Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-30/2022 14.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun, Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon RPİ-nin 31-ci Polis Bölməsinin vəzifəli şəxsinin 19.12.2021-ci il tarixli EPQ seriyalı ******* saylı qərarından X6 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Suraxanı rayon RPİ-nin 31-ci Polis Bölməsinin vəzifəli şəxsinin 19.12.2021-ci tarixli EPQ seriyalı ******* nömrəli qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə 18.12.2021-ci il tarixli EXP seriyalı ******* nömrəli protokol əsasında verilib. Qərara əsasən X6 18.12.2021-ci ildə Bakı şəhəri, Heydər Əliyev pr, 276 ərazisində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X6 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon RPİ-nin 31-ci Polis Bölməsinin vəzifəli şəxsinin 19.12.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Suraxanı RPİ-nin 19.12.2021-ci il tarixli EPQ seriyalı ******* saylı qərarı ilə barəsində AR İXM-nin 211.1-ci maddəsilə 100 manat məbləğində inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərar qəbul etmişdir. Qeyd olunan hadisə ilə bağlı bildirmişdir ki, 18 dekabr 2021-ci il tarixdə Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən keçiddə polis əməkdaşları onunda içərisində olduğu avtobusa daxil olaraq reyd keçirdilər. Həmin vaxt o, maskanı qanuna uyğun formada taxmışdı. Lakin Polis əməkdaşları bununla bağlı ona maskanın burnunun üzərinə qədər qaldırmağını xəbərdarlıq edərək, ad soyadını soruşub avtobusu tərk etdilər. Lakin sonradan yəni yaxın günlərdə ona cərimə yazıldığı barədə məlumat almışdır. Maska istifadə etməyinə baxmayaraq əsassız olaraq cərimə olunduğuna görə hesab edir ki, həmin protokol əsasında qəbul olunmuş qərar ləğv edilməlidir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.Həmin Məcəllənin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.Göstərilənlərə əsasən məhkəmədən barəsində qəbul olunmuş Bakı şəhəri Suraxanı rayon RPİ-nin 31-ci Polis Bölməsinin vəzifəli şəxsinin 19.12.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən X2 şikayət ərizəsinə baxılması 05.01.2022-ci il tarixə saat 1500-a təyin edilməsi barədə X3 və Bakı şəhəri Suraxanı rayon RPİ-nin 31-ci Polis Bölməsinə məlumat verilmiş, həmçinin iş üzrə sübutların məhkəməyə təqdim edilməsi barədə Bakı şəhəri Suraxanı rayon RPİ-nin 31-ci Polis Bölməsinə rəsmi məhkəmə bildirişi göndərilmişdir. Lakin Suraxanı rayon RPİ-nin 31-ci Polis Bölməsinin nümayəndəsi və X6 məhkəmə iclasında iştirak etməmiş və iclasda iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər, həmçinin Suraxanı rayon RPİ-nin 31-ci Polis Bölməsinin səlahiyyətli şəxsi tərəfindən iş üzrə sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirərək, məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon RPİ-nin 31-ci Polis Bölməsinin vəzifəli şəxsinin 19.12.2021-ci il tarixli qərarından görünür ki, X6 18.12.2021ci il tarixdə, Bakı şəhəri, Heydər Əliyev pr, 276 ərazisində Azərbaycan Respublikası İXMnin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur.X4 Dilavər 100 manat məbləğində cərimə edilmişdir. Lakin həmin qərarda X6 tərəfindən məhz hansı rejimi pozmağı, yəni törədilmiş inzibati xətanın konkret nədən ibarət olması göstərilməmişdir. X1 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini hansı səbəbdən pozması müəyyən olunmur. Azəbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası prinsipi məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxsin İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəti nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bununla da, X2 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Bakı şəhər Suraxanı Polis İdarəsi məhkəməyə EXP seriyalı ******* saylı 18.12.2021-ci il tarixli protokol üzrə çıxarılmış qərarın qəbul edilməsinə əsas olan sübutları təqdim etməyib. Beləliklə, mövcud vəziyyətdə X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, məhkəmə araşdırmasının nəticəsi olaraq barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə protokol və həmin protokol əsasında qərar qəbul edilməsi X2 ona istinad edilən inzibati xətanı törətməsi qənaətinə gəlmək olmaz. Belə olan halda məhkəmə hesab edir ki, X2 qeyd olunan inzibati xətanı törətməsi faktı sübuta yetmədiyindən, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin vəzifəli şəxsinin 19.12.2021-ci tarixli EPQ seriyalı ******* nömrəli qərarı ləğv edilməlidir və inzibati xəta tərkibi olmağıdı üçün iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin olunsun. X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə olunması ilə bağlı Bakı şəhəri Suraxanı rayon RPİ-nin 31-ci Polis Bölməsinin vəzifəli şəxsinin 19.12.2021-ci tarixli EPQ seriyalı ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta tərkibi olmağıdı üçün iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-30/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-30/2022
14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver