Məhkəmə qərarları › İş №3(010)-3013/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3013/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3013/2024 24.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin sahə inspektoru X1, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məmmədov X3 rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində xx.xx.2024cü il tarixdə saat 19:35 radələrində polis əməkdaşlarının ünvanına nalayiq təhqiredici sözlər yazmasına, polisin qanuni iş rejiminə pozmasına və polisin qanuni tələblərinə tabe olmamasına görə barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 510-cu maddələri ilə xx.xx.2024-cü il tarixdə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin sahə inspektoru X2 protokola uyğun izahat verərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510cu maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs izahatında polis əməkdaşlarının atasının ad günündə onun yaşadığı evə gəldiklərini, elə həmin günü də ad gününə görə həyətdə kabab bişirdiklərini, polislərin də buna görə ona yeməyini yedikdən sonra bölməyə yaxınlaşmalı olduğunu bildirdiklərini, bundan sonra elə onların arxasınca bölməyə getdiklərini və polislərə qarşı heç bir müqavimət göstərmədiyini, bundan başqa da “facebook” sosial şəbəkəsində özünün rəsmi profilindən deyil, başqa şəxsin şərh bölməsinə polislər haqqında yazmış olduğunu, həmin yazını da başqa mənada və ümumi olmayan şəkildə istifadə etdiyini, yəni bütün polislərini nəzərdə tutmadığını, həmin əməlinə görə səmimi peşman olduğunu, ailə vəziyyətinin nəzərə alınmasını, anasının xəstə olduğunu bildirərək, barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməli tərtib olunmuş inzibati xəta haqqında protokolla, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İnzibati qaydada tutma haqqında AZA seriyalı № 021343 saylı 22 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 22 iyun 2024-cü il tarixində inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında 24 iyun 2024-cü il tarixli, MN seriyalı № ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin sahə inspektoru Səməndər Musayev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və törətmiş olduğu əməldən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi hesab edir. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə «Eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər». Həmin qərarın nəticəvi hissəsinin 1-ci bəndinə əsasən «Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir». Bunlara əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edilən şəxs Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 510-cu maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinərək, maddənin sanksiyası həddində inzibati qaydada həbs edilməklə cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən Аzərbaycan Рespublikası İXM-nin 40, 43, 49-51, 114- 115, 117 və 206-cı maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə təqsirli bilinsin və 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən saat 21:30-dan hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar