yə əsasən 1 sutka ərzində elektron ünvana yerləşdirilməli olduğu halda bu edilməmiş və yalnız xx.xx.2022-ci il tarixdə kabinetə yerləşdirilmiş və eyni tarixdə də sms vasitəsilə bildirilmişdir. Elekron portala baxış keçirən zaman o da məlum olur ki, xüsusi texniki vasitə ilə qeyd olunmuş qayda pozuntusu barəsində elektron kabinetdə heç bir qayda pozuntusu barəsində elektron kabinetdə heç bir foto və video əlavə edilməmişdir. Odur ki, Azərbaycan Respublikası DİN-in Bakı şəhər X11 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin internet səhifəsindən çıxarışda göstərilmişdir ki, TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X6 xx.xx.2022-ci il tarixdə törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. Həmin qərarda göstərilmişdir ki, qərar xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Beləliklə müəyyən edilir ki, hazırda barəsində şikayət verilmiş qərar elektron qərardır (qərarın başlığında da bu qeyd edilmişdir), həmin qərar da göstərilən hadisə xx.xx.2022-ci il tarixdə törədilmişdir. Lakin həmin hadisəyə görə elektron qərar, hadisə törədildikdən 1 ay 8 gün sonra qəbul edilmiş və elektron kabinetə yerləşdirilmişdir. Halbuki, İXM-in 38.6-cı maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.- İXM-İn 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin 53.1.11-ci maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası DİN-in Bakı şəhər X11 İdarəsinin Azərbaycan Respublikası DİN-in Bakı şəhər X11 idarəsinin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar