Məhkəmə qərarları › İş №3(010)-3051/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3051/2022

04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3051/2022 04.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, tələbkar X4 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şəxs X2 firmasının, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, məhəllə 2528 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 08 iyul 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən Şəxs X2 firmasının Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2(103)-6276/2020 saylı qərarına dair icra vərəqəsini üzürsüz səbəbdən icra etməməsinə görə Şəxs X2 firması barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Şəxs X2 firmasının barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol 20 iyul 2022-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 3(010)- 3051/2022 saylı qərarı ilə Şəxs X2 firmasının Şəxs X2 firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. İcra sənədi üzrə tələbkar X4 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayəti əsasında Bakı Apellyasiya 12 oktyabr 2022-ci il tarixli, 3(103)-2363/2022 saylı qərarı ilə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 3(010)-3051/2022 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmiş və 27 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İcra sənədi üzrə tələbkar X4 nümayəndəsi və vəkili Vəkil məhkəmədə göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2(103)-6276/2020 saylı qərarı ilə Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə abadlaşdırılma və əhalinin rahatlığını təmin etmək məqsədi ilə X3 200 m x 50 m ölçüdə təhkim olunmuş torpaq sahəsinin istifadəsi cavabdehə və başqa şəxslərə qadağan edilmişdir. İddianın təmin tədbirinin predmeti olan ərazi icra məmuru tərəfindən 2020-ci ildə möhürlənmişdir. Daha sonra dəniz mövsümü başa çatdığı üçün obyekt bir müddət istifadəsiz qalmışdır. Şəxs X2 firması tərəfindən 2021-ci ildə mübahisəli ərazidə abadlaşdırma işlərinə başlanılmışdır. Ərazi üzərində gedən mübahisələr səbəbindən ərazinin mülkiyyətçisi X1 2021-ci ildə səhhətində problemlər yaranmış və vəfat etmişdir. Bundan sonra X1 oğlu və vərəsəsi X8 icra sənədi üzrə tələbkar kimi tanınmışdır. Tələbkar tərəf olaraq onlar yenidən İcra Şöbəsinə müraciət edərək, iddianın təmin tədbirinin predmeti olan ərazini möhürlətmişlər. Lakin, Şəxs X2 firması rəhbərləri buna məhəl qoymayaraq, möhürləri sındırılmışdır. Yay bitdikdən sonra həmin ərazi heç kimə lazım olmayacaqdır. İstifadə edib faydalanıblar. Odur ki, Şəxs X2 firmasının inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etdi. 02 noyabr 2022-ci il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs X2 firmasının nümayəndəsi və vəkili X10 inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları inkar edərək göstərdi ki, mübahisəli ərazi 1998-ci ildə sərəncəm əsasında X3 verilmişdir. Həmin ərazi 2001-ci ildə Şəxs X2 firmasına satılmışdır. Ərazi üstündə mübahisə 4-5 ildir ki, davam edir. Əraziyə həbs qoyulub və Şəxs X2 firmasının rəhbərliyi bununla bağlı məhkəməyə müraciət etmişdir. MTT hazırda qüvvədədir. Obyekt dəniz kənarında yerləşir. Obyektin qapıları icra məmuru tərəfindən hal-hazırda möhürlənmişdır və qayda pozuntusu yoxdur. Eyni zamanda protokolun tərtib edildiyi tarixdən 03 aydan çox keçdiyini nəzərə alaraq, X10 məhkəmədən qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. 02 noyabr 2022-ci il tarixli məhkəmə iclasında inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X9 məhkəmədə bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2(103)-6276/2020 saylı qərarı ilə Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə abadlaşdırılma və əhalinin rahatlığını təmin etmək məqsədi ilə X3 200 m x 50 m ölçüdə təhkim olunmuş torpaq sahəsinin istifadəsi cavabdehə və başqa şəxslərə qadağan edilmişdir. İcra sənədi icra şöbəsinə daxil olmuş və icraata başlanılaraq Şəxs X2 firmasının ünvanına tələbin 10 gün müddətində könüllü icrası barədə qərar və bildiriş göndərilmişdir. Lakin Şəxs X2 firması qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədinin icrasını təmin etməmişdir. Bu səbəbdən də, mübahisəli ərazi fərqli vaxtlarda iki dəfə möhürləmiş, lakin həmin möhür naməlum şəxslər tərəfindən sındırılmışdır. Hal-hazırda 02 gün əvvəl həmin əraziyə yerli baxış keçirilmiş, qapılarda olan möhürlərin yerində olduğu barədə də akt tərtib edilmişdir. Hal-hazırda həmin ərazidə heç bir pozuntu yoxdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkilini, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, icra sənədi üzrə tələbkarı və onun nümayəndəsi və vəkilini dinləyərək, məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs X2 firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2(103)-6276/2020 saylı qərarından görünür ki, Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə abadlaşdırılma və əhalinin rahatlığını təmin etmək məqsədi ilə X3 200 m x 50 m ölçüdə təhkim olunmuş torpaq sahəsinin istifadəsi cavabdehə və başqa şəxslərə qadağan edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən qəbul edilmiş icraata başlamaq haqqında 30 avqust 2021-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2(103)- 6276/2020 saylı qərarına dair icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş 30 avqust 2021-ci il tarixli bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2(103)-6276/2020 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması Şəxs X2 firmasından xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin Şəxs X2 firmasından tutulacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş 21 fevral 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 20 avqust 2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi X5r və o, əmlakdan tam pay almalıdır. İş materialarına əlavə edilmiş icraatda vərəsəlik və ya hüquqi varislik haqqında Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 15 mart 2022-ci il tarixli qərarından görünür ki, icraatda tərəf olmuş 20 avqust 2021-ci il tarixdə vəfat etmiş tələbkar X7, onun oğlu və vərəsəsi olan 21 iyul 1984-cü il təvəllüdlü X8 ilə tələbkar kimi əvəz edilsin. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(010)-31/2022 saylı qərardadından görünür ki, iddiaçı X1 cavabdeh Şəxs X2 firmasına qarşı istifadə və sahiblik hüququnun bərpa edilməsi və ərazidən çıxarılma tələbinə dair mülki iş üzrə icraat Bakı İnzibati Məhkəməsində mülki işə baxılıb yekun vurulana kimi dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 12 may 2022-ci il tarixli aktdan görünür ki, icra məmurları X9, Vüsal Əliyev və Əzizxan Eminov tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2(103)-6276/2020 saylı qərarına dair icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahəyə yerli baxış keçirilmiş, torpaq sahəsi xüsusi texniki vasitələr ilə ölçülmüş, ərazidə yerləşən obyektin qapısı möhürlənmişdir. İş materiallarına əlavə edilmiş 12 iyun 2022-ci il tarixli aktdan görünür ki, icra məmurları X9 və Vüsal Əliyev Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2(103)-6276/2020 saylı qərarına dair icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahəyə yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ərazinin giriş qapısının möhürü sökülmüşdür. İcra məmurları tərəfindən ərazinin giriş qapıları yenidən möhürlənmişdir. Şəxs X2 firmasının rəhbəri telefon zənglərinə cavab vermədiyi üçün möhürlənmə prosesində Şəxs X2 firmasının səlahiyyətli nüayəndəsinin iştirakını təmin etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 Şəxs X2 firmasına ünvanladığı 23 iyun 2022-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, Şəxs X2 firmasına Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2(103)-6276/2020 saylı qərarına dair icra vərəqəsinin icrasını 05 iş günü ərazisində icra etməsi, icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs, və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs X2 firmasının inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilmir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarına əsasən mübahisəli ərazidə Şəxs X2 firmasına məxsus restoranın olması və icra məmuru tərəfindən 12 may 2022-ci il tarixli ərazidə yerləşən obyektin qapısı möhürün vurulması (həmin möhürün vurulmasında firmanın rəhbəri Q.Mehtiyev iştirak etmiş) özü özlüyündə hüquqi şəxsin fəaliyyətinə mane olmaqla onun maraqlarını təmin etməyən hal kimi qiymətləndirilməsi qeyd edilmişdir. Bundan əlavə zərərçəkmiş şəxsin nümayəndəsi Zinyamin Güləhmədov tərəfindən təqdim edilmiş videogörüntüyə əsasən mübahisələndirilən obyektin qapılarda olan möhürün açılmasını və həmin obyektdən istifadə etməsini göstərilsə belə, obyektin qapısında olan möhürün sırf borclu tərəfindən açılması və borclu tərəfindən işlədilməsi barədə hər hansı sübut təqdim etməmişdir. Bununla əlaqədar, məhkəmə hesab edir ki, borclu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs X2 firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar kateqoriyasına aiddir və qanunvericilik bu kateqoriyaya aid inzibati xətalara görə inzibati tənbeh tətbiq etmə müddətini inzibati xətanın törədildiyi gündən 3 ay həddində müəyyən etmişdir. İş materiallarından isə görünür ki, Şəxs X2 firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi, yəni Şəxs X2 firması barəsində 08 iyul 2022-ci il tarixdə inzibati xəta haqqında protokolun tərtib edildiyi gündən işə hazırda məhkəmə iclasında baxıldığı vaxt artıq 03 ay 27 gün keçmişdir. Bununla da 08 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokola hazırda Bakı şəhəri Suraxanı rayon Məhkəməsində baxıldığı vaxt Şəxs X2 firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddətindən artıq 27 gün keçmişdir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs X2 firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs X2 firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar