Məhkəmə qərarları › İş №3(010)-3050/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3050/2023

14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3050/2023 14.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1980-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 19 fevral 2023-cü il tarixdə ünvan 4 ünvanından 01 ədəd samovar, 01 ədəd laqonda və elektrik naqillərini gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, Şəxs, 02 aprel 2023-cü il tarixdə ünvan 4 ünvanından 01 ədəd müşahidə kamerası, yaddaş aparatı və 01 ədəd mademi gizli yolla talayaraq oğurluq etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, müxtəlif vaxtlarda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən 01 ədəd samovar, 01 ədəd laqonda, elektrik naqilləri, 01 ədəd müşahidə kamerası, yaddaş aparatı və 01 ədəd mademi oğurlayaraq Sabunçu bazarında cəmi 55 manata satmışdır. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X2 məhkəmədə göstərdi ki, X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edərək ona məxsus olan yaşayış evindən müxtəlif növ əşyaların oğurlandığını bildirmişdir. Bundan başqa, X9 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus yaşayış evindən 01 ədəd DVDAR aparatının və 01 ədəd modemin oğurlandığı barədə məlumat vermişlər. Aparılmış araşdırma zamanı əməldə cinayət tərkibi olmadığından 01 mart 2023-cü il tarixli və 12 aprel 2023-cü il tarixli qərarlarla cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün hər bir qərar ayrı-ayrılıqda müvafiq əməkdaşa həvalə edilmişdir. Baş vermiş xırda talama ilə əlaqədar olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməllərin Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan HK-1/399 nömrəli inzibati icraat materiallarından və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 4 ünvanında yaşayan X7 19 fevral 2023cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” “Xidməti-Zəng” mərkəzi sisteminə müraciət edərək, 19 fevral 2023-cü il tarixdə ünvan 4 ünvanından 01 ədəd samovar, 01 ədəd laqonda və elektrik naqillərininin naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. X3 müraciəti əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində HK-1/399 nömrəli inzibati icraat materialları toplanmışdır. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı X6 01 mart 2023-cü il tarixli qərarı ilə X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş şəxsin müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti müvafiq əməkdaşa həvalə edilmişdir. Bundan başqa, iş materialalrında olan HK-1/834 nömrəli inzibati icraat materiallarından və ona əlavə edilmiş sənədlərdən görünür ki, X9 02 aprel 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müraciət edərək, 02 aprel 2023-cü il tarixdə ünvan 4 ünvanından 01 ədəd müşahidə kamerası, yaddaş aparatı və 01 ədəd mademin naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. X5 müraciəti əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində HK- 1/834 nömrəli inzibati icraat materialları toplanmışdır. Əməldə cinayət tərkibinin olmadığı müəyyən edildiyindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı X4 12 aprel 2023-cü il tarixli qərarı ilə X5 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru Mirilkin Hüseynovun 13 iyul 2023-cü il tarixli raportundan görünür ki, inzibati ərazisində baş vermiş oğurluq cinayətlərinin açılması istiqamətində əməliyyat axtarış tədbirləri keçirilərkən ünvan 5 ünvanında yaşayan Şəxs oğurluq hadisələrinin törədilməsində şühəli olduğuna görə 13 iyul 2023-cü il tarixdə saat 20-00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində saxlanılaraq 30cu Polis Şöbəsinə dəvət edilmişdir. Şəxs Polis Şöbəsində dindirilərkən o, səmimi olaraq Hövsan qəsəbəsi, Bağlar massivində müxtəlif evlərdən oğurluq hadisələrini törətdiyini etiraf etmişdir. Buna görə də Şəxs barəsində müvafiq tədbir görülməsi üçün aidiyyəti əməkdaşa göstəriş verilməsi xahiş olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli tutuma protokolundan görünür ki, Şəxs həmin tarixdə, saat 21:00-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun inzibati qaydada tutulduğu – 13 iyul 2023-cü il tarixdən, saat 21:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu – 13 iyul 2023cü il tarixdən, saat 21:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar