Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2929/2025 24.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi ilə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə rəisi X3 12 avqust 2025-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə rəisi X3 12 avqust 2025-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilmişdir. X2 həmin qərardan Suraxanı Rayon Məhkəməsinə şikayət verərək, 12 avqust 2025-ci il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokolun, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə rəisi X5 tərəfindən çıxarılmış 12 avqust 2025ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Polis İdarəsinin 33cü Polis Bölməsinin sahə rəisi X6 tərəfindən əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilmiş və 300 manat cərimə olunmuşdur. Belə ki, sözügedən inzibati məsuliyyətə cəlb edilməklə bağlı qərarı oxuyanda elə təəssürat yaranır ki, sanki o, məişət tullantılarını tutumlardan kənar yerə atmışdır. Reallıq isə tamamilə fərqlidir və o, nəinki məişət tullantılarını tutumlardan kənara atmamış, ümumiyyətlə inzibati xəta əməli törətməmişdir. Belə ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, ev 13-də fəaliyyət göstərən "xxxx" MTK-nın sədridir. Məişət tullantılarının daşınması üçün Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" MTK arasında xx.xx.2024-cü il tarixdə, 62/89 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilədə "xxxx" MTK-nın sədri kimi onun imzası və ad soyadı mövcuddur. Binada olan məişət tullantılarının daşınmasını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirirdi əvəzində isə müqaviləyə uyğun olaraq həmin MMC-yə hər ay 180 manat pul ödəyirdilər. Sözügedən məbləğ bina sakinlərindən toplanılırdı və həmin MMC-yə təqdim edilirdi. Bina sakinlərinin ödəmələri gecikdirməsi nəticəsində "xxxx" MMC qarşısında öhdəliklərini icra edə bilməmiş və müəyyən məbləğdə borc yığılmışdır. Qoşmaya əlavə ediləcək Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" MTK- nın rəhbərliyinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan da aydın olur ki, MMC onlardan məhz həmin borcları tələb etmiş və ödənilməyəcəyi halda müqaviləyə xitam veriləcəyini bildirmişdir. Bina sakinlərinin ödənişləri vaxtında etməməsi səbəbindən MMC qarşısında öhdəliklərinı icra edə bilməmişlər və MMC məişət tullantılarının daşınmasından imtina etmişdir. Nəticədə binada yaşayan sakinlər dolmuş tutumların kənarına məişət tullantılarını atmışdır. Məhz bu səbəbə görə də Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X6 tərəfindən əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilmişdir. Göründüyü kimi işin faktiki halları hüquqi hallarına uyğun deyil və bu əsasa görə məsuliyyətə cəlb edilməyi ağlasığmazdır. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş X2 və Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə rəisi X5 məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayətə X1 və Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə rəisi X3 iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət qismən təmin olunmalıdır. Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə rəisi X3 12 avqust 2025-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən «İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır». Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir». Eyni Məcəllənin 124.4-cü maddəsinə əsasən «İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir». Bir daha qeyd olunur ki, şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə rəisi X5 gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə bildirdiklərindən görünür ki, o, inzibati xətanın mövcudluğu ilə razılaşmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xətanın baş verməsi halının sübut etmək vəzifəsi müvafiq vəzifəli şəxsin üzərinə düşür. Buna baxmayaraq, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə rəisi X5 məhkəmə iclasına gəlməmiş, hadisənin baş verməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu hallar Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə nəticələnən mühüm prosessual pozuntu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə rəisi X3 X1 Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsi ilə təqsirli bilinərək 300 manat miqdarında cərimə edilməsinə dair 12 avqust 2025-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərar müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-2929/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2929/2025
24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver