Məhkəmə qərarları › İş №3(010)-311/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-311/2021

15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-311/2021 15.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsi Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən «İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun». Həmin Məcəllənin 100.1.7-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları» göstərilməlidir. Eyni Məcəllənin 100.2-ci maddəsinə əsasən «Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır». Azərbaycan Respublikası İXM-nin 100.3-cu maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir…». Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən «Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur». İş materiallarını nəzərdən keçirərək məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat qanunazidd aparılmış, inzibati xəta haqqında protokol qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət olunmadan tərtib edilmiş, təqdim olunmuş sənədlər isə natamamdır. Təqdim olunmuş sənədlərə Şəxs MMC-yə ünvanlanmış məktub əlavə edilib. Həmin məktubda Şəxs MMC-nin ünvanı kimi «Xətai rayonu, ünvan 1 göstərilir. Məktubda həmin MMC-yə məxsus olan avtomobilin sürücüsünün Azərbaycan Respublikası İXM-nin 328.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi, avtomobili idarə etmiş şəxs barəsində məlumatın verilməsinin xahiş olunduğu, tələb olunan məlumatın 5 gün müddətində verilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində məsuliyyət nəzərdə tutluluğu və s. qeyd olunur. Bundan fərqli olaraq məhkəməyə təqdim olunmuş poçt xəbərnaməsində hansısa məktubun «Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rezervuar 150 ev 5» ünvanına – Şəxsə xx xxxxxx 2020-ci ildə çatdırıldığı göstərilir. Göründüyü kimi, məktubda və poçt xəbərnaməsində göstərilən ünvanlar tamamilə fərqlidirlər. Bu özü-özlüyündə sual doğurur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icraatda iştirakının təmin olunması ilə bağlı real tədbirlər görüldüyü təqdim olunmuş materialla müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, icraat zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından irəli gələn prosessual hüquqları pozulmuşdur. Müvafiq icraat zamanı digər qanun pozuntularına da yol verilib. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Suraxanı Rayon Polis İdarəsinə qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar