Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3135/2022 31.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankının Şəxs MMC barəsində tərtib etdiyi MN seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC 312000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 312000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibatini xətanı törətməkdə təqsirli bilinmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X2 verdiyi izahatında göstərmişdir ki, Şəxs MMC ilə “CİCEK ELEKTRİK SAN. VE TİC. LTD” arasında 23 iyul 2020-ci il tarixli Satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin ümumi qiyməti 520000 (beş yüz iyirmi min) ABŞ dolları təşkil etmişdir. Müqavilənin şərtinə görə tərəflərindən avans olaraq xx.xx.2020-ci il tarixdə 312000 (üç yüz on iki min) ABŞ dolları ödənilmişdir. ELEKTRİK SAN. VE TİC. LTD tərəfindən Şəxs MMC-yə 325 ədəd 10 metrlik və 1471 ədəd 8 metrlik işıqlandırma dirəyi tədarük edilmişdir. Hazırki vaxta qədər Şəxs MMC tərəfindən CİCEK ELEKTRİK SAN. VE TİC. LTD-yə 338164 (üç yüz otuz səkkiz min yüz altmış dörd) ABŞ dolları ödənilmişdir. Lakin indiyədək CİCEK ELEKTRİK SAN. VE TİC. LTD tərəfindən onlara 210560 (iki yüz on min beş yüz altmış) ABŞ dolları məbləğində işıqlandırma dirəyi tədarük edilmişdir. Hazırda şirkətin Şəxs MMC-yə borcu 109825 (yüz doqquz min səkkiz yüz iyirmi beş) ABŞ dolları təşkil edir. Bu səbəbdən hazırda Bakı Kommesiya Məhkəməsinə CİCEK ELEKTRİK SAN. VE TİC. LTD-yə qarşı iddia ərizəsi ilə müraciət etmişlər. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan da göründüyü kimi, xx.xx.2022-ci il tarixinə qeyd edilən 312000 USD avans ödəniş üzrə toplam olaraq 209680 USD bağlı, 102320 USD isə açıq qalmışdır. Odur ki, Şəxs MMC barəsində tərtib edilmiş protokol qanunsuz və əsassız olduğuna görə, icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclası barədə məlumat verilməsinə bamayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati protokola Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan da göründüyü kimi, xx.xx.2022-ci il tarixinə qeyd edilən 312000 USD avans ödəniş üzrə toplam olaraq 209680 USD bağlı,102320 USD isə açıq qalmışdır. İş materiallarında olan Bakı Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli bildirişindən müəyyən olunur ki, Şəxs MMC CİCEK ELEKTRİK SAN. VE TİC. LTD-yə qarşı iddia ərizəsi ilə müraciət etmiş, işin hazırlıq iclası xx.xx.2002-ci tarixə təyin olunmuşdur. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, Şəxs MMC CİCEK ELEKTRİK SAN. VE TİC. LTD aralarında bağlanmış müqaviləyə uyğun olaraq 312000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş, müqavilə predmeti olan malların bir hissəsini təhvil alınmış, digər hissəsi qüsurlu olduğundan geri qaytarılmış, lakin avans olaraq ödədikləri pulun qalan hissəsi satıcı şirkət tərəfindən qaytarılmamış, bu səbəbdən Şəxs MMC tərəfindən Bakı Kommesiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. İşin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan da göründüyü kimi, xx.xx.2022-ci il tarixinə qeyd edilən 312000 USD avans ödəniş üzrə toplam olaraq 209680 USD bağlı,102320 USD isə açıq qalmışdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi «Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə» məsuliyyət müəyyən edir. İXM-nin yuxarıda göstərilən maddəsində nəzərdə tutulan müddəalar “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə təsdiqlənib. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 fevral 2020-ci il tarixli qərarı ilə Qaydalara dəyişiklik edilərək, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: «qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir». Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilməkdikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq departamentinin aparıcı hüquq məsləhətçisi X3 tərəfindən tərtib edilmiş EP seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolunda göstərilən inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-3135/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3135/2022
31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver