Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3027/2025 28.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi ilə, Soin Kanbarovinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29605788 nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Soin Kanbarovi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29605788 nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 29605788 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 məbləğində cərimə edilmişdir. Belə ki, həmin qərarda cərimə edilməyinin səbəbi kimi xx.xx.2025-ci il tarixində saat 21:30-da, M-1 129 km, Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqamətində “Mercedes Benz AXOR 1843 LS” yük markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi göstərilmişdir. DİN BDYPİ hərəkət halında çəki ölçmə nəzarət sisteminin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı tamamilə əsassızdır. Belə ki, o, Quba rayonu ərazisində yerləşən daş karxanasında “Mercedes Benz AXOR 1843 LS” yük markalı, **- LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çınqıl yüklədikdən sonra həmin ərazidə olan tərəzidən keçib nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisini dəqiqləşdirərək 39480 kq olduğunu müəyyən etmiş və ona bu barədə xx.xx.2025-ci il tarixli “tərəzi qəbzi” verilmişdir. Həmin gün saat 21:30-da M-1 129 km, Şabran rayonu, Mollakamallı kəndi ərazisində Bakı istiqamətində hərəkətdə olarkən, həmin ərazida AYNA-ya məxsus tərəzidən keçərkən tərəzi çəkini səhv ölçərək normadan artıq, yəni 43090 kq olduğunu qeydə almışdır. Bundan sonra o, nəqliyyat vəsitəsinin çəkisini bir daha ölçüb əmin olmaq üçün Ceyranbatan ərazisində olan tərəzidən keçərək, nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisinin 39840 kq olduğunu müəyyən etmiş və ona bu barədə tərəzi qəbzi verilmişdir. Göründüyü kimi M-1 129 km, Şabran rayonu, Mollakamallı kəndi ərazisində AYNA tərəfindən quraşdırılmış tərəzi nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisini olduğundan artıq qeydə almış və bunun nəticəsində o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş hesab edilmişdir. Göründüyü kimi o, əsassız olaraq, yəni tərəzinin nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisini yanlış ölçməsi nəticəsində DİN BDYPİ hərəkət halında çəki ölçmə nəzarət sisteminin xx.xx.2025-ci il tarixli qərarı ilə cərimə edilmişdir. Onun əməlində inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi və şikayətçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və şikayətçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli EQ 29605788 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Soin Kanbarovi xx.xx.2025-ci il tarixdə saat 21:30-da M-1 129 km, Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqamətində “Mercedes Benz AXOR 1843 LS” yük markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir; iş materiallarından görünür ki, **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-xx.xx.2025-ci il tarixdə ölçüsü 39480 kq; xx.xx.2025-ci il tarixdə ölçüsü 39840 kq-dır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli EQ 29605788 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Soin Kanbarovi xx.xx.2025-ci il tarixdə saat 21:30-da M-1 129 km, Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqamətində “Mercedes Benz AXOR 1843 LS” yük markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. X2 inzibati cərimənin qanunsuz yazıldığını ərizəsində qeyd edərək bildirmişdir ki, o, Quba rayonu ərazisində yerləşən daş karxanasında “Mercedes Benz AXOR 1843 LS” yük markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çınqıl yüklədikdən sonra həmin ərazidə olan tərəzidən keçib nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisini dəqiqləşdirərək 39480 kq olduğunu müəyyən etmiş və ona bu barədə xx.xx.2025-ci il tarixli “tərəzi qəbzi” verilmişdir. Həmin gün saat 21:30-da M-1 129 km, Şabran rayonu, Mollakamallı kəndi ərazisində Bakı istiqamətində hərəkətdə olarkən, həmin ərazida AYNAya məxsus tərəzidən keçərkən tərəzi çəkini səhv ölçərək normadan artıq, yəni 43090 kq olduğunu qeydə almışdır. Bundan sonra o, nəqliyyat vəsitəsinin çəkisini bir daha ölçüb əmin olmaq üçün Ceyranbatan ərazisində olan tərəzidən keçərək, nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisinin 39840 kq olduğunu müəyyən etmiş və ona bu barədə tərəzi qəbzi verilmişdir. Göründüyü kimi M-1 129 km, Şabran rayonu, Mollakamallı kəndi ərazisində AYNA tərəfindən quraşdırılmış tərəzi nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisini olduğundan artıq eydə almışdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli EQ 29605788 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli EQ 29605788 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla X1 Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər onun iştirakı ilə ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Soin Kanbarovinin şikayəti qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli EQ 29605788 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X1 xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissəsində şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Soin Kanbarovinin şikayəti qismən təmin edilsin. Soin Kanbarovinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli EQ 29605788 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-3027/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3027/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver