Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-301/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru Nurlan Nuriyevin iştirakları ilə, xx xxxx 2000-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, FİN xxxxxxx, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 16 yanvar 2025-ci il tarixdə özünü şübhəli və qeyri adekvat aparması ilə əlaqədar Şəxs PŞ-nə gətirilmiş və həmin şəxsin narkotik vasitə istifadə etməsi şübhə doğurduğu üçün Səhiyyə Nazirliyinin Narkoloji dispanserindən yoxlanışdan keçirilən zaman sidiyində narkotik vasitə MET (+) və MOP (+) maddələri aşkar edilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı polis kapitanı, X1 17 yanvar 2025-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmasından ötrü qərarın surəti 30-cu Polis Şöbəsinin müvafiq əməkdaşına həvalə edilmişdir. Buna görə də 17 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru Nurlan Nuriyev tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən İXM-nin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru Nurlan Nuriyev izahatında bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə özünü şübhəli və qeyri-adekvat aparması səbəbindən PŞ-nə gətirilmiş və narkotik vasitə istifadə etməsi şübhə doğurduğu üçün Səhiyyə Nazirliyinin Narkoloji dispanserindən yoxlanışdan keçirilən zaman Şəxs sidik nümunəsində MET (+) və MOP (+) narkotik vasitə aşkar edilmişdir. Şəxs şöbədə izahat verərək narkotik vasitə istifadəçisi olduğunu təsdiq etmişdir. Araşdırma zamanı zərurət yarandığından Şəxs narkotik vasitələrin istifadəçisi, eyni zamanda onun müalicəyə ehtiyacının olub-olmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzindən həkim komissiyasından keçirilməsi üçün qərar qəbul edilərək aidiyyəti əməkdaşa verilmiş, təqdim edilmiş xx.xx.2025-ci il tarixli 265 nömrəli rəydə opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu, məcburi müalicəyə ehtiyacının olduğu qeyd edilmişdir. Toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci mədəsinə əsasən material üzrə cinayət işinin başlanması xx.xx.2025-ci il tarixdə rədd edilmişdir. Təhqiqat zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilmiş, narkotik vasitə istifadə etməsi şübhə doğurduğu üçün Səhiyyə Nazirliyinin Narkoloji dispanserindən yoxlanışdan keçirilən zaman sidiyində narkotik vasitə aşkar edilmişdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu, əvvəllər məhkum olunmadığını və barəsində inzibati tənbehin tətbiq olunmadığını nəzərə alaraq məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə özünü şübhəli və qeyri-adekvat aparması səbəbindən PŞ-nə gətirilmiş və narkotik vasitə istifadə etməsi şübhə doğurduğu üçün Səhiyyə Nazirliyinin Narkoloji dispanserindən yoxlanışdan keçirilən zaman Şəxs MET (+) və MOP (+) narkotik vasitə aşkar edilmişdir. Araşdırma zamanı Şəxs narkotik vasitələrin istifadəçisi olduğunu səmimi etiraf etmişdir. Lakin araşdırmanın növbəti mərhələsində zərurət yarandığından Şəxs narkotik vasitələrin istifadəçisi, eyni zamanda onun müalicəyə ehtiyacı olub-olmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzindən həkim komissiyasından keçirilərək ekspert rəyləri alınaraq araşdırma materialına əlavə edilmişdir. Toplanmış material üzrə CPM-nin 39.1.2-ci madəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təhqiqat zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində İXM-nin 206-cı maddəsinin tərkibi yaranmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında 17 yanvar 2025-ci il tarixli 212 nömrəli aktdan görünür ki, müayinə zamanı Şəxs sidiyində MET (+) və MOP (+) aşkar olunmuşdur. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 yanvar 2025-ci il tarixli, 265 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, narkomaniya xəstəliyinə tutulduğunu, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə törətdiyi əməldən səmimi peşman olmasını İXM-nin 32.1.1-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 16 yanvar 2025-ci il tarixdə, saat 22:59-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edildiyinə görə inzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Azərbaycan Respublikası İXM-nin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31, 37, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxx 2000-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, FİN xxxxxxx, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yaşayan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş Şəxs məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün Bakı şəhər Probasiya İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-301/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-301/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver