Məhkəmə qərarları › İş №3(010)-2955/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2955/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2955/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X1 qızının katibliyi, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-425/2022 saylı, xx.xx.2022-ci il tarixli və 2(010)- 1759/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərini qərəzli olaraq icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, icra məmuru sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-425/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu ilə razılıq əldə olunmuşdir, buna görə də məhkəməyə ərizə təqdim edərək işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-425/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə hal-hazırda 2000 manat ödəniş edir, ödənilməmiş qalmış 500 manat məbləğində pulu avqust ayına kimi ödəyəcək. Göstərilənlərə nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-425/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdeh Şəxs 3936.50 manat məbləğində dəymiş ziyan və 59.90 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməli, iş üzrə keçirilmiş ekspertiza ilə əlaqədar 500 manat məbləğində qiymətləndirmə xərci cavabdeh Şəxs tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir; icraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-425/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs təqdim edilmişdir; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-5334/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir; Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə Suraxanı rayon İcra şöbəsinə verilən ərizədən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-425/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs bu vaxta qədər ona 650 manat məbləğində pul ödəmişdir; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1759/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Şəxs 11097 (on bir min doxsan yeddi) manat məbləğində maddi zərər və 144 (yüz qırx dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh Şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir; icraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1759/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs təqdim olunmuşdur; Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, borclu Şəxs ilə razılığa gəlmişdir. Belə ki, borclu ona 2000 manat ödəmiş, qalan 500 manat məbləği isə avqust ayında ödəyəcəyinə söz vermişdir. Buna görə də o, hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəxs tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, tələbkar Zərərçəkmiş şəxs ilə razılığa gəlmişdir. Belə ki, o, tələbkara 2000 manat ödəmiş, qalan 500 manat məbləği isə avqust ayına kimi ödəyəcəyinə söz vermişdir. Buna görə də o, hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, tələbkarın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-425/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu tərəfindən 2000 manat ödəniş edilmiş, tərəflər qalıq borcun avqust ayına kimi ödənilməsi barədə razılığa gəlmişlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə borcdan 2000 manat ödəniş edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, tərəflər qalıq borcun avqust ayına kimi ödənilməsi barədə razılığa gəldiyindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar