Məhkəmə qərarları › İş №3(010)-303/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-303/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-303/2024 18.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X1 və zərərçəkmiş şəxs Rüstəmova-Abbasova Hicran Şahin qızının iştirakları ilə, xx xxx 2001-ci ildə Salyan rayonu, Sarvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Sarvan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abbasova Hicran Şahin qızı 13 yanvar 2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək İsmayıl adlı şəxsin ***-***-**-** nömrəsindən zəng edərək onu təhqir etməsini bildirmişdir. Şəxs 13 yanvar 2024-cü il tarixdə Rüstəmova-Abbasova Hicran Şahin qızını zəng edib telefonla nalayiq ifadələrlə təhqir etdiyi üçün 17 yanvar 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət olunmuş, lakin Şəxs Polis Bölməsində olarkən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla səs küy salaraq iş fəaliyyətini pozmuş və orada ictimai qaydanı pozan hərəkətlər etməklə xırda xuliqanlıq etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında 17 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək göstərdi ki, o, Rüstəmova-Abbasova Hicran Şahin qızına qarşı nalayiq ifadələr işlətməmiş, ona telefonla zəng etməmiş, polis əməkdaşları tərəfindən bölməyə çağırılan zaman bölməyə gəlmiş, Hicran Abbasovanı təhqir etməmişdir. Əksinə Rüstəmova-Abbasova Hicran Şahin qızı onu təhqir etmişdir. Rüstəmova-Abbasova Hicran Şahin qızının şikayətinə görə polis əməkdaşları onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət etmişdilər. O, polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir. Sonda Şəxs məhkəmədən Kəpəz Hospitalın həkimi Hicran Abbasovanın və digərlərinin əməliyyat edərək anasını kor etmələrini, özünün vətən müharibəsi iştirakçısı olmasını, Hicran Abbasovaya zəng etməməsini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X2 bildirdi ki, Şəxs 13 yanvar 2024-cü il tarixdə Rüstəmova-Abbasova Hicran Şahin qızını telefonda təhqir etdiyi üçün Rüstəmova-Abbasova Hicran Şahin qızının şikayəti əsasında 17 yanvar 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət olunmuş 33-cü polis bölməsinə gətirilmiş, orada polisin qanuni tələblərinə tabe olmayaraq səs-küy salmış, iş fəaliyyətini pozmuş, bölmədə ictimia qaydanı pozan hərəkətlər etdiyi üçün o, 17 yanvar 2024-cü il tarixdə Şəxs izahatını aldıqdan sonra onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən Rüstəmova-Abbasova Hicran Şahin qızı izahat verərək göstərdi ki, Kəpəz hospitalında göz həkimi olaraq çalışır. Şəxs anası Gülşən Adışirinova həmin xəstəxanada bir gözündən əməliyyat olduqdan sonra müalicəni düzgün və vaxtında icra etmədiyi üçün həmin göz öz funksiyasını itimiş və nəticədə onda korluq yaranmışdır. Həmin qadının əvvəlcədən bir gözü görmürdü. Həmin hadisədən sonra qarşı tərəf xəstəxananın barəsində Nəsimi rayon prokurorluğuna şikayət ərizəsi vermiş və bununla bağlı prokurorluqda araşdırma aparılmışdır. Lakin buna baxmayaraq Şəxs və onun ailə üzvləri dəfələrlə xəstəxanaya gələrək onlara hədə-qorxu gəlmişlər. Həmçinin Şəxs 13 yanvar 2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ona zəng edərək telefonda onu təhqir etmiş və hədə-qorxu gəlmişdir. Buna görə də, o, Şəxs Polisə şikayət etmişdir. Suallara cavab olaraq o, 13 yanvar 2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ona gəlmiş zəngi telefonunda göstərə bilməmiş, həmin zəngin azyaşlı uşağı tərəfindən silinə biləcəyini ehtimal etmişdir. Sonda Rüstəmova-Abbasova Hicran Şahin qızı məhkəmədən Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbiri tədbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş 13 yanvar 2024-cü tarixli raportun məzmunundan görünür ki, Rüstəmova-Abbasova Hicran Şahin qızının 13 yanvar 2024-cü il tarixli ərizəsinə əsasən 17 yanvar 2024-cü il tarixdə Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət olunmuş, lakin Şəxs Polis Bölməsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş 17 yanvar 2024-cü il tarixli raportun məzmunundan görünür ki, Şəxs 33-cü polis bölməsində polis əməkdaşları ilə mübahisə edərək qışqırmağa başladı və polisin qanuni tələblərinə tabe olmayaraq iş rejiminə 10 dəqiqə müddətində mane oldu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, vətən müharibəsi iştirakçısı olmasını, ailəsinin sosial vəziyyətini (anasının kor olmasını), onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi vətən müharibəsi iştirakçısı olması müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, və onun barəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 17 yanvar 2024-cü il tarixdə, saat 11:00-da inzibati qaydada tutulmuş, 18 yanvar 2024-cü il tarixdə 13:30-da azad edilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbehin tətbiqi kifayət edir və inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar