Məhkəmə qərarları › İş №3(010)-3129/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3129/2022

13.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3129/2022 13.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 31-ci polis bölməsinin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 31-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 15:00-da Yeni Suraxanı y/m, S.Əliyeva küçəsi 23-də yaşayan A.Bayramovaya məxsus 100 manat dəyərində qaz sobasını oğurlayaraq xırda talama inzibati xətasını törətmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 31-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edimiş qaydada xəbərdar edilmiş iş üzrə zərərçəkmiş şəxs X4 məhkəmə iclasına gəlmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 31-ci polis bölməsinin sahə inspektoru, polis kapitanı X2 bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:00-da Yeni Suraxanı y/m, S.Əliyev küçəsi 23-də yaşayan A.Bayramovaya məxsus 100 manat dəyərində qaz sobasını oğurlayaraq xırda talama inzibati xətasını törətmişdir. Bu barədə X4 ərizə ilə bölməyə müraciət etmişdir. Hazırda tərəflər arasında barışıq yoxdur. Şəxs oğurladığı əşyanı qaytarmaqdan imtina edir və dəymiş ziyanı da ödəmir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, əslində o, qaz sobasını təmir etmək məqsədilə götürmüşdür. Lakin dostu onun təmir haqqını ödəməkdən imtina etdiyi üçün o da qaz sobasını qaytarmamışdır. Sonradan isə dostunun anası ondan şikayətçi olmuşdur. Hazırda qaz sobasını qaytarmamışdır və dəymiş ziyanı da ödəməmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 26 iyul 2022-ci il tarixli qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcələnin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbeh tətbiq oluna bilməyəcək şəxslər kateqoriyasına aid olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1-28.3-cü maddələrinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İctimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Tutma haqqında protokoldan görünür ki, Şəxs 12 avqust 2022-ci il, saat 09:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs 12 avqust 2022-ci il tarixdən həbsdə olduğu 01 gün müddət ona təyin olunacaq ictimai işlər cəzasından çıxılmalı və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə uyğun olaraq zərər şəkmiş şəxslərə izah olunmalıdır ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və ona 170 (bir yüz yetmiş) saat ictimai işlər tənbeh növü tətbiq olunsun. Şəxs 12 avqust 2022-ci il tarixdən həbsdə saxlanıldığı 01 (bir) gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 162 (bir yüz altmış iki) saat ictimai işlər tənbeh növü saxlanılsın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxsə izah olunur ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar