Məhkəmə qərarları › İş №3(010)-307/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-307/2025

20.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-307/2025 20.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 32-ci Polis Bölməsinin polis sahə inspektoru X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirаkları ilə, xx.xx.2004-cü il tarixdə, Hacıqabulda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci mаddələri ilə nəzərdə tutulmuş inzibаti xətаları törətməkdə təqsirli bilinərək, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 32-ci Polis Bölməsində xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq, baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsində nalayiq ifadələr işlətməsi və tabesizlik göstərməsi əsası ilə tərtib edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 32ci Polis Bölməsinin polis sahə inspektoru X4 bildirdi ki, xx.xx.2025-ci il tarixdə 102 xidmətinə daxil olmuş zəng əsasında polis əməkdaşları Toğrul Cəfərov və Babək Bayramov hadisə yerinə yaxınlaşmışlar. Hadisə Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsində Şəxs dayısı evində baş vermişdir. Vətəndaş Şəxs polis əməkdaşlarını təhqir etdiyi müəyyən edildikdən sonra polis əməkdaşları vətəndaşı polis bölməsinə dəvət etmişlər. Həmin vaxt vətəndaş polisə tabesizlik göstərmişdir. Hadisə belə olmuşdur ki, vətəndaş Aytac Əhədovanın 102 xidmətinə daxil olmuş müraciəti əsasında ünvana gedən polis əməkdaşları vətəndaş Şəxs və dayısı qızı Aytac Əhədova arasında mübahisə olduğunu görmüşlər. Bundan sonra vətəndaş Aytac Əhədova onlara özünün çəkdiyi videogörüntünü təqdim etmişdir. Həmin görüntü əsasında müəyyən edilmişdir ki, vətəndaş Şəxs dayısı qızı Aytac Əhədova ilə mübahisəsi gedişində polis əməkdaşlarının ünvanına ağır təhqirlər işlətmişdir. Bundan sonra vətəndaşı polis bölməsinə dəvət etmişlər. Artıq bu zaman vətəndaş tabesizlik göstərməyə başlamışdır. Ümumiyyətlə, heç kimin ixtiyarı yoxdur ki, polis əməkdaşlarını təhqir etsin. Odur ki, vətəndaş barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, xx.xx.2025-ci il tarixində saat 14-15:00 arası dayısıgilə getmişdir. Belə ki, həmin gün dayısı qızı Aytac ona zəng edərək evdə olduğunu bildirmiş, aralarındakı mübahisəni aydınlaşdırmaq üçün evə gəlməsini istəmişdir. Evə getdikdə Aytacla aralarında mübahisə baş vermiş, mübahisə gedişində Aytac onu polislə hədələyərək, ona polisin gəlib onun barəsində hansısa təhqiramiz sözlərlə ifadə edilən hərəkətlər edəcəyini demişdir. Onun 21 yaşı var və bu günə kimi icazə verməmişdir ki, kimsə onun barəsində elə sözlər işlətsin. O da bu səbəbdən Aytaca polislə bağlı təhqiramiz söz demişdir. Yəni o, bu sözü sırf Aytacın sözünə cavab olaraq demişdir. Hər bir halda səhvini başa düşmüş, polis əməkdaşlarından üzr istəmişdir. Aytac aralarındakı mübahisəni çəkmiş, lakin polis əməkdaşlarına ancaq onun söydüyü hissəni kəsib göndərmişdir. Bundan sonra, polis əməkdaşları hadisə yerinə gəlmişlər. Hansı ki, onlar gələndə artıq sakitçilik olmuş, heç bir mübahisə olmamışdır. Lakin “qrajdanski” maşında gələn polis əməkdaşları özlərini təqdim etmədən, birbaşa onu maşına basıb polis bölməsinə aparmışlar. Bu zaman o, heç bir tabesizlik göstərməmişdir. Əksinə, polis əməkdaşları onu bölməyə aparandan sonra onu birbaşa, heç bir söz demədən otağa aparıb orada döymüşlər. Sonra qolunu qandallayıb “reşotka”ya salmışlar. Onun qolunda, belində təpik izləri qalmışdır. Üstəlik, onun böyrəyi xəstədir, polislərə bu barədə deməsinə baxmayaraq, təpiklə onun böyrəyinə də vurmuşlar. Onun kürəyində də təpik izləri var. Hələ ona demişlər ki, “Səni Binəqədiyə göndərib, orada sənə “filan-filan şeylər” elətdirəcəyik”. X10 və Babək adında polis əməkdaşları döymüşdür. Hətta onu döyən zaman Toğrul adlı əməkdaş onu videoya da çəkmiş, onu təhqir etmişdir. Bundan sonra ona demişlər ki, onu “sutkalığa” göndərib, üstünə bu videoları da göndərəcəklər və orada onu pis günə qoyacaqlar. Onun döyülməsinə yeganə səbəb videoda dediyi söz olmuşdur. Buna görə onu Bölməyə aparıb, Toğrul müəllimin otağına salmışlar və otağa daxil olan kimi kapüşonu onun başına çəkib birbaşa onu yerdə döyməyə başlamışlar. Döyərkən ona Aytacın onlara göndərdiyi videonu göstərmişlər və həmin videoda polis əməkdaşlarını təhqir etdiyini, ona görə onu döydüklərini demişlər. Əslində onun Aytacla mübahisəsi ailəvi məsələ olmuş, polisə aidiyyəti olmamışdır. Aralarında elə böyük bir mübahisə də baş tutmamışdır. Mübahisələrinin səbəbi o olmuşdur ki, Aytac onun bacısı haqqında nalayiq sözlər danışmış, o da bu məsələni aydınlaşdırmaq üçün Aytacgilə getmişdir. Aytacın ona yazdığı sözlərin hamısı onun telefonunda var. Amma Bölmədə telefonunu ondan almış, sonra da qaytarmamışlar. O, Bölmənin içində polislərə necə tabesizlik göstərə bilər ki? Əksinə, orada polis əməkdaşı ona demişdir ki, əgər polisə müqavimət göstərməsi ilə əlaqədar izahatı imzalasa, onu buraxmasalar “kişi deyil”. Hətta ona demişdir ki, “19-u ad günündür. İzahatı imzala, sonra get ad gününü qeyd et”. Yekunda, məhkəmədən xahişi odur ki, onun işinə ədalətli baxılsın. Belə ki, o, videoda polisin ünvanına işlətdiyi sözə görə üzr istəmiş, səhvini başa düşmüşdür. O, xəstədir, tutularsa, bu onun səhhətinə mənfi təsir göstərəcək. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci mаddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 32-ci Polis Bölməsinin polis sahə inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsində nalayiq ifadələr işlətmiş və tabesizlik göstərmişdir. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 32-ci Polis Bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili X5 bildirdi ki, Aytac adlı xanım 102 xidmətini yığaraq evinə basqın edildiyini demiş, polis əməkdaşlarının təcili gəlməsini istəmişdir. Onlar da çağırış üzrə hadisə yerinə getdikdə vətəndaş Şəxs və anasını hadisə yerində görmüşlər. Onlar Elgünü maşına oturtmaq istəyəndə Elgün onlara tabesizlik göstərmiş, maşına oturmaq istəməmişdir. Bu zaman Elgün onun üç düyməsinin üçünü də qırmışdır. X7 gətirdikdən sonra qız özü demişdir ki, Elgün onların (polislərin) ünvanına söyüş söymüşdür. Videodan da görünür ki, Elgün orada bütün daxili işlər orqanı əməkdaşlarının “yaxşısına da, pisinə də” təhqiramiz sözlər işlətmişdir. Bölmədə Elgünü heç kim döyməmişdir. Onun bədənində olan izlər polisə müqavimət göstərərkən yaranan izlərdir. Belə ki, hadisə yerində Elgün onlara müqavimət göstərmişdir. Lakin onlar vətəndaşın müqavimətini qırmağa çalışarkən həm də video çəkə bilməzdilər. Bu səbəbdən hadisənin video çəkilişi onlarda yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs xx.xx.2025-ci il tarixdə Qaraçuxur qəsəbəsində yaşayan dayısı qızı Aytac Əhədovanın evinə getmiş, orada dayısı qızı ilə aralarında sözlü mübahisə baş vermişdir. Aytac Əhədova tərəfindən çəkilmiş və inzibati xəta haqqında protokolu tərtib edən polis əməkdaşı tərəfindən məhkəməyə təqdim edilmiş video görüntüdən görünür ki, Şəxs və anası qohumları Aytac Əhədovanın evlərinin qarşısına yaxınlaşanda Aytac Əhədova pəncərədən bir neçə dəfə onlara “Qışqır, eşidirəm, görüm nə deyirsən” sözləri ilə ucadan səslənmiş, Şəxs əvvəlcə anasını sakitləşdirmiş, sonra özü Aytac Əhədova ilə danışmağa başlamış, ondan aşağı düşməsini istəmiş, bu zaman Aytac Əhədova ona polis çağırdığını, çəkdiyi videonu polisə göndərdiyini demiş, bundan sonra Şəxs “polisin yaxşısının da, pisinin də v**-y***** s****” sözlərini işlətmiş, bunu eşidən Aytac Əhədova “Bax, polis əməkdaşlarını söyür bu p*****” demiş, Şəxs yenə də ondan aşağı düşməsini istəmiş, ona “Demirsən, bacın q****dir, gəl sübut elə” demiş, cavabında Aytac Əhədova “Ananın telefonundadır” demiş, bundan sonra Şəxs “Səni o özünə arvad edən Murad var” demiş, Aytac Əhədova ondan bunu sübut etməsini tələb etdikdə isə “Özü deyib” cavabını vermiş, bundan sonra Aytac Əhədova təkrar-təkrar onu ittiham etdiklərini deyərək bunu sübut etmələrini tələb etmişdir. Sonrasında Şəxs anasının hərəkətlərinə müdaxilə etmiş (anası birdən rəqs hərəkətləri etməyə başlamışdır), daha sonra Aytac Əhədova ona “Polis gəlir indi, gözləməsən kişi deyilsən, p*****sən” demiş, cavabında Şəxs da gözlədiyini demiş, dəfələrlə Aytac Əhədovaya “Düş gəl, sübut elə” sözləri ilə müraciət etmiş, daha sonra X8 Əhədova “Axşam p** yedin” kimi sözlər işlətmiş, sonra Şəxs Aytac Əhədovanı videoya çəkməyə çalışan anasına müdaxilə etmiş, bu zaman Aytac Əhədova onlara “Davay, s******* buradan, polis gəlir” sözlərini deyərək çəkilişi dayandırmışdır. Bütün bu görüntüləri əks etdirən videoçəkiliş 1 dəqiqə 49 saniyə ərzində aparılmışdır. X2 çağırışı əsasında polis əməkdaşları mübahisənin baş verdiyi məkana gəlmiş, Şəxs Polis Bölməsinə aparmışlar. Bölmədə Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında həm inzibati xəta haqqında protokolu tərtib edən, həm çağırış üzrə hadisə yerinə gedərək Şəxs Bölməyə gətirən polis əməkdaşlarının, həm də barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs izahatları dinlənilmişdir. Bu izahatlar əsasında müəyyən edilmişdir ki, Şəxs barəsində müvafiq inzibati xətaların törədilməsinə dair protokol tərtib edilməsinə səbəb onun yuxarıda məzmunu açıqlanmış videoçəkilişdə polis əməkdaşları barəsində işlətdiyi nalayiq ifadə olmuşdur. Hansı ki, Şəxs özü də məhkəmə iclasında verdiyi izahatda dayısı qızı Aytac Əhədova ilə mübahisələri gedişində Aytac Əhədovanın onu polislə təhqiramiz formada hədələməsinə cavab olaraq polis əməkdaşları barəsində nalayiq ifadə işlətdiyini, həmin əməlinə görə sonradan polis əməkdaşlarından üzr istədiyini və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə isə hesab edir ki, polisi təhqir etmək təklikdə İXM-in nə 510-cu, nə də 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmır. Belə ki, İXM-in 510-cu maddəsi xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Bu baxımdan istənilən şəxsin məhz bu maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi üçün həmin şəxsin əməllərində ictimai qaydanın pozulması əlamətləri olmalıdır. Hazırkı işdən isə görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs dayısının evi qarşısında dayısı qızı ilə sözlü mübahisə etmiş, mübahisə mövzusu olan məsələ qohumlar arasındakı adi məişət mövzusu olmuşdur. Belə ki, mübahisə gedişində Şəxs dayısı qızı Aytac Əhədovanı onun (Elgünün) bacısı haqqında qeyri-əxlaqi ittihamlar səsləndirməkdə ittiham edərək, ondan bu ittihamları sübut etməsini tələb etmiş, Aytac Əhədova da öz növbəsində Şəxs onun barəsində səsləndirdiyi bənzərməzmunlu ittihamları sübut etməsini tələb etmiş, öz ittihamlarını təsdiq edən sübutları Şəxs anasının telefonuna göndərdiyini bildirmişdir. Göründüyü kimi, mübahisə tamamilə qohumlar arasındakı şəxsi münasibətlərdən qaynaqlanan məsələ ilə bağlı olmuşdur. Mübahisə gedişində Şəxs ictimai qaydanı pozacaq hər hansı hərəkəti müəyyən edilməmiş, əksinə, o, dayısı qızı Aytac Əhədovanın dəfələrlə işlətdiyi açıq təhqir və nalayiq ifadələrə baxmayaraq, onun ünvanına heç bir bənzər ifadə səsləndirməmiş, ictimai qaydanı pozacaq hansısa başqa bir hərəkəti olmamış, əksinə, yanında olan anasının ictimai qaydanı poza biləcək hərəkətlərinə bir neçə dəfə müdaxilə etmiş, ondan sakit olmasını tələb etmişdir. Məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, onun çəkilişin başından-sonuna dayısı qızından yeganə tələbi aşağı düşüb (Aytac Əhədova pəncərədə dayanmışdır) bacısı ilə bağlı dediklərini sübut etməsi olmuşdur ki, bu zaman da Aytac Əhədovadan fərqli olaraq, onun ünvanına heç bir təhqiramiz ifadə səsləndirməmişdir. Bütün bunlardan görünür ki, Şəxs mübahisənin başından etibarən məqsədi ictimai qaydanı pozmaq olmamış, mübahisə gedişində də qarşı tərəfin əksinə, ictimai qaydanı pozacaq heç bir hərəkət etməmişdir. Lakin buna baxmayaraq, polis əməkdaşları tərəfindən uca səslə Şəxs və anasının ünvanına açıq təhqirlər səsləndirən Aytac Əhədova barəsində yox, mübahisənin başından etibarən ictimai qaydanı pozacaq heç bir hərəkəti olmayan Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dinlənilmiş izahatlar əsasında müəyyən edilmişdir ki, bunun səbəbi Şəxs mübahisə gedişində dayısı qızı Aytac Əhədovanın onu polislə təhqiramiz formada hədələməsinə cavab olaraq polis əməkdaşlarının ünvanına səsləndirdiyi nalayiq ifadə olmuşdur. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, Şəxs bu ifadələri polis əməkdaşlarının yanında onlara qarşı yox, dayısı qızı ilə mübahisə gedişində polis əməkdaşları barəsində işlətmişdir. Digər tərəfdən, istənilən şəxs (eləcə də polis əməkdaşları) barəsində nalayiq ifadə işlədilməsi bu ifadəni işlədən şəxsin ictimai qaydanı pozduğu nəticəsinə gəlməyə əsas vermir. Belə nəticəyə gəlmək üçün sözügedən ifadənin hansı şəraitdə, hansı tərzdə, daha dəqiqi, məhz ictimai qaydanı pozacaq şərait və tərzdə işlədilməsi müəyyən edilməlidir. Hazırkı işdə isə bu hal müəyyən edilməmişdir. Belə ki, mübahisə qohumlar arasında şəxsi münasibətləri zəminində baş vermiş sözlü mübahisə olmuş, bu zaman Şəxs tərəfindən ictimai qaydanı pozan heç bir hərəkət edilməmiş, videogörüntüdən göründüyü qədərilə onun dayısı qızı ilə mübahisəsi zamanı ətrafda ondan və anasından başqa heç kim olmamış, dayısı qızı Aytac Əhədova özü də evdən çölə çıxmamış, pəncərədən öz qohumu ilə mübahisə etmişdir. Nəzərə alınmalıdır ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında da əməlin məhz xuliqanlıq kimi qiymətləndirilməsi ilə bağlı qeyd edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir... Hazırkı işdən görünür ki, barəsində protokol tərtib edilən Şəxs tərəfindən ictimai qaydanı pozan heç bir hərəkət edilmədiyindən polis əməkdaşları hadisə yerinə hər hansı kənar bir şəxsin yox, məhz mübahisənin tərəflərindən Aytac Əhədovanın 102 xidmətinə zəngi əsasında gəlmişdir. Üstəlik, videogörüntüdən görünür ki, Aytac Əhədova 102 xidmətinə hələ Şəxsla anası onun evinin qarşısına gəlib çatmadan zəng etmiş, o, elə çəkilişin əvvəlində Şəxs və anasını polisə zəng etmiş olması ilə hədələmişdir. Yəni polis əməkdaşlarının çağırılma səbəbi heç də onların istinad etdiyi videoçəkilişdən görünən hadisələr olmamışdır. Polis əməkdaşları gəldikdən sonra da Şəxs ictimai qaydanı pozacaq heç bir hərəkətinə şahid olmamış, məhkəmə iclasında dinlənilən polis əməkdaşları da Şəxs polis əməkdaşları çağırış üzrə gəldikdən sonra hansısa ictimai qaydanı pozduğunu, həmin vaxt polis əməkdaşlarının ünvanına hansısa nalayiq ifadə səsləndirdiyini iddia etməmişlər. Onların yeganə iddiası Şəxs çağırış üzrə hadisə yerinə gələn polis əməkdaşlarına tabesizlik göstərməsi, onlarla birlikdə xidməti avtomobilə minib Polis Bölməsinə getməyə etiraz etməsi və bununla əlaqədar polis əməkdaşlarına müqavimət göstərməsi ilə bağlı olmuşdur. Onlara görə bu hal Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Halbuki həmin maddəyə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, qanun polis işçisinin məhz “qanuni tələblərinə” məhz “qəsdən tabe olmamağa görə” məsuliyyət müəyyən etmişdir. Hazırkı işdən isə görünür ki, polis əməkdaşları ictimai qaydanın pozulduğuna birbaşa şahid olmadıqları, ətrafdakı vətəndaşlardan ictimai qaydanın pozulması ilə bağlı heç bir şikayət almadıqları halda mübahisə tərəflərindən birinin hələ mübahisə baş verməzdən əvvəl etdiyi “preventiv” çağırış əsasında hadisə yerinə gedərək, yalnız onlara təqdim edilən videogörüntüdən Şəxs polis əməkdaşları barəsində nalayiq ifadə işlətməsi faktına əsaslanaraq, X7 aparmaq barədə tələb irəli sürmüşlər. Hər nə qədər Şəxs polis əməkdaşlarının bu tələbinə qəsdən tabe olmadığı müəyyən edilməsə də, məhkəmə hesab edir ki, ümumiyyətlə, işin yuxarıda qeyd edilmiş hallarının fonunda polis əməkdaşlarının Şəxs qarşı irəli sürdükləri tələb heç qanuni də olmamışdır. Belə ki, onlar vətəndaşın öz qohumu ilə heç bir ictimai qaydanı pozmadan adi məişət mövzusunda apardığı şəxsi mübahisə gedişində polis əməkdaşları barəsində nalayiq ifadələr işlətməsini əsas gətirərək, X7 aparmaq barədə tələb irəli sürmüş, sonradan onun barəsində inzibati qaydada tutma haqqında protokol tərtib etmişlər. Halbuki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 88.1-ci maddəsinə əsasən, inzibati qaydada tutma inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi məqsədilə tətbiq edilir. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in nə 510-cu, nə də 535.1-ci maddəsinin tərkib əlamətlərinin olması qənaətinə gəlmək mümkün deyil. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Göründüyü kimi, Şəxs təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda Şəxs təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. İXM-in 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.2. inzibati xəta tərkibi olmadıqda. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verməlidir. Həmçinin işdən müəyyən edilir ki, Şəxs inzibati qaydada tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, onun barəsində seçilmiş inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbiri olan inzibati qaydada tutma tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci mаddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bakı Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar