Məhkəmə qərarları › İş №3(010)-2994/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2994/2022

19.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2994/2022 19.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, X1, 22 aprel 1989-cu ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan, barəsində tərtib edilmiş 11 noyabr 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3, barəsində tərtib edilmiş 11 noyabr 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildiyi vaxtdan başlanılmış hesab edilir. Beləliklə qanunvericiliyin tələbindən də göründüyü kimi səlahiyyətli vəzifəli şəxs inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halları bilavasitə aşkar etdikdə inzibati xəta haqqında protokol tərtib etməklə inzibati xəta haqqında iş üzrə icraata başlayır, lakin inzibati xəta haqqında protokolun tərtib edilməsi şəxsin inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi anlamı daşımır, sadəcə olaraq inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün bir sübut növü sayılır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. X3 isə barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək əvəzinə 11 noyabr 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan şikayət vermişdir. Habelə, X3 şikayət ərizəsinə Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətini də əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan deyil, inzibati xəta haqqında protokoldan şikayət verdiyinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmadığına, habelə mübahisələndirilən inzibati tənbeh tətbiq etmə haqqında qərarın surəti şikayət ərizəsinə əlavə edilmədiyinə görə X1 şikayəti geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Buna görə də məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətini rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan inzibati xətanın törədildiyi yer üzrə və yaxud yaşadığı yer üzrə birinci instansiya məhkəməsinə şikayət etmək hüququnun olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 11 noyabr 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. X2 Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətini rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan inzibati xətanın törədildiyi yer üzrə və yaxud yaşadığı yer üzrə birinci instansiya məhkəməsinə şikayət etmək hüququnun olduğu izah edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardaddan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar