Məhkəmə qərarları › İş №3(010)-3058/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-3058/2022

20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-3058/2022 20.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Şəxs, xx xxxx 1965-ci il tarixdə Bərdə rayonunun, Lənbəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonunun, Lənbəran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Z.Tağıyev küçəsində nömrəsiz evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 20 iyul 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs, 25 iyun 2022-ci il tarixdə, saat 00:10-da yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Z.Tağıyev küçəsindəki evdə, ailə-məişət zəminində yaranmış mübahisə zamanı qızı Səbinə Həsənovanı qəsdən vuraraq, ona boyunun sıyrığı və sağ bazunun qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, döymüşdür. Bu hərəkətinə görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru Nizami Məmmədov tərəfindən 20 iyul 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin, inzibati həbs tənbeh növü nəzərdə tutan, yəni inzibati xəta haqqında protokol daxil olduğu gün baxılmalı olan inzibati xətalar haqqında iş üzrə zərərçəkmiş şəxs X1 məhkəmədə iştirakı təmin edilməmişdir. Bundan başqa, zərərçəkmiş şəxs X1 barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində verdiyi izahatından müəyyən olunur ki, X2 yazıb oxuya bilmədiyi üçün izahatı onun sözlərindən kompyuter vasitəsilə yazılmış və sonuncu buna etiraz etməmişdir. Azərbaycan Respublikası İXM-nin 70-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, sübutların aşkar edilməsində, götürülməsində və rəsmiləşdirilməsində, habelə texniki vasitələrin tətbiq edilməsində kömək göstərilməsi üçün xüsusi biliyə malik olan şəxs icraatında inzibati xəta haqqında iş olan hakim, vəzifəli şəxs tərəfindən inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etmək üçün mütəxəssis kimi dəvət olunur. Lakin iş materiallarından müəyyən olunur ki, yazıb-oxuya bilməyən zərərçəkmiş şəxs X1 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində izahatı alınarkən, vəzifəli şəxs tərəfindən inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etmək üçün mütəxəssis dəvət edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı Pərvin İbrahimovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 iyul 2022-ci il tarixli qərarı ilə X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoruna göndərilmişdir. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün yuxarıda qeyd olunan qərar 14 iyul 2022-ci il tarixdə qəbul olunsa da, Şəxs barəsində inzibati xəta haqqında protokol 20 iyul 2022-ci il tarixdə, yəni inzibati xətanın törədilməsi faktı aşkar edildikdən 06 gün sonra tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs tərəfindən inzibati xəta törədilməsi haqqında protokol onu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru Nizami Məmmədova qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar